Elman Rüstəmova- İTTİHAM
Son günlərdə bankların lisenziyasının ləğv olunması Azərbaycanı ağır pandemiya şəraitində daha da çətin vəziyyətə salır.
Yenixeber.org: Azərbaycan Mərkəzi bankı (AMB) tərəfindən lisenziyası ləğv olunan "AtaBank" və "AmrahBank"ın müştəriləri bankın qapısını kəsərək haqlarını tələb edir. Bu isə pandemiya dövründə insanların karantin qaydalarını pozmasına gətirib çıxarır.
Belə ki, hazırda iflic vəziyyətə salınan bank sahəsi uzun müddət özünə gələ bilməyəcək. Lisenziyaların ləğv olunması düzgün qərar olsa da, bu pandemiya dövründə və iqtisadi böhran vaxtı atılacaq addım olmamalı idi. Lisenziyaları ləğv olunan banklardan başqa "NBC Bank" və "AG Bank"ın da vəziyyətini çətinləşdirən, eyni zamanda əhalinin pullarını bloklayan AMB insanların banklara olan güvəninin daha da sarsılmasına səbəb olur.
"NBC Bank" və "AG Bank"da bütün bankomatlar boşaldılaraq fəaliyyəti dayandırılıb, hər iki banka aid olan plastik kartlar bloklanıb, filiallardakı bütün vəsait baş ofisə toplanıb və s. Bu və bu kimi səhv qərarlara görə maaşlarını sözügedən banklardan alan şəxslər pulsuz qalıb, əmanət yerləşdirənlər isə təşviş içindədir.
Koronovirus pandemiyasından əziyyət çəkən iş yerlərinin işçilərinə dövlət tərəfindən ayrılmış 250 manat vəsaiti də ala bilməyən şəxslər saytımıza müraciət edərək kömək istəyir.
Araşdırmalar nəticəsində məlum oldu ki, AMB-nin qərarı ilə bankda dövlət yardımından başqa maaş kartları da bloklanıb və bu ağır günlərdə əhali daha da çətin vəziyyətə düşüb.
Əldə etdiyimiz məlumata görə, banklardan birinin daxilində AMB əməkdaşları və bank işçiləri arasında insident baş verib. Bunun da nəticəsində bank əməkdaşları ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazaraq yardım istəyib.
Bu barədə hüquqşünas Aslan İsmayılov da danışaraq prosesin səhv olduğunu bildirib:
"Məhz krizis dövründə banklara dəstək olmaq lazımdır ki, onlar da böhrandan çıxmaq üçün sahibkarlığa dəstək olsunlar. Belə bir dövrdə bankların çökməsi isə əsasən kiçik və orta sahibkarlığın məhv olunması deməkdir, çünki onsuz da oliqarx-məmur biznesmenlərin öz bankları var və onların heç bir kreditə ehtiyacları yoxdur. Hamı bilir ki, 2015-ci il devalvasiyalarından sonra ölkədə kiçik və orta biznes çökdü və bununla da real sektoru maliyyələşdirən bankların maliyyə durumu ağırlaşdı. Ancaq son dövrlər orta və kişik biznes dirilməyə, banklara olan borclarını qaytarmağa başlamışdı. İndi də koronavirusla bağlı tətbiq edilən qadağalar bu biznesi yenə çökdürdü və bunlar da öz növbəsində banklara olan borclarını qaytara bilmir və bankların kapital çatışmazlığı problemləri yaranır. Belə bir məqamda bankların “kapital çatışmazlığı” bəhanəsilə bağlanması isə ağılsızlıqdır. Normalda Mərkəzi Bank bu gün banklara dəstək olmaqla həm onları ayaqda saxlamış, həm də kiçik və orta biznesin tam məhv olmasının qarşısını almış olardı.
Bir hüquqşünas kimi qətiyyətlə deyirəm ki, ölkədə bank sistemini çökdürən əsas amil rüşvətxor məhkəmə sistemidir. Məhz real sektoru maliyyələşdirən banklar girova qoyulmuş əmlaklar hesabına kreditlərini qaytarmaq üçün illərlə məhkəmələrdə sürünürlər, çünki məhkəmələrdə önəmli olan bağlanmış kredit müqavilələri yox, verilən rüşvətlərdir.
Bu gün adı hallanan 4 bankın sırasında real sektora ən çox kredit ayıran bankın yer aldığı bir məqamda, nədənsə istehlak sektoruna, yəni öz qohumlarına, dost-tanışlarına kredit verən, bütün göstəricilərinə görə həmin bankdan geridə olan bankların adı yoxdur.
Nəhayət, düşünürəm ki, bu gün E.Rüstəmovun bankları bağlamaqda məqsədi biznes mühitinin yaxşılaşdırılması yox, vəziyyətdən istifadə edib özünə və dost tanışlarına rəqib olan bankları sıradan çıxartmaqdır. Baş vermiş hadisə ilə bağlı məsləhətləşdiyim bir neçə iş adamı da dediklərimi təsdiqlədilər. Ondan başqa özüm dəfələrlə kreditlər götürmüş şəxs kimi də bunun şahidiyəm. Bağlanmaqda olan bankların hamısını demirəm, konkret tanıdığım bir bank iş üslubuna, biznes mühitinə görə, E.Rüstəmovun özünə və dostlarına məxsus banklardan dəfələrlə peşəkar və şəffafdır. Bundan başqa hesab edirəm ki, E.Rüstəmov bu yolla həm də onun şəxsən özünə rəqib olan bank sahiblərini aradan çıxartmaq istəyir", - deyə hüquqşünas bildirib.Kommersant.az