Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Tehran üçün çətin sual -Görüş istəyinə “yox”, Davos forumuna qadağa, gərginlik pik həddə...

news content

İranla ABŞ arasında münasibət düzələ bilərmi? Günün Yaxın Şərqə, eləcə də beynəlxalq münasibətlərə dair başlıca sualı budur.

Yenixeber.org: Dekabrın 28-dən başlayıb, artıq zəifləməyə doğru gedən etiraz aksiyaları İranı yenidən gündəliyə gətirib. Çünki 2022-ci ildən Tehranın tətbiq etdiyi hicab qaydaları, HƏMAS-ın İsrailə hücumu, Bəşər Əsəd rejiminin süqutu, Livanda “Hizbullah”ın tərksilah olmasına qarşı əməliyyatlarda, habelə regiondakı bütün proseslərdə İslam Respublikasının adı ön sıralarda çəkilib.

Hələ bir az keçmişə getsək, Əfqanıstanda “Taliban” hərəkatı hökumətdə olanda ona qarşı keçirilən əməliyyat, İraqda Səddam Hüseynin devrilməsi, “ərəb baharı” zamanı da “İrandakı hakimiyyət nə vaxt gedir” sualı aktual olub.

Son hadisələr yenidən bu kimi suallar yaranıb. 

Hadisələri diqqətlə izləsək, görərik ki, həmin hadisələrlə paralel, yaxud müəyyən fasilə ilə ABŞ ilə İslam Respublikası arasında vasitəli danışıqlar baş verib, ya da bu istiqamətdə müzakirələr aparılıb. 

Dekabrın 28-d başlayan etiraz aksiyalarını Tehran hakimiyyəti zorakılıq tətbiq etməklə yatırdır. İslam Respublikasının güc strukturları, hətta deyilənə görə naməlum qüvvələr nümayiş, mitinq iştirakçılarına odlu silahdan atəş belə açırlar. 

Odur ki, aksiyalar zamanı ölən və yaralanan etirazçıların sayı minlərlə göstərilir. Elə saxlanıların da iki mindən çox olduğu deyilir. İran İnsan Haqları Cəmiyyətinin məlumatına görə, etirazlarda öldürülənlərin sayı azı 3428 nəfərdir.

Etiraz tədbirləri ilə bağlı əsas məsələlərdən biri aksiyaçılara veriləcək cəzalardır. 

Bu günlərdə etirazçı İrfan Soltaninin edam olunacağı xəbər yayılmışdı. Ancaq ötən gün İran rəsmiləri bu hökmün icra olunmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti “Truth Social” hesabında yazmışdı: “Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim”.

Bu, Tehran hakimiyyəti üçün dialoqa yaşıl işıq idi. Çünki etiraz aksiyaları zamanı İranın xarici işlər naziri Abbas Ərakçı Türkiyə, Fransa və ərəb ölkələrinin XİN başçıları ilə telefonda ölkəsindəki və regiondakı vəziyyəti müzakirə edib. Həmin telefon söhbətlərində ABŞ ilə birbaşa mümkün danışıqlardan bəhs olunduğunu da ehtimal etmək olar. 

Çünki Donald Tramp bundan sonra bəyan etdi ki, İranda qətllərin dayandığına dair ona məlumat verilib. Bununla belə o, anti-hökumət etirazlarına göstərilən zorakı təzyiqlərə görə ölkəyə qarşı hərbi müdaxilə ehtimalını istisna etməmişdi. 

ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi, yaxud ona havadan zərbələrin endirəcəyinə dair açıqlamalar region ölkələrini, o cümlədən İsraili də rahatsız edib. 

Yenə ehtimal olunur ki, rəsmi Təl-Əviv də daxil olmaqla bir sıra ərəb dövlətləri Trampı İranı vurmaqdan çəkindirmək üçün müraciət ediblər.

İsrail ABŞ-dən İrana zərbəni təxirə salmağı xahiş edib. Netanyahu hava hücumundan müdafiə sistemlərinin hazırlığını və rejimin devrilməsi üçün uzun müddətli etirazların vacibliyini bildirib.

CNN-in məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-dən İrana zərbəni təxirə salmağı xahiş edib. Buna səbəb olaraq İsrailin hava hücumundan müdafiə sistemlərinin döyüş qabiliyyəti ilə bağlı narahatlıqlar göstərilib. 

Bundan başqa, ötən həftə Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasındakı danışıqlar zamanı hücum ehtimalı müzakirə olunub. Yəhudi dövlətinin hökumət başçısı hava hücumunda müdafiə sistemlərinin yoxlanılması və hazırlığının vacibliyinə istinad edib.

Onun son açıqlamasından əvvəl ABŞ və Böyük Britaniyanın Qətərdəki Əl-Udeyd aviabazasındakı şəxsi heyətin sayını azaltması xəbərləri yayılmışdı. İranın hava məkanı gecə saatlarında demək olar ki, bütün uçuşlara bağlanmışdı. Bir neçə aviaşirkət uçuşlarını İran ətrafından yönləndirdiklərini açıqlamışdı. 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi həmçinin Tehrandakı səfirliyini müvəqqəti bağladığını və bundan sonra məsafədən fəaliyyət göstərəcəyini bildirib.

Yanvarın 16-da ABŞ Prezidenti bildirib ki, İranın qətlləri dayandırıb və edam planı yoxdur.

Donald Tramp bəyan edib ki, İrana zərbələr endirməmək qərarını müstəqil qəbul edib. Onun sözlərinə görə, bu barədə ona heç kim təzyiq göstərməyib: "Məni heç kim inandırmadı. Mən özüm özümü inandırdım”. 

Tramp şənbə günü jurnalistlərə açıqlamasında söyləyib ki, onun qərarına İranda etirazçıların edamlarının ləğvi barədə məlumat "böyük təsir göstərib".

