Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -FOTOLAR
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrini təhlil etdikcə ciddi və narahatedici faktlarla qarşılaşmaqdayıq.
Yenixeber.org: Araşdırmalarımız göstərir ki, bəzi təşkilatlar uzun illərdir davamlı olaraq eyni məzmunlu layihələrlə qalib olurlar. Baxmayaraq ki, layihələrin həmin QHT-lərin məqsəd və vəzifələri ilə heç bir əlaqəsi yoxdur. Bu, dövlət maliyyəsinin idarə olunmasında ciddi boşluqlar və QHT-lərə Dövlət Dəstəyi Agentliyində səriştəsizlik (Başqa cür də demək olar. Red.) probleminin açıq göstəricisidir.
Ekspertlərin məsələyə loyal yanaşması, qiymətləndirmə proseslərinin formal xarakter daşıması, büdcənin səmərəsiz xərclənməsi bu halların davam etməsinə imkan yaradır.
Bu sırada diqqətimizi çəkən təşkilatlardan biri də “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi oldu.
Bu İctimai Birlik QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022, 2023 və 2025-ci illərdəki qrant müsabiqələrində faktiki olaraq eyni məzmunlu layihələrlə qalib olub. Layihələrin adlarında cüzi dəyişikliklər olsa da, mahiyyət etibarilə eyni mövzular təqdim olunub. Bu layihələrin təşkilatın məqsəd və vəzifələri ilə uyğunluq təşkil etməməsi isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dərin yoxlamalar aparmadığını, ekspertizasının səthi olduğunu göstərir.
Məlumat üçün qeyd edək ki, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın sədri və təsisçisi Bakı şəhər Binəqədi rayonu 267 saylı məktəbin müəllimi Səidə İdris qızı İsmayılova, digər təsisçisi isə Xuraman Eldar qızı İsmayılova olub. Lakin, Binəqədi rayonu, Mir Cəlal küçəsi 103, mənzil 122-də hüquqi ünvanı yerləşən bu təşkilat davamlı maliyyə ala bilmədiyi üçün 2015-ci ildə satışa çıxarılıb. Hazırda təşkilatın sədri “Proqress” Təlim və Tədris Mərkəzinin rəhbəri Ülvi Məmmədəli oğlu Əliyevdir.
Bəs Ülvi Əliyev necə olub ki, hazır bir QHT-yə sədr təyin edilib? Ona bu məsələdə kim kömək edib?
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, Ülvi Əliyevi sədr təyin edən şəxs onun əmisi, uzun illər dövlət qrantlarından geniş istifadə edən “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevdir.
Xüsusi maraq kəsb etdiyi üçün Mayis Əliyevin rəhbərlik etdiyi təşkilatın da QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığı layihələri araşdırırıq. Məlum olur ki, layihələrin bir qədər adlarında dəyişiklik edilsə də, eyni layihələrdir. Təşkilat özünə əziyyət verib, yeni layihə yazmaqda maraqlı da olmayıb. (Bu haqda növbəti yazılarımızda. Red.)
Maraqlıdır ki, Mayis Əliyev və qardaşı oğlu Ülvi Əliyev necə olub ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən təkrar layihələri bir kənara, üstəlik eyni məzmunlu layihələrinə Sosial Xidmətlər Agentliyindən də iri həcmli sosial sifarişlər ala bilib?
Məsələni bir qədər də araşdırdıqda məlum oldu ki, Mayis Əliyev Bakı Dövlət Universitetində müəllim kimi Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, hazırda Maliyyə naziri olan Sahil Babayevə və onun bəzi müavinlərinə dərs deyib. Bu münasibətlər nəticəsində Mayis Əliyevin və qardaşı oğlunun təşkilatı həmin nazirliyin ictimai şurasında müxtəlif vaxtlarda təmsil olunublar. Buradan hasil olan nəticə odur ki, hər iki təşkilat Sosial Xidmətlər Agentliyinin hər il elan etdiyi bir sıra sosial sifarişlərin qalibi ola bilib.
Qeyd edək ki, Mayis Əliyevin əksər layihələrində hüquqşünas kimi Ülvi Əliyev, Ülvi Əliyevin layihələrində isə Mayis Əliyev hüquqşünas kimi göstərilir.
Ü.Əliyevin hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai şuranın üzvü olması isə başqa bir paradoksu ortaya qoyur. Rəhbərlik etdiyi QHT-nin fəaliyyətinin komitənin məqsəd və prioritetləri ilə uyğunsuzluğu diqqətdən yayınmır.
Bütün bu faktlar QHT sektorunda sistemli problemlər olduğunu və dövlət büdcəsinin idarə edilməsində ciddi boşluqların mövcud olduğunu bir daha sübut edir. Təkrar layihələr, maraqlar toqquşması, “ailə QHT-ləri” idarəçiliyi və formal ekspertiza mexanizmləri, eyni zamanda ictimai şuralarda qohumluq əlaqələrinin mövcudluğu, dövlət maliyyəsinin səmərəsiz xərclənməsinə yol açır.
Nəticə olaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliy, Sosial Xidmətlər Agentliyi və bu kimi qurumlardakı səriştəsizlik və formal yoxlamalar dövlət büdcəsinin üzərində ciddi risk yaradır. Bu halların davam etməsi, yalnız büdcə israfına deyil, həm də ictimai etimadın tamamilə itirilməsinə səbəb olur.
Xatırladaq ki, Mayis Əliyev 2024-cü ildə vəkili olduğu müvəkkillərindən birinin qardaşı tərəfindən evində hücuma məruz qalmış, telefon proqramından 8000 manat başqa hesaba köçürülmüş, evindən isə nağd pul və digər əşyalar götürülmüşdür.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.











AZ
RU