Venesuela paytaxtı hava zərbələrinə məruz qalıb: hədəflər bombalanır – BMT-yə çağırış edilib
Yenixeber.org: Amerikada yeni müharibə başlayıb. Bu gün ABŞ Venesuelaya hücuma başlayıb. Venesuelanın paytaxtı Karakasda Baş Qərargah və Prezident Sarayı hava hücumuna məruz qalıb. Bu barədə partlayışların şahidləri “360.ru” saytına bildiriblər. Onların sözlərinə görə, təyyarələr şəhər mərkəzinə zərbələr endirir və həmçinin dəniz bazasının yerləşdiyi sahili bombalayır.
Daha əvvəl Karakasda bir sıra partlayışlar baş verdiyi bildirilmişdi. Şəhər səmasında ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopterlər müşahidə olunub.
ABŞ-ın Venesuelaya endirdiyi hava zərbələri videoya çəkilib. Görüntülər “Telegram” kanallarında yayımlanıb.
Videoda partlayışlar, alovlar və tüstü buludları görünür. “Mash” kanalının məlumatına görə, Karakasda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işlək vəziyyətə gətirilib.
Şahidlər bildiriblər ki, hava hücumları Fort Tiuna ərazisini və Generalissimo Francisco de Miranda Hava Bazasını hədəf alıb. İlkin məlumata görə, Karakasda ən azı on hədəfə hücum edilib. La Guaira dəniz bazası da zərbələr endirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp xüsusi əməliyyatın başladığını rəsmi olaraq açıqlamayıb.
“CBS News” jurnalisti Cennifer Ceykobs isə “X” sosial media hesabında yazıb ki, Tramp Venesuela daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirilməsini əmr edib.
Kolumbiya Prezidenti Qustavo Petro Venesuelaya hərbi hücum olunduğunu bildirib. Prezident sosial mediada yazıb: "Karakas hazırda hücum altındadır. Bütün dünyanı xəbərdar edin: Venesuela hücum altındadır! Onlar raketlər atırlar".
Petro Amerika Dövlətləri Təşkilatını və BMT-ni dərhal görüşməyə çağırıb.
Venesuelanın Xarici İşlər Nazirliyi ölkənin ABŞ tərəfindən hərbi təcavüzə məruz qaldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, ABŞ Venesuelanın strateji resurslarını ələ keçirmək üçün bu ölkəyə hücum edib.
Bu arada, ABŞ-ın Venesuela paytaxtında baş verən partlayışlara reaksiyası açıqlanıb. “CBS News” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlardan xəbərdar olduğunu bəyan edib.
Ağ Ev hələlik rəsmi olaraq şərh verməyib. "New York Times" qəzetinin məlumatına görə, ABŞ ordusu partlayışlardan xəbərdar olduğunu etiraf etsə də, şərh verməkdən imtina edib .(AYNA)










AZ
RU