Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?

   

Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?

Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi bir daha göstərdi ki, qurumun səsləndirdiyi pafoslu bəyanatlarla real qərarları arasında dərin uçurum mövcuddur. Agentlik rəsmiləri hər fürsətdə Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına istinad edərək iddia edirlər ki, qrantlar yalnız QHT-lərin məqsəd və vəzifələrinə uyğun, onların əvvəlki təcrübəsi və digər tələblər nəzərə alınmaqla verilir. Lakin müsabiqənin nəticələri bu iddiaların ən yaxşı halda formal, ən pis halda isə ictimaiyyəti aldatmağa hesablandığını göstərir. 

               Adı ilə məzmunu uyğun gəlməyən layihələr – sistemli problem

2025-ci il qrant siyahısına nəzər salmaq kifayətdir ki, Agentliyin “ciddi təhlil” iddialarının nə qədər boş olduğu üzə çıxsın. Onlarla QHT var ki, nə təşkilatın adı, nə nizamnamə məqsədi, nə də əvvəlki fəaliyyəti maliyyələşdirilən layihənin mövzusu ilə uyğun gəlir. Bu isə artıq təsadüf yox, sistemli səriştəsizliyin göstəricisidir. 

                 Absurd nümunə: Uşaq təşkilatına “ərazi bütövlüyünün təhlili” 

Bu mənzərənin ən bariz nümunələrindən biri “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu təşkilatın “Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili” adlı layihəsinə 8 000 manat qrant ayırıb.

Əvvəlcə layihənin adına baxaq. Layihənin adı birbaşa natamamdır, qeyri-müəyyəndir və peşəkar redaktədən keçmədiyi açıq-aşkar görünür. Hansı ərazi? Hansı suverenlik? Hansı bərpa prosesi? Sözsüz ki, biz bilirik söhbət ölkəmizdən gedir. Amma kənar bir şəxs oxuduqda söhbətin nədən getdiyini anlamayacaq. Agentlik bu qədər strateji mövzuda olan bir layihənin adını belə dəqiqləşdirməyə ehtiyac duymayıbsa, layihənin məzmunu necə qiymətləndirilib?

              Daha ciddi sual: bu layihəni kim, hansı səriştə ilə icra edəcək?

“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi uzun illərdir uşaqlarla bağlı sosial və humanitar layihələrlə məşğul olur. Bu fakt açıq mənbələrdə də təsdiqini tapır. İndi isə birdən-birə təşkilat dövlətin ərazi bütövlüyü və suverenliyinin bərpası kimi son dərəcə mürəkkəb, siyasi-hüquqi və analitik yanaşma tələb edən bir mövzunun “təhlili” ilə məşğul olur(?)

Haqlı suallar ortaya çıxır:

  • Təşkilatın bu sahədə nə təcrübəsi var?
  • Layihəni icra edən şəxslər hansı elmi, hüquqi və ya analitik bazaya malikdir?
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu uyğunluğu necə və kim vasitəsilə yoxlayıb? Yoxsa, ümumiyyətlə yoxlamayıb?

             Bəyanatlarla reallıq arasında rüsvayçı ziddiyyət!

Agentlik rəsmiləri tədbirlərdə “layihələrin təşkilatların məqsədlərinə uyğunluğu ciddi yoxlanılır” deməkdən yorulmurlar. Lakin faktlar göstərir ki, bu yoxlama ya kağız üzərində aparılır, ya da ümumiyyətlə aparılmır. Əks halda uşaq təşkilatına “suverenlik prosesinin təhlili” kimi bir layihə necə keçə bilərdi?

Bu vəziyyətdə artıq söhbət təkcə təcrübəsizlikdən getmir. Bu, ya qeyri-peşəkar ekspert qiymətləndirməsinin, ya formalist yanaşmanın, ya da məsuliyyətsiz qərarvermənin nəticəsidir.

                      Məsuliyyəti kim daşıyır?

Ən narahatedici məqam isə budur: bu cür qərarların arxasında konkret məsul şəxslər var, lakin məsuliyyət anlayışı Agentliyin qrant siyasətində görünmür. Ekspertlər kimdir? Onların səriştəsi necə müəyyən edilir? Bu uyğunluq meyarlarını kim nəzarətdə saxlayır?

Bu suallar cavabsız qaldıqca, QHT sektorunda şəffaflıqdan, ədalətli rəqabətdən danışmaq sadəlövhlükdür. 

            QHT-nin təhlili hardadır? 

Yenixeber.org olaraq sözügedən layihənin nəticələri ilə tanış olmaq üçün geniş araşdırma apardıq. Açıq mənbələr, media, Agentliyin saytı, sosial platformalar - heç bir yerdə hər hansı materiala rast gəlinmədi. Nə hesabat var, nə təqdimat, nə də ictimai müzakirə.

Bu zaman məntiqi və son dərəcə ciddi suallar yaranır:

·        Bu “təhlil” ümumiyyətlə aparılıbmı?

·        Aparılıbsa, niyə ictimaiyyətə açıqlanmayıb?

·        Bu layihə məxfi xarakter daşıyırmı?

·        Əgər açıq qrant layihəsidirsə və dövlət vəsaiti hesabına maliyyələşibsə, nəticələr haradadır və kim üçündür?

          Problem QHT-də yox, Agentliyin özündədir!

Bir daha vurğulayaq: məsələ “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyində deyil. Problem  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin öz funksiyasını necə yerinə yetirməsindədir. Agentlik bu cür qərarlarla həm dövlət vəsaitinin səmərəliliyinə kölgə salır, həm də QHT sektorunu ictimaiyyət qarşısında gözdən salır.

Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu yanaşmanı davam etdirəcəksə, onda verdiyi bütün bəyanatlar sadəcə pərdə, qrant müsabiqələri isə formallıq təsiri bağışlayacaq.

İctimai vəsaitin taleyi bu qədər məsuliyyətsiz yanaşmaya qurban verilə bilməz. Cəmiyyətin Agentlikdən tələb etdiyi tək şey var: şəffaflıq, peşəkarlıq və cavabdehlik. Bunlar olmadıqda isə tənqid qaçılmazdır.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam