Üç həmyerlinin cinayət tərkibli əməlində... -FOTO//VİDEO
Ulu öndər Heydər Əliyev çıxışlarından birində ağacın ekologiya üçün, insanların sağlamlığı üçün faydalarından danışaraq, "Ağac kəsiləndə, elə bilirəm sağ qolumu kəsirlər" - deyə vurğulamışdı.
Yenixeber.org: İndi görün bizim sırf bu işlər üçün - yəni ekologiyamızı qorumalı, bunun üçün faydalı işlər görməli, yaşıllıqları, meşələri mühafizə etməli və daha da inkişaf etdirilməli olan və dövlətdən maliyyələşən dövlət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətli əməkdaşları nə işlər görürlər?!...
Bunları bir-bir sadalamağa əslində ehtiyac yoxdur. Çünki, dəfələrlə bu barədə həm ictimaiyyətə, həm nazirliyin özünə, həm də Baş Prokurorluğa məlumat vermişik. Bütün bunlara baxmayaraq, hələ də Daşkəsən rayon Çanaqçı kəndinin yaxınlığında, çayın məcrasında tikilmiş villa və çayın axın istiqamətinin süni şəkildə dəyişdirilməsi barəsində rəsmi sənədlərə əsaslanan bir açıqlama yoxdur. Bundan əlavə Bakının Nəsimi rayonu 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən, "köhnə hamam" deyilən ərazinin "ağaclardan təmizlənməsi" və yerində özəl şirkət tərəfindən iaşə obyektinin inşasına başlanması, Samux rayon Nabiağalı qəsəbəsində meşə zolağının ümumiyyətlə məhv edilməsi və ərazisinin "pay torpağı" kimi təsərrüfat məqsədli istifadə edilməsi, Oğuz meşələrində ağacların kəsilməsi və elə meşənin içindəcə kömür hazırlanması və sair bütün bunlar hamısı Ekologiya Nazirliyinin bilə-bilə "göz yumduğu" ekoloji ziyanların cüzi bir hissəsidir. Hələ bu harasıdır?! 2020-ci ilin sonlarında saytımızda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində, Qurtuluş küçəsindəki istirahət parkının ləğv edilməsi və çoxillik yaşıllıq ağaclarının kökünə mazut tərkibli maddələr tökülməklə məhv edilməsi barəsində məlumat yayımlamışdıq.
İnzibati binanın önündə cinayət xarakterli əməl
Hansı ki, o zamanlar biz 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə də bu barədə məlumat vermişdik. İdarədən bizə cavab olaraq, ağacların köklərindən nümunələrin götürülüb, ekspertizaya göndərildiyini və ekspertizanın da faktı təsdiqlədiyini bildirmişdilər. Eyni zamanda bütün baş verənlər cinayət tərkibi yaratdığında, idarə tərəfindən güya hüquq-mühafizə orqanlarına da artıq müraciət edildiyini vurğulamışdılar. Sən demə bu sadəcə bizi susdurmaq üçün uydurulmuş bir yalan imiş. Heç bir quruma, heç bir məlumat verilməyibmiş.
Gələk bu arxayınçılığın səbəbinə !
Demək, ağacların köklərinə yandırıcı maddələr töküldüyü ərəfədə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsində Rafael adlı şəxs çalışırdı. Rafael vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, onu müvəqqəti olaraq, müavini Əlizamin adlı şəxs əvəz edib. Müdir vəzifəsini əvəzedici olaraq, Elizaminin icra etdiyi ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olduğu üçün sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazini Mühafizə Xidmətinin səlahiyyətli şəxsləri tərəfindən yoxlamalar aparılıb və aşkar olunan ciddi nöqsanlara görə Əlizamin də tutduğu vəzifədən azad edilib. Bundan sonra, 25.08.2021-ci il tarixində Şakir Quliyev adlı şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda da həmin vəzifəni Şakir Quliyev icra edir.
Cərəyan edən prosesləri yaxından izləyən yerli sakinlərin redaksiyamıza verdiyi məlumata görə, Şakir Quliyev və ərazidə iaşə obyekti tikmək üçün bütün çoxillik ağacları "qətlə yetirən" sahibkar Rafiq Abışov həmyerlidir. Yəni hər ikisi əslən Yardımlı rayonundandır və çox yaxın münasibətləri var. Yeri gəlmişkən onlar iki nəfər deyil, əslində "trio" (üçlük) olduqları vurğulanır. "Üçlüy"ün əsas tərkib hissəsini təşkil edən şəxs isə onların digər həmyerlisi, eyni zamanda Şakir Quliyevin qohumu olduğu deyilən Mirsalam Qəmbərovdur.
Mirsalam Qəmbərov isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisidir.
Bildiyimiz kimi mal və materialların idxalı və ixracı ekspertizanın rəyi əsasında həyata keçirilir. Yəni, ağacların kəsilməsi, yaxud köçürülməsi də məhz Şakir Quliyevin "mehriban qohum"u Mirsalam Qəmbərovun birbaşa səlahiyyətləri çərçivəsindədir.
Qeyd edək ki, Nəsimi rayonunda, 20 yanvar küçəsindəki ağacların kəsilməsi də Mirsalam Qəmbərovun rəyi əsasında həyata keçirilib.
Maraqlıdır, bu rəy nəyə, hansı önəmli səbəblərə əsasən verilib?
Təbiət "qatilləri" iş başında.../VİDEO-FOTO
Ardı var...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır!
DogruXeber.az