Paşinyan Türkiyə üzərindən yenə Qərbə can atır: Rusiya növbəti “erməni xəyanəti” ilə üzləşə bilər
Rəsmi İrəvan tərəddüdlü şəkildə də olsa, “alternativ pənçərə” axtarışını davam etdirir; Ermənistan ya Rusiyanın regional forpostu kimi qalacaq, ya da ilk imkandan istifadə edib, fərqli şərtlər altında inkişaf etmək şansını sınaqdan çıxartmalı olacaq...
Yenixeber.org: Ermənistan konkret seçim etməkdə çətinlik çəkir. Rəsmi İrəvan Rusiya və Qərbə münasibətdə tərəddüd keçirir. Və bu tərəddüd ucbatından da öz gələcək taleyinin müəyyən olunmasını gecikdirir.
Məsələ ondadır ki, hazırda rəsmi İrəvan Rusiyanı Ermənistanın regional təhlükəsizliyinin yeganə qarantı hesab edir. Kremlin dəstəyini almağa can atır və buna müəyyən mənada, nail olmuş kimi görünür. Və bu münasibətləri daha da dərinləşdirməkdə maraqlı olduğunu bəyan edir.
Ancaq Paşinyan hakimiyyətinin Rusiya ilə daha dərin münasibətlər məsələsində səmimi olmadığını Kremldə də tam dəqiqliyi ilə bilirlər. Ermənistanın Rusiyaya ilə hərbi müttəfiqliyinin məcburiyyətdən qaynaqlandığı qətiyyən şübhə doğurmur.
Çünki Rusiya-Ermənistan münasibətləri bərabərhüquqlu əsaslara söykənmir. İndiki şərtlər altında Ermənistan Rusiyanın regional for-postu statusunda qalmaqda, Kremlin təlimatlarını yerinə yetirməyə məcburdur. Üstəlik, bütün bunlar Ermənistana inkiişaf perspektivləri vəd etmir, əksinə, onları bloklayır.
Ona görə də, Paşinyan hakimiyyətinin tərəddüdlü şəkildə də olsa, “alternativ pənçərələr” axtarışında olduğu nəzərə çarpır. Belə anlaşılır ki, rəsmi İrəvan ilk imkanda Rusiyanın təsir dairəsindən tamamilə qopmağa çalışacaq. Və bu istiqamətdə artıq müəyyən hazırlığın olduğu da qətiyyən diqqətdən yayınmır.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri son vaxtlar Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılması məsələsini gündəmə gətirməyə başlayıblar. Hətta baş nazir Nikol Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduğunu da açıq mətnlə bəyan edib. Və bu, Rusiyanın hakim dairələrində ciddi narazılıqla qarşılanıb.
Düzdür, hazırda rəsmi İrəvan Rusiya ilə mümkün qədər üzüyola davranmaq məcburiyyətindədir. Hər halda, Azərbaycanın hərbi qüdrəti qarşısında Ermənistanın sığına biləcəyi başqa ünvan yoxdur. Üstəlik, hazırda Rusiya Ermənistana 44 günlük savaşda darmadağın edilmiş ordunu rekonstruksiya etməkdə yardım göstərir. Ermənistana yenidən hərbi texnika göndərir.
Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi də bunu artıq təsdiqləyib. Ancaq göndərilən hərbi texnika növləri barədə konkret açıqlama verməkdən yayınıb. Bu isə qətiyyən təəccüblü və gözlənilməz deyil.
Ən azından ona görə ki, Rusiyanın Ermənistana hansı hərbi texnika növlərini hədiyyə edə biləcəyi onsuz da hər kəsə bəllidir. Azərbaycan ordusu həmin hərbi texnika ilə 44 günlük savaş dövründə qarşılaşıb, əksəriyyətini də elə bir çətinlik çəkmədən məhv edib. İndi Rusiyanın Ermənistana göndərdiyi silahların son 30 ildə verdiyindən ciddi şəkildə fərqlənəcəyi qətiyyən inandırıcı deyil. Rusiya yenə də öz ordusunun arsenalından çıxarılmış köhnə silahları Ermənistana hədiyyə edir.
