Daha 2 bank bağlanır, qalanları birləşir
Azərbaycanda iki böyük devalvasiya hadisəsinin bank sektoruna vurduğu ziyanlar bir neçə müddətdir ki müxtəlif səviyyələrdə müzakirə olunur.
Xeberinfo.com: Məlumata görə, böhran şəraiti ilə əlaqədar vəziyyətdən çıxış yolu kimi bankların birləşməsi məsələsi yenidən aktuallaşıb. Əldə etdiyimiz məlumata görə, artıq Mərkəzi Bank bank rəhbərləri ilə görüşərək onların birləşməsi istiqamətində danışıqlar aparır. Bank rəhbərlərinə ilk növbədə, kapitallarının artırılması təklif edilir. Əgər buna imkanları yoxdursa, onların birləşməsi tövsiyə edilir.
İlkin məlumata görə, Mərkəzi Bank “Unibank”la - “Texnikabank”ın, “Bank of Baku” ilə - “AFB” Bankın birləşməsini onların rəhbər şəxslərinə tövsiyə edib.
Bank rəhbərləri isə, təkliflərə bir o qədər müsbət baxmır. Onların birləşmə prosesinin çətin olduğunu, bunun üçün uzun zaman müddət tələb etdiyini əsas gətirərək təklifi müsbət dəyərləndirməyiblər.
Xatırladaq ki, bankların sonuncu birləşməsi hadisəsi 2000-ci illərin əvvəllərində baş vermişdi. O vaxtdan bəri birləşmə hadisəsi yox, Mərkəzi Bank tərəfindən bir neçə bankın lisenziyasının ləğv edilməsi prosesinə şahid olmuşuq.
Elə ilin əvvəlindən başlayaraq Mərkəzi Bank iki bankın lisenziyasını ləğv edib. Bunlar “Bank of Azerbaijan” və “Gəncəbank”dır. Mərkəzi Bank daha iki bankın “NBC” və “United Kredit” bankın lisenziyasını da yaxın günlərdə ləğv edəcək.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov isə "AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolunun imzalandığını deyib.
Müşahidələr onu göstərir ki, bu şəraitdə daha bir neçə bankın bağlanması prosesi qaçılmaz olacaq. Qeyd edək ki, ölkədə hazırda 41 bank fəaliyyət göstərir. Ekspertlər zaman- zaman bu sayda bankların Azərbaycan üçün çox olduğunu əsas gətirərək onların birləşməsini təklif ediblər.
Qeyd edirlər ki, 20-25 bank Azərbaycan üçün yetərlidir.
Belə vəziyyətdə birləşmə bankların maliyyə dayanıqlığının möhkəmlənməsinə gətirib çıxarar. Burada əsas meyar isə iri bankların zəif banklarla birləşməsi deyil, bir neçə orta bankın bir- biri ilə birləşməsi olmalıdır. Belə olarsa, bank sektoru çətin vəziyyətdən çıxa bilər.
Qeyd edək ki, bankların sayının çoxluğuna görə, Azərbaycan MDB məkanında üçüncü yerdədir. Birinci yer Rusiyanın, ikinci yer isə Ukraynanındır. Qazaxıstanda 38, Latviyada 24, Gürcüstanda 21 bank fəaliyyət göstərir.