Hadisələr Tehranla Vaşinqton arasında danışıqların çox da ara vermədiyni ehtimal etməyə əsas verir. 

İranın xarici işlər naziri Abbas Ərakçı mümkün edamlarla bağlı xəbərlərə cavab verərək bildirib ki, edamdan söhbət gedə bilməz və bu gün də, sabah da heç bir edam olmayacaq.

Donald Tramp “Fox News” müsahibəsində İranı 2025-ci ilin iyun ayında etdiyi eyni səhvi təkrarlamamağa çağıraraq, əlavə edib: “Uğursuz təcrübəni yenidən sınasan, nəticə də eyni olacaq”.

Belə ziddiyyətli açıqlamalar və xəbərdarlıqlar fonunda Donald Tramp İranda 800 adamın edamı hökmünün ləğv edildiyini bildirib. Ağ Evin mətbuat katibi Kerolin Livitt bu barədə açıqlama ilə çıxış edib. 

Deməli, edam yoxdur. ABŞ-nin şərtlərindən birinə əməl olunub. O zaman mümkün dialoq reallaşacaqmı?

Ötən il tərəflər arasında Omanın vasitəçiliyi ilə dörd raundda danışıq olub. 

Beşinci görüş isə “loqistik səbəblərdən” təxirə salınmışdı. Bu danışıqlarda tərəflərin əldə etdiyi bütün uğurlar (əldə etmişdilərsə) hamısı İsrail və ABŞ-nin iyunun 13-də İrana qarşı başlamış əməliyyatlar səbəbindən dağıldı. 

Çünki Ştatların və yəhudi dövlətinin başlıca tələbi İranın nüvə proqramını dayandırmasıdır. Ötən gün Abbas Ərakçı nüvə proqramının dinc məqsədli olduğuna dair qarşı tərəfə təminat verə biləcəklərini də vurğulayıb. 

ABŞ-nin İran qarşısında şərtləri bunlardır:

- Ştatlarla birbaşa danışıqlara başlanması;

- Nüvə proqramını sıfırlanması;

- Zənginləşdirilmiş uranın saxlanıldığı yer barədə məlumat verilməsi;

- Raket istehsalının dayandırlması.

Bu ötən il belə idi. Yeni danışıqların şərtlərinə ehtimal etmək olar ki, etiraz aksiyalarında zorakılıq etmiş hakimiyyət nümayəndələrinin və s. cəzalandırılması daxil ola bilər. İqtisadi və siyasi məsələlərə dair şərtlərin ola biləcəyi də istisna olunmur. 

Türkiyə, Rusiya, ərəb ölkələri rəsmilərinin İran və ABŞ-dən olan həmkarları ilə danışıqları tərəflər arasında dialoqun başlaya biləcəyi ehtimalı artırır. 

Hər halda, Tehran hakimiyyətinin əvvəlki kimi danışıqlarda iştirak etmək qərarını yenidən baha satmasına imkan verilmir. Çünki neftin “qara bazar”a qaçaq yolu ilə çıxarılması, “kölgə donanmalar”ına ABŞ-nin hücumları, habelə İranla əməkdaşlıq edənlərə gömrük rüsumunun 25 faiz artırılması kimi təzyiq vasitələri İranı dialoq masası üçün tərk-silah edir. Livan “Hizbullah”ı silahsızlaşdırılır, HƏMAS Qəzza zolağında hökuməti təhvil verir. O zaman Tehran Vaşinqtonla danışıqlara niyə getməsin? 

P.S. “The Wall Street Journal” qəzeti bildirib ki, ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda Vaşinqton rəsmisi ilə görüşmək istəyini qəbul etməyib. Qəzetin ərəb və Avropa mənbələrinə istinadən verdiyi xəbərə görə, Abbas Əraqçı İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofla bir neçə dəfə görüşməyə cəhd göstərib. Ancaq Vaşinqton bu tələbləri rədd edib.

Məlumata görə, görüş təşəbbüsü ABŞ rəsmilərinin İranda artan daxili gərginlik və etirazlara cavab variantlarını paralel şəkildə nəzərdən keçirdiyi bir dövrdə irəli sürülüb. Amerika tərəfi həmin vaxt belə bir görüşün planlaşdırılmadığını və gündəmdə olmadığını bildirmişdi. 

Münhen konfransının təşkilatçıları etirazların amansız yatırıldığını əsas götürərək, Tehran rəsmilərinə göndərdikləri dəvətləri ləğv ediblər. Almaniya hökuməti İran tərəfinin iştirakını uyğun saymayıb. 

2026-cı il Dünya İqtisadi Forumu dünən – yanvarın 19-da Davosda başlayıb və ayın 23-dək davam edəcək.

Belə güman etmək olar ki, etiraz aksiyalarının güc yolu ilə yatırılmasından, yüzlərlə yürüş iştirakçısının qətlindən dərhal sonra ABŞ rəsmisi ilə görüşün keçirilməsi və İran XİN başçısının Davos konfransına qatılması, çıxış etməsi proseslərin məntiqinə uyğun sayılmır. Bu, həm də Tehrana təcrid edilə biləcəyi ilə bağlı xəbərdarlıq sayıla bilər...

Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Prezident Donald Trampı İranda etiraz aksiyalarının iğtişaşlara çevrildiyi zaman baş verənlərə görə məsuliyyət daşımaqda ittiham edib: “Donald Tramp qurbanlara, zərərə, İran xalqına qarşı yalan ittihamlara görə məsuliyyət daşıyır”.

Xameneinin ittihamı, Ərakçının Davosa buraxılmaması tərəflər arasında münasibətlərin tezliklə düzələcəyinə şübhə yaradır.(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam