Rəsmi Bakı Ermənistanda seçki keçirir: Yeni üçtərəfli sənəd ilə bağlı iddialar qələbə faktoruna çevrilir
Paşinyan hakimiyyəti də, onun siyasi rəqibləri də Azərbaycandan asılı vəziyyətə düşməyə başlayıblar; Rəsmi Bakının qərarları, atacağı addımlar qalibi və məğlubu müəyyən edə biləcək əsas amildir...
Yenixeber.org: Ermənistan yenə qarışdı. Bu düşmən ölkədə növbədənkənar parlament seçkilərinin taleyi ciddi şübhələr doğurmağa başlayıb. Və hazırda Ermənistan cəmiyyətində seçkilərdən daha çox qarşılıqlı ittihamlar ön plana keçməkdədir.
Məsələ ondadır ki, rəsmi İrəvanın "stəkanda fırtına avantürası" artıq iflasa uğramaq üzrədir. KTMT-ya bəslənən ümidlər yenə puç oldu. Bu hərbi-siyasi blok Ermənistana sərhəd böhranında dəstək olmadı.
Əksinə, KTMT-nın şəriksiz patronu Rusiya Ermənistana Azərbaycan ilə sərhədlərin mümkün qədər tez bir zamanda demarkasiya etməyi məsləhət gördü. Bununla da Kreml Azərbaycanın haqlı olduğunu dolayısı ilə etiraf etmiş oldu. Və rəsmi İrəvana da yeni regional şərtlərlə barışmağın qaçılmazlığını mesaj verdi.
Halbuki rəsmi İrəvan Rusiyaya böyük ümidlər bağlamışdı. Fransa prezidenti Emmanuel Makronun erməni dilində yazdığı sosial şəbəkə statusundan şirniklənən rəsmi İrəvan Kremlin də analoji davranış ehtimalına inanmağa başlamışdı. Ancaq sonra Ermənistan siyasi dairələri də etiraf etməli oldular ki, Fransa prezidentindən fərqli olaraq, Kremldə erməni dilində danışmağı bilmirlər. Yəni rəsmi İrəvan və Kreml tamamilə fərqli siyasi dil qrupuna daxildirlər.
Nəticədə rəsmi İrəvanın beynəlxalq səviyyədə qaldırmağa çalışdığı "stəkanda fırtına" indi Ermənistan daxilində "siyasi qasırğa"ya çevrilməyə başlayıb. Paşinyan hakimiyyəti siyasi rəqibləri tərəfindən Ermənistanın milli maraqlarını öz siyasi mənafelərinə qurban verməkdə suçlanır. Hətta bu suçlamanı hələlik rəsmən məzmunu məlum olmayan yeni sənəd barədə iddialar ilə gücləndirməyə çalışırlar.
Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Ermənistan üçün təslimçilik məzmunu daşıyan yeni üçtərəfli sənədin imzalanmasına hazırlıq aparıldığını vurğulayıb. Onun iddiasına görə, sənəd imzalanmaq üçün tam hazır vəziyyətdədir.
Maraqlıdır ki, sənədin məzmunu tam məlum olmasa da, keçmiş erməni səfir bəzi mülahizələrini açıqlayıb. Onun iddiasına görə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə müxtəlif vədlər verib. Və indi həmin vədləri yerinə yetirmək məcburiyyətində qalıb.
M.Minasyan iddia edir ki, bu ilin yanvar ayında keçirilən Moskva görüşündə N.Paşinyan vəd edib ki, dövlət sərhədlərinin ən qısa zamanda demarkasiyasına nail olacaq. Hətta erməni baş nazir özünün bunu legitim şəkildə edə biləcək yeganə erməni olduğunu da vurğulayıb. Eyni zamanda, N.Paşinyan demarkasiya prosesində yarana biləcək mübahisəli məsələlər ilə bağlı beynəlxalq səviyyədə hay-küy salmayacağını, ikitərəfli anlaşma çərçivəsində bütün problemlərin öz həllini tapacağını da vəd edib.
Ən önəmli məqam isə odur ki, M.Minasyanın iddialaına görə, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizi barədə də rəsmi Bakıya tam təminat verib. Ancaq sonradan baş nazir Nikol Paşinyan verdiyi vədlərin yerinə yetirilməsi üçün əlavə vaxt tələb etməyə başlayıb. Səbəb kimi isə Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərini göstərib.
