Saatsaz

(Hekayə)
Saat ustası Mahmud dayı illərdir çalışırdı. O, hələ də saatları hamıdan yaxşı təmir edirdi. Əlləri köhnə idi, barmaqları yağ və metal qoxuyurdu, gözləri isə həmişə bir az yorğun görünürdü. Yorğunluq da adamı bəzən yaşlı göstərir.
Özünün dar emalatxanasında onlarla saat vardı. Divardan asılanlar, vitrində yatanlar, çəkməcədə unudulanlar… Heç biri eyni vaxtı göstərmirdi. Saat ustası bunu normal sayırdı. Deyirdi ki, insan həyatı kimi, vaxt da hamı üçün eyni axmır.
O, illərlə halal işləmışdi. Kimsəni aldatmamışdı. Bir vint üçün artıq pul almamışdı. Müştərilər ona etibar edirdi — çünki o, saatları yox, əmanətləri təmir edirdi.
Emalatxanası şəhərin kənarında, köhnə bazarın arxasında idi. Bir vaxtlar buradan adam əl çəkmirdi. İndi isə günlərlə qapı açılmırdı. İnsanlar saatı təmir etdirmirdi artıq. Ya ucuz plastik alırdılar, ya da telefonun vaxtına baxırdılar. Saat ustasının peşəsi səssiz-səssiz köhnəlirdi.
Kirayəni gecikdirirdi. Elektrik borcu yığılmışdı. Evdə çörək bəzən iki gün kifayət edirdi. Arvadı illər əvvəl xəstəlikdən ölmüşdü, oğlu isə Rusiyaya getmişdi — gedəndə “tez qayıdacam” demişdi. İllər keçmişdi, amma oğlu qayıtmamaışdı.
Usta hər axşam emalatxananı bağlayanda, işıqları söndürməzdən əvvəl saatlara baxırdı. Divardakı köhnə saatlardan biri həmişə tələsirdi. O, onu düzəltmirdi. Deyirdi ki, bəzən vaxtın tələsməsi lazımdır.
Bir gün emalatxanaya yad bir adam girdi. Üzündən bilinirdi ki, kasıb deyil. Təmiz geyimli idi, amma təkəbbürlü də deyildi. Cibindən köhnə, ağır bir saat çıxarıb masaya qoydu:
— Atamdan qalıb, — dedi. — Dayanıb, işləmir.
Usta saatı əlinə alan kimi içində nəsə qopdu. Bu saatı tanıyırdı. Gəncliyində belə bir saatı vitrində görmüşdü, amma ala bilməmişdi. Maaşı çatmamışdı. Sonra saat satılmışdı. İllər boyu o vitrindəki boş yeri xatırlamışdı.
— Bir-iki günə hazır olar, — dedi.
O gecə usta evdə sobanın yanında oturdu. Saat masanın üstündə idi. Sanki təkcə mexanizm yox, onun keçmişi işləyirdi. Gəncliyi, gecikmiş arzuları, çatmayan pulları, vəsaiti.
Ertəsi gün müştəri gəlmədi. Sonra bir gün də keçdi.
Usta tərəddüd etdi. Qapının ağzında dayanıb bazara baxdı. İnsanlar keçirdi, amma heç kim içəri girmirdi. O an usta ilk dəfə düşündü: mən bu qədər düz işlədim, nə qazandım?
Axşam saatı vitrinə qoydu. Özünə dedi ki, bir-iki gün də gözləyər. Amma gözləmək uzandı. Saat artıq onun idi. Satdı. Pulunu kirayəyə verdi, çörək aldı, elektrik borcunu bağladı.
Bir həftə sonra emalatxanaya bir qadın gəldi. Əlində köhnə bir kağız vardı.
— Sizə saat gətirmişdilər, — dedi. — Ərim idi, qəfil öldü. Saatı mənə tapşırmışdı.
Ustanın boğazı qurudu.
— Satılıb, — dedi astadan.
Qadın susdu. Ağlamadı. Sadəcə başını aşağı saldı:
— O saat bizdə qalan yeganə şey idi, — dedi və çıxdı.
O gündən sonra ustanın əlləri hələ də işləyirdi, amma saatlar düzəlmirdi. Mexanizmlər sanki ona inanmırdı. Artıq insanların etibarını itirmişdi. Müştərilər get-gedə azalırdı. Söz bir anda hamıya yayılmışdı.
Axırda usta emalatxananı bağladı. Divardakı saatlar dayanmışdı. Sonuncu dəfə qapını örtəndə düşündü: “Bəzən insan bir dəfə səhv edir, amma o səhvin bədəlini ömrünün sonunadək ödəməli olur”.
SƏADƏT Sultan: Yazıçı-publisist, AYB-nin üzvü










AZ
RU