Ermənistanda da anlayırlar ki, Rusiyanın metallalom vəziyyətində olan köhnə hərbi texnikası ilə Azərbaycanla hətta hərbi balansı belə təmin etmək mümkün deyil. Ona görə də, daha etibarlı hərbi təhlükəsizlik sisteminin qurulması vacibdir. Ermənistan mətbuatının məlumatına görə, Paşinyan hakimiyyəti belə bir sistemə yalnız Qərbin “təhlükəsizlik şineli”nin altına girildikdən sona nail olmağın mümkünlüyünü düşünür.
Ancaq bu, o qədər də asan məsələ deyil. Ən azından ona görə ki, Ermənistanın Qərbə “pəncərə”si yoxdur. Rəsmi İrəvan belə bir “pəncərə”yə yalnız Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırdıqdan sonra nail ola bilər. Üstəlik bu, həm də Ermənistan üçün Azərbaycan və Türkiyədən gözlənilən hərbi təhlükənin böyük ölçüdə neytrallaşdırılması anlamına da gəlir.
Ona görə də, erməni baş nazirin bir neçə gün öncə Türkiyə ilə heç bir ilkin şərt irəli sürmədən münasibətləri bərpa etməyə hazır olduğunu təkrarlaması tamamilə başadüşüləndir. Belə bir təklif hələ 44 günlük savaşın başa çatdığı ilk günlərdə də irəli sürülmüşdü. Və qeyd olunmuşdu ki, Türkiyə ilə münasibətlərin kəsilməsinə yol açan əsas səbəblər artıq ortadan qaldırılıb. Açıq deyilməsə də, burada təbii ki, Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü təmin etməsi nəzərdə tutulurdu.
Ancaq bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətinin Türkiyə ilə heç bir şərt irəli sürülmədən münasibətlərin bərpa edilməsi təklifi hələlik real qarşılığını tapa bilməz. Düzdür, rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin bərpasına tamamilə müsbət yanaşdığını qətiyyən gizlətmir. Bununla belə, Türkiyənin bu məsələnin şərtlər irəli sürülmədən həll olunmasına razılaşa biləcəyi də inandırıcı deyil. Çünki Ermənistan Türkiyəyə yönəlik ərazi iddialarından hələ imtina etməyib. Və rəsmi Ankara bu kimi problemlər qaldığı təqdirdə, Ermənistana “nəfəslik” açmağa qətiyyən həvəs göstərməz.
Deməli, indi Paşinyan hakimiyyəti məhz bu məsələnin həlli istiqamətində də ciddi səylər göstərmək məcburiyyətindədir. Ən azından erməni baş nazir müxtəlif siyasi manevrlərlə Ermənistan cəmiyyətini Türkiyəyə yönəlik iddialardan imtinaya hazırlamaq barədə də düşünməlidir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankaranı Türkiyə və Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması və s. kimi geostrateji əhəmiyyət daşıyan bəzi məsələlər də yaxından maraqlandırır.
Bütün bunları nəzərə aldıqda, baş nazir N.Paşinyanı çətin günlərin gözlədiyi qətiyyən şübhə doğurmur. Çünki, görünən odur ki, erməni baş nazir Ermənistanı Ruisyanın təsir dairəsindən qoparıb, Qərbə inteqrasiya niyyətindən qətiyyən imtina etməyib. Belə bir şansın qazanılması yalnız Türkiyə ilə münasibətlərin bərpası variantında mümkün ola bilər.
Buna nail olmaq üçün isə N.Paşinyan ilk növbəti Ermənistan çəmiyyətinin radikal qanadının müqavimətini qırmaq məcburiyyətindədir. Eyni zamanda, erməni baş nazirin Rusiyanın qəzəbindən yayınmaq barədə də düşünməsi lazım gələcək. Onun buna nail olub-olmayacağı isə Ermənistanın gələcək taleyini müəyyən edəcək. Yəni, Ermənistan ya Rusiyanın regional forpostu kimi qalacaq, ya da fərqli şərtlər altında inkişaf etmək şansını sınaqdan çıxartmalı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert