Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, sahibkar Novruz Gülməmmədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqları, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdikləri, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını bildirib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə məsələyə operativ yanaşaraq, cinayət işi başlayıb. Novruz Gülməmmədov idarəyə çağırılaraq ifadəsi alınıb. Məlumatda bildirilir ki, sahibkar idarədə adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edib. O, bildirib ki, Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Şikayətçinin iddiasına görə, Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır.
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün Novruz Gülməmmədovla əlaqə saxlayıb. Sahibkar bizimlə söhbətində xəbəri təsdiqləyib. "Bəli, mən noyabrın 11-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunmuşam. Orada Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilər barəsində başlanan cinayət işi üzrə ifadə vermişəm. Bu cinayət işi mənim şikayətim əsasında başlanıb. Həmin şəxslər faktiki olaraq sahibkarlıq fəaliyyətinə mane olur. Digər tərəfdən, bu yaxınlarda məlum olub ki, Basqal meşələrində uzunillik palıd ağacları kəsilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerində olublar. Akt tərtib olunub. Bütün bunları ifadəmdə də göstərmişəm”.
Sahibkar əlavə edib ki, ifadəsində Namiq Xıdırovla Cabbar Qəribovun da adını hallandırıb: "Çünki Əfqan Qəribovun arxasında bu adamlar dayanır. Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Namiq Xıdırov isə onunla tələb yoldaşı olub, dostdurlar. Namiq Xıdırovun qardaşı oğlu Şamil Xıdırov baş meşəbəyidir. Palıd ağaclarının kəsilməsi ilə bağlı akt tərtib ediləndə o gəlmədi. Halbuki, orada olmalı idi. Ona görə gəlmədi ki, məsuliyyəti var. Bütün bunlar araşdırılmalı və müvafiq tədbir görülməlidir.
Prezident İlham Əliyev çıxışlarında məmurları sahibkarlığın inkişafına yardım etməyə çağırır, amma onlar bunun əksini görür. Yaxud dövlət rəhbərliyinin təşəbbüsