İrəvan yenə odla oynayır -Bakı 10 noyabr sazişindən çıxsa... - krtik gəlişmə
Ermənistanın təzə ordu qurmaq xülyası - kimə qarşı? “Zəngəzur dəhlizi”ni tezləşdirmək əvəzinə, məğlub ölkə rəsmiləri Bakının əsəblərini sınamaqla məşğuldur; Moskva da naqolay durumda...
Yenixeber.org: Ermənistan rəhbərliyi belə görünür ki, indi də seçkiləri bəhanə edib, 10 noyabr kapitulyasiya sənədi ilə üzərinə götürmüş olduğu bəzi öhdəliklərin altından qaçmağa, əvəzində isə daha çox seçici səsləri qazanmaq naminə avantürist gedişlər etməyə çalışır. Hazırda əsas problemi çörək, iş yeri olan erməni əhaliyə yenə populist vədlər verilməkdədir.
Məsələn, “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, srağagün baş nazir Nikol Paşinyan Zəngəzur (Sünik) bölgəsinin regional rəhbərliyi ilə görüşdə deyib ki, Ermənistan artıq silahlı qüvvələrdə islahatlar üçün Rusiya ilə birgə genişmiqyaslı proqramın həyata keçirilməsinə başlayıb. “Biz bu proqramın reallaşması kontekstində 44 günlük müharibə zamanı qarşılaşdığımız bütün nəticələri nəzərə almalıyıq. Bəli, biz güclü bir orduya, layiqli müttəfiq ordusuna, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün əsas qarantı olacaq orduya malik olmalıyıq. Heç kim Ermənistanı bu yoldan döndərə bilməz, üstəlik də bizim hərbi-siyasi, müttəfiqlik münasibətləri baxımından regional sülhü təmin etmək öhdəliklərimiz var”, - deyə Paşinyan iddialı şəkildə bəyan edib.
*****
Diqqət edildi yəqin ki, N.Paşinyan elə danışır ki, guya 44 günlük müharibəyədək, yaxud ondan illər öncə hansısa dövlət, özəlliklə Azərbaycan və Türkiyə Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünə təhlükə yaradıb. Sanki regional sülhə ən böyük təhlükə də qonşulara qarşı əsassız ərazi iddiaları ilə yaşamağa davam edən Ermənistan yox, Azərbaycan və qardaş Türkiyə imiş.
Əksinə, hələ SSRİ dönəmindən bu yana işğalçılıq siyasəti ilə məhz Ermənistan məşğul olub. Acı nəticə ortadadır: İrəvan apardığı təcavüzkar siyasətə görə artıqlaması ilə cavabını və cəzasını alıb, ordusu və iqtisadiyyatı dağılıb, əhalisi kəskin azalıb və suverenliyinin bütün atributlarını itirərək, faktiki Rusiyanın ucqar quberniyasına çevrilib.
İndi sual ortaya çıxır: kapitulyasiyaya tuş gələn ölkə üstündən 6 ay ötməmiş ordu quruculuğuna həmin siyasətə qayıtmaq üçünmü başlayıb? Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarından birində dediyi kimi, yeni ordu Ermənistanın nəyinə gərəkdir?
*****
Gerçəkdən də hazırda məğlub və kasıb ölkə üçün ən azı, yaxın 10 ildə bir nömrəli problem - milyardlarla dollar vəsait tələb edən ordu quruculuğu yox, blokadadan və iqtisadi böhrandan çıxmaq, yoxsulluğu minimuma endirmək və kütləvi köçü önləməkdir. Bu isə Azərbaycan və Türkiyə ilə tam həcmdə əlaqələr və əməkdaşlıq qurulmadan qeyri-mümkündür.
Di gəl ki, 10 noyabr və 11 yanvar üçtərəfli sazişləri ilə nəzərdə tutulan kommunikasiyaların açılmasına ən böyük əngəl, nə qədər qəribə görünsə də, elə Ermənistanın özüdür. Halbuki həmin sənədlərdə, məsələn, “Laçın dəhlizi”nin “Zəngəzur dəhlizi”nə qarşılıq (əvəz) olaraq yaradılması nəzərdə tutulur.
Yəni Azərbaycan öz suveren ərazisindən quru dəhlizə razılıq veribsə, Ermənistan da Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən dəhlizlə bağlı öz üzərinə yazılı öhdəlik götürüb. Bu isə artıq könüllülük məsələsi deyil və Ermənistana kim rəhbərlik edir-etsin, yaxud seçkilər olsun-olmasın, tezliklə reallaşmalıdır. Azərbaycanın dövlət başçısı AzTV-yə son müsahibəsində öncəliklə bu kontekstdə bəyan edib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.
Əks təqdirdə, Bakının əlində bütün əsaslar olacaq ki, Laçın dəhlizini qapatsın, hətta 10 noyabr sazişindən çıxsın və həmin tarixdə qaldığı yerdən yola davam eləsin. O halda təbii ki, Rusiya sülhməramlıları da bölgəni tərk eləməli olacaq. Bu isə Moskvanın regiondakı maraqlarına daban-dabana ziddir və onu naqolay duruma sala bilər.
Demək, qarantor ölkə kimi Rusiya məğlub Ermənistanı ağla gətirib, götürdüyü bütün öhdəliklərin hamısını yerinə yetirməyə vadar eləməlidir. Həm də maksimum qısa zamanda. Yoxsa “dəmir yumruq” öz yerindədir və zərrəcə “pas atıb” eləməyib...
*****
“Azərbaycan Zəngəzur dəhlizi məsələsindən geri addım atmayacaq. Xüsusilə Prezidentin Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir" sözləri rəsmi Bakının bu məsələdə nə qədər qərarlı olduğunu sübut edir".
Qabil Hüseynli
Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İlham Əliyevin AzTV-yə müsahibəsi haqda danışarkən deyib. Onun sözlərinə görə, bu gün Ermənistanda elə bir təsəvvür var ki, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi, sadəcə, rəsmi İrəvanı qorxutmaq məqsədi daşıyır: “Reallıq isə tam fərqlidir. Əvvəla, Prezidentin dediyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Təbii ki, indi beynəlxalq vəziyyət tam fərqlidir. Misal üçün, Zəngəzur bu gün Ermənistanın ərazisi kimi tanınır. Rəsmi Bakı da bunu belə qəbul edir. Lakin bu, nə Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, nə də gec-tez azərbaycanlıların bu ərazilərə qayıdacağı gerçəyini dəyişir".
Politoloqa görə, bu gün Ermənistanda bəzi ultra-millətçi siyasətçilər xəstə fikirləri ilə erməni ictimaiyyətində boş qorxu yaradırlar ki, Azərbaycan Prezidenti Zəngəzuru hərbi yolla işğal etmək istəyir. “Əslində onları qınamaq da olmur. Çünki onlar üçün bir torpağa qayıtmaq, sadəcə, işğal, hərbi güc yolu ilə ola bilər. Halbuki Azərbaycan bu gün diplomatik olaraq Zəngəzura qayıdıb. 10 noyabr bəyanatında qeyd olunan Zəngəzur dəhlizinin açılması faktiki olaraq bizə bu imkanı verir", - deyə Q.Hüseynli vurğulayıb.
Ermənilər isə Zəngəzurda qalıb yaşamaq istəyirlərsə, nəhayət, daşı ətəklərindən tökməli, müharibə və yeni işğalçı ordu yaratmaq barədə xəyallar qurmaq yox, sülh və əməkdaşlıq haqda düşünməlidirlər. Həm də tez...
“Müsavat”