Nəticədə bu səbəblə razılaşmayan rəsmi Bakı sərhədlərin demarkasiya prosesinə təktərəfli şəkildə start verib. Bundan qorxuya düşən N.Paşinyan panika şəkildə Kremlə şikayət etdikdəsə, "Əgər, yerinə yetirə bilməyəcəkdinsə, niyə vəd verirdin? İndi Rusiya Ermənistan üçün nə edə bilər" sualları ilə qarşılaşıb.
Göründüyü kimi, olduqca maraqlı iddialardır. Ancaq bu iddialarda həqiqət payının nə qədər olduğu da istər-istəməz maraq doğurur. Çünki bütün bu iddiaların müəllifi məhz Paşinyan hakimiyyətinə müxalif düşərgədə yer alan keçmiş erməni səfirdir.
Əlbəttə ki, M.Minasyan Paşinyan hakimiyyətini daha da ağır siyasi böhran ilə üzləşdirmək üçün bəzi detallar barədə də bəhs edir. Ancaq seçkiqabağı təbliğat vasitəsi ola biləcəyindən və hələlik rəsmən təsdiqlənmədiyindən həmin detallar barədə daha inandırıcı məlumatların gözlənilməsinə ehtiyac var. Halbuki, M.Minasyanın iddiaları arasında özünü artıq doğruldanlar da olmamış deyil.
Məsələ ondadır ki, yeni üçtərəfli sənədin imzalanacağı barədə məlumat artıq rəsmən etiraf edilib. Baş nazir Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan arasında yeni anlaşmanın imzalana biləcəyini təsdiqləyib.
Onun fikrincə, bu məsələnin siyasi müstəvidə qarşıdurma mövzusuna çevirmək cəhdləri məqsədyönlü xarakter daşıyır: "Əgər, yeni sənəd Ermənistanın əleyhinədirlər, niyə onu tam şəkildə ictimailəşdirmirlər? Bu sənəd onu yayanların əlinə yalnız Azərbaycan vasitəsilə keçə bilərdi. Rəsmi Bakı Ermənistanda bəzi şəxslərdən siyasi qarşıdurmanı gücləndirmək məqsədilə agent kimi istifadə edir".
Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan M.Minasyanı və onun arxasında olan siyasi qüvvələri Azərbaycanın maraqlarına xidmət etməkdə suçlayır. Yəni, Ermənistanın əleyhinə yeni sənəd imzalamaqda suçlanan erməni baş nazir öz siyasi rəqiblərini xəyanətdə ittiham edir. Və yəqin ki, bütün bunlar növbədənkənar parlament seçkilərinə birbaşa təsir göstərə bilər.
Ona görə də, belə hesab etmək olar ki, əslində, Ermənistanda keçiriləcək seçkilərin taleyi böyük ölçüdə rəsmi Bakının mövqeyindən asılı olacaq. Hər halda, rəsmi Bakı Ermənistanda siyasi proseslərə birbaşa təsir göstərmək imkanlarını növbəti dəfə təsdiqləmiş oldu. Hətta rəsmi Bakı seçkilərin yekun nəticələrini müəyyən etmək baxımından, ermənilərin özlərindən daha çox imkanlara malikdir.
Artıq Ermənistanda Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarının başlanmaqda olduğu müşahidə olunur. Siyasi rəqibləri Paşinyan hakimiyyətini Azərbaycanla gizli anlaşmada suçlayır. Ermənistan prezidenti Armen Sarkisyanın belə bir anlaşma barədə mətbuatdan məlumat aldığını bəyanlamaqla, siyasi qarşıdurmanın daha da intensivləşmısinə əlavə impulslar verir.
Bütün bunlar onu göstərir ki, indi Paşinyan hakimiyyəti də, onun siyasi rəqibləri də rəsmi Bakıdan asılı vəziyyətə düşməyə başlayıblar. Çünki rəsmi Bakının qərarları və atacağı addımlar təbliğat və əkstəbliğat təsiri baxımdan, Ermənistanda qələbə şansı yüksək olan siyasi qüvvəni seçkilərin məğlubuna da çevirə bilər. Eyni zamanda, qələbə şansı olmayan siyasi qüvvənin də favorit statusuna keçirilməsi mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert