"İnvest A" MMC-nin özbaşınalığı nə vaxta kimi davam edəcək?-Problem
Abşeron rayon İcra Hakimiyyəti başçısının 165 saylı 22 fevral 2008-ci il tarixli Sərəncamına əsasən layihələndirilməsinə və tikintisinə icazə verilmiş, "İnvest A" MMC-nə məxsus Masazır Bələdiyyəsi ərazisində 16,98 ha torpaq sahəsində inşa olunmuş fərdi evlərdən ibarət "Park Solero" yaşayış kompleksi ilə bağlı narazılıqlar böyüyür.
Yenixeber.org: Sövdələşmiş "İnvestA" MMC tikinti şirkəti ilə "Bank Respublika" ASC-nin vətəndaşları aldadaraq onlara ziyan vurması və eləcə də gəlirlərini vergidən gizlətmələri barədə daha əvvəl saytımızda gedən yazılar və mövzu ilə əlaqəli araşdırmalarımızın gedişatına çox ciddi əngəllər mane olur. Artıq aşkarcasına bəllidir ki, tikinti şirkətinin vergidən yayınmasına şərait yaradan, sonradan isə vətəndaşların mənafeyinə zərər vurulmasının qarşısını almağa çalışmayan "Bank Respublika" və Abşeron rayon İcra Hakimiyyəti cinayəti bilib ört-basdır etmiş və hələ də gizlətməkdədir. O da bəlirlənib ki, şikayətlərin ünvanlandığı cinayət təqibi orqanları, məhkəmələr hər vəchlə "İnvest A" MMC-ni məsuliyyətdən kənarda saxlamağa, aldadılan vətəndaşların əlinə "İnvest A" MMC-nə qarşı hüquq müstəvisində dava açmaq mexanizminin keçməməsinə çalışırlar. Sorumlu instansiyaların tikinti şirkətinə bunca qayğılı münasibətinin səbəbini özümüz anlamağa çalışmışdıq və belə qənaətə gəlmişdik: - ya şirkətin arxasında yüksək mənsəbli, "toxunulmazlıq" statuslu məmur-oliqarx durur, ya da ortada nəzarət edici, cəza təyin edici şəxslərin maraqlarını təmin edən korrupsiya amili mövcuddur. Biz isə aidiyyati instansiyalara sorğu göndərməkdə davam edirik. 18.10.2018 tarixli 10/164 nömrəli məktubla Şəhərsalma və Arxitektura Komitəsinə,elə həmən tarixdə 10/163 nömrəli növbəti məktubla da tikintiyə ipoteka ayırmış "Bank Respublika" ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdik.Şəhərsalma və Arxitektura Komitəsindən gələn cavabda sözügedən məsələlərin onlara aid olmadığı, məktubumuzun araşdırılması üçün Abşeron RİH-nə göndərildiyi bildirildi.Abşeron rayon icra hakimiyyətindən isə hələ ki heç bir rəsmi cavab yoxdur. Göründüyü kimi, faktiki olaraq 250 nəfər adamın aldadılması olayına dövlər qurumları susqunluq göstərir.250 vətəndaşın haqqı tapdanılır. Mövzu ilə əlaqəli qələmə aldığımız əvvəlki yazılarımızdan da oxucularımıza məlumdur ki, vəzifələri sırasına məhz nəzarətedicilik funksiyası da daxil olan dövlət orqanları bu məsələdə işbaz sövdəgərlərə loyal mövqe tutublar və necə deyərlər, "qatığı qara görürlər".(mediatv.az)