Kapitulyasiya aktının 10-cu ayı: -Ermənistanı revanşdan çəkindirən üç çarpıcı səbəb
İti qovan kimi qovduğumuz işğalçı bir daha geri qayıda bilməyəcək, çünki... Rusiyadakı təhlil mərkəzi “Qafqazda fırtına” kitabında erməni yalanlarını faş etdi: “Bakının qələbəsində həlledici faktor Azərbaycan Ordusu olub...”
Yenixeber.org: Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm hərbi zəfərindən bu gün 10 ay ötür. Düşmən ölkə rəhbərinin imza atdığı 10 noyabr üçtərəfli kapitulyasiya aktındakı öhdəliklərdən neçə vaxtdır yayınmağa, artıq tarixdə qalmış “Dağlıq Qarabağ konflikti”ni bu məqsədlə və israrla siyasi gündəmə qaytarmağa çalışsa da, hədəfinə çata bilməyib. Kapitulyant Ermənistan yazılı sənədlə öz üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirmək zorundadır və yetirəcək. Əsas da iki səbəbdən.
Birincisi, 10 noyabrdan sonra Azərbaycan indi qardaş Türkiyə ilə birgə bölgədə mühüm, vazkeçilməz geosiyasi amil, əsas diktə edən tərəf, Ermənistan isə olan-qalan söz sahibliyini də itirmiş məğlub ölkədir.
İkincisi, İrəvanın əvəzinə söz sahibliyi edən Rusiyanın özü də yeni reallıqla, Azərbaycan əsgərinin yaratdığı təzə statusla barışmaq məcburiyyətindədir. Eləcə də ermənilərin Qərbdəki əsas havadarları - Fransa və digər ermənipərəst güclər. Təsadüfi deyil ki, Rusiya lideri Vladimir Putin hələ keçən il qaynar erməni başlarına xəbərdarlıq edərək deyib ki, 10 noyabr sazişindən imtina, revanş haqda düşünmək Ermənistan üçün özünə-qəsdə, yəni intihara bərabər olar.
*****
Əfsuslar olsun ki, Ermənistan hələ də başına gələn faciələrdən yetərli dərs götürmək istəmir. Ara-sıra İrəvandan verilən bəzi pozitiv siqnallara rəğmən, dərin böhran içində olan bu “izqoy” ölkə yenə öz havadarlarına arxalanır, onların diktəsi ilə köhnə havaya oynayır, məkrli oyunlarda “peşka” olmağa razılıq verir. Qısası, “tarixin təkəri”ni geri döndərməyə çalışır.
Ötən müddət erməni tərəfinin Azərbaycanın halal qələbəsinə kölgə salmaq cəhdlərinin bir an belə ara verməməsi bunun başqa bir sübutudur. Guya Azərbaycan hərbi qələbəni təkbaşına qazanmayıb, az qala Türkiyə, Pakistan, İsrail orduları, üstəgəl, Suriyadan gətirilmiş mifik “muzdlu-terrorçular”, daha kimlər sayəsində buna nail olub, məzlum “artsax xalqı”na total “təcavüz” edib.
Ancaq bu cəhdlərin hamısı iflas oldu və olacaq. Çünki beynəlxalq hüquq da, BMT nizamnaməsi də, tarixi ədalət və real güc də bizim tərəfdədir. Bu da erməni əks-təbliğatını kəsərsiz edən üçüncü vazkeçilməz səbəb.
Belə iddialar isə təbii ki, həm də erməni işğalçı ordusunun cəmi 44 günə rüsvayçı şəkildə darmadağın olmasına haqq qazandırmaq (müharibədə 10 min erməni fərarisi qeydə alınıb!) və bədbəxt erməni xalqına növbəti böyük yalanı danışıb onu çaşdırmaq, aldatmaq, ona yenə gorbagor olmuş “miatsum” haqda uydurmalar danışmaq üçündür. Gerçək budur ki, Rusiya öz satelliti Ermənistanı son anda əlimizdən almasaydı, təcavüzkar ordunun heç qalığı da tapılmayacaqdı!..
*****
Əlbəttə ki, qələbənin şərikləri çox olur, məğlubiyyət isə həmişə “yetim”dir. Necə olur, Azərbaycan torpaqlarını işğal edən “məğlubedilməz erməni ordusu” olur, amma həmin ordunun hərbçilərini öz qabağına qatıb iti qovan kimi qovan, məhv edən Azərbaycan Ordusu yox, hansısa mifik qüvvələr olur?
Doğru, qardaş Türkiyə müasir texnika (PUA-lar), hərbi məsləhətlər sarıdan bizə qiymətli dəstəyini verib. Amma bütün dünya, o sırada müttəfiqlərimiz də bilir ki, əsas güc ordumuza, özümüzə düşüb. 3 min şəhidimizin mübarək ruhu bu xüsusda hər şey demirmi? Deyir. Bu da qənaətimizi gücləndirən daha bir dəlil.
“2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı dronların Azərbaycanın qələbəsinə həlledici töhfə verməsi ilə bağlı bəyanatlar yanlışdır”.
“Yeni Müsavat”ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyadakı Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin çərşənbə günü nəşr etdiyi “Qafqazda fırtına” araşdırmasında deyilir.
“Yalnızca PUA-lar Azərbaycanın səy göstərdiyi uğurlu nəticəni gətirməyib. Bakı öz hədəfinə daha çox aparılan hərbi kampaniya çərçivəsində müasir texnologiyanın düzgün taktiki istifadəsi hesabına çatıb”, - deyə araşdırmada qeyd olunur.
Mərkəz ekspertləri həmçinin 44 günlük qısamüddətli müharibəni PUA-ların yerüstü sistemlər, o sırada zirehli texnika üzərimdə əsas üstünlüyünün qəti sübutu üçün yetərli saymayaraq yazırlar: “Erməni tərəfi özünün qeyri-mütəşəkkil və köhnəlmiş hava hücumundan müdafiə sistemi, yetərli kamfulyaj olmaması və mövqelərini düzgün təchiz etməməsi ilə Azərbaycana PUA-lardan uğurla istifadəyə imkan yaratdı”.
Məqalə müəlliflərinə görə, 44 gündə Azərbaycan uğurlu strateji hücum əməliyyatı aparmağı bacarıb. “Əməliyyata tanklar, digər zirehli maşınlar, müxtəlif artilleriya qurğuları, raket sistemləri və piyada birləşmələrinin istifadəsi də daxil, quru qüvvələri geniş şəkildə cəlb edilmişdi. Həmçinin pilotlu təyyarələr fəal şəkildə istifadə olunurdu”, - deyə təhlildə vurğulanır.
*****
Bir daha yada salaq ki, Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Türkiyə və İsrail istehsalı olan pilotsuz təyyarələrdən fəal istifadə edib.
Zəruri qeyd: maraqlıdır ki, Rusiyadakı analitik qurumun bu təhlilini erməni mediası da yayıb - həm də şərhsiz. Yavaş-yavaş, deyəsən, özləri də öz yalanlarına şübhə eləməyə başlayıblar.
Rusiyadakı mərkəzin obyektiv analitik yazısı bir daha erməni yalanlarını faş edir: 2-ci Qarabağ müharibəsini Azərbaycan əsgəri udub! Qalib - şəriksiz-filansız bizim ordudur, bizim əsgərdir! Erməni özünü ağıllı aparmasa, davamı da gələcək və... böyük nida işarəsi!
“Müsavat”