TRIPP işə salınır, suallar isə azalmır... -ŞƏRH

Hansısa irəliləyiş var, amma Bakı və İrəvan arasında ziddiyyətlər də heç hara yox olmayıb
Yenixeber.org: Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinin mövcud infrastruktur vəziyyətinə birgə baxış keçiriblər. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, baxışın məqsədi müvafiq infrastrukturun bərpası üzrə tədbirlər kompleksinin icrası üçün həmin sahənin xüsusi dəmir yolu tikinti texnikasının hərəkətinə texniki yararlılığının qiymətləndirilməsi olub. Baxış çərçivəsində tərəflər sözügedən dəmir yolu sahəsində infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Aydındır ki, bu sahə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin fəal şəkildə irəli apardığı iddialı TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin tərkib hissələrindən biridir. “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” Ermənistan ərazisi vasitəsilə Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan eksklavı arasında nəqliyyat əlaqəsini təmin etməlidir.

Nikol Paşinyan 2026-cı il yanvarın 15-də Ermənistanda qısa müddət ərzində TRIPP dövlət şirkətinin yaradılması barədə göstəriş verib. Bu şirkət sazişlərin hüquqi rəsmiləşdirilməsi, marşrutların müəyyənləşdirilməsi və torpaqdan istifadə məsələləri ilə məşğul olacaq.
Paşinyan eyni zamanda Rusiya tərəfdaşlarına müraciət edərək, layihənin reallaşdırılmasına mümkün qədər tez start verilməsi üçün Ermənistan ərazisində Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpası ilə bağlı qərarların qəbulunun sürətləndirilməsini xahiş edib.
Məlumata görə, nəqliyyat dəhlizinin icrası üçün artıq əhəmiyyətli maliyyə vəsaiti (140 milyon dollar məbləği qeyd olunur) ayrılır və tam miqyaslı tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanacağı gözlənilir.
Paşinyan bildirib ki, TRIPP formulu Ermənistan, ABŞ və Azərbaycanın maraqlarına cavab verir. Layihə əvvəlki münaqişə məntiqinə alternativ kimi təqdim olunur və “sülhün sosial psixologiyasına keçid” kimi xarakterizə edilir.
Bununla yanaşı, yanvarın 15-də jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, Ermənistanın gömrük və sərhəd sahələrində suveren funksiyaları TRIPP layihəsi çərçivəsində müzakirə mövzusu deyil.
Beləliklə, bir tərəfdən Ermənistanla Naxçıvan Muxtar Respublikası arasında (Sədərək–Yerasx) dəmir yolu sahəsinin bərpası üzrə işlərin praktiki mərhələyə keçdiyi görünür. Paşinyanın son bəyanatları da müəyyən nikbinlik yaradır. Digər tərəfdən isə İrəvan Bakının əsas tələblərindən birini – Azərbaycan vətəndaşlarının və yüklərinin Zəngəzur dəhlizindən maneəsiz keçidi məsələsini hələ də rədd edir.
Bu ziddiyyətli vəziyyətdən hansı çıxış yolu tapılacaq? Biz nəyi müşahidə edirik – real irəliləyişi, yoxsa çıxılmaz vəziyyətin davamını? Tramp və onun komandası mövcud ziddiyyətləri aradan qaldıracaq hər hansı bir həll yolu tapa biləcəkmi?
Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən müstəqil politoloq Xəqani Cəfərlinin fikrincə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” əhəmiyyətinə görə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən sonra ikinci ən vacib geoiqtisadi və geosiyasi layihədir Cənubi Qafqaz ölkələrinin suverenliyini möhkəmləndirəcək.

“Əsrin müqaviləsi” Gürcüstanın, Ukraynanın, Moldovanın və qismən Qazaxıstanın, eləcə də Azərbaycanın suverenliyinin güclənməsinə töhfə verib. TRIPP layihəsi isə öz növbəsində Ermənistanın və Mərkəzi Asiya ölkələrinin suverenliyinin möhkəmlənməsinə, Rusiyanın bölgədəki təsirinin azalmasına gətirib çıxara bilər. “Əsrin müqaviləsi”nin imzalanması və həyata keçirilməsi zamanı ortaya çıxan problemlər müəyyən dövlət strategiyası çərçivəsində həll olunurdu. Fikrimcə, indi də eyni dövlət yanaşmasından çıxış etmək lazımdır. Zaman göstərdi ki, o dövrdə Azərbaycan hakimiyyətini güzəştlərdə ittiham edənlər yanılırdılar”, – ekspert qeyd edib.
O, hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın TRIPP layihəsi çərçivəsində gömrük və sərhəd məsələlərində Ermənistanın suveren funksiyalarının müzakirə mövzusu olmadığına dair bəyanatı ölkənin seçkilər ərəfəsində olması ilə bağlıdır. “Ola bilsin, bu açıqlama daha çox Rusiya ilə əlaqəli qüvvələrə əlavə təbliğat arqumentləri verməmək məqsədi daşıyır. Çünki Ermənistan TRIPP layihəsinin əsas təşəbbüskarı olan Birləşmiş Ştatlara hər hansı şərt diktə etmək imkanında deyil. Fikrimcə, bu bəyanat Azərbaycanın daxili marşrutlarını həyata keçirən qatar və nəqliyyat vasitələrinə aid ola bilməz. Daha çox üçüncü ölkələrə məxsus yüklərin daşınması məsələsi ilə əlaqəlidir. Nəzərə alsaq ki, marşrutun reallaşdırılması ilə bağlı əsas müzakirələr və praktiki addımlar Ermənistanda qarşıdan gələn parlament seçkilərindən sonrakı dövrə təsadüf edəcək, düşünürəm ki, səsvermə gününə qədər bu məsələdə ehtiyatlı davranmaq vacibdir. Çünki TRIPP layihəsinin gələcəyini təhdid edə biləcək hər hansı addıma yol vermək olmaz”, – Xəqani Cəfərli vurğulayıb.
Rauf Orucov










AZ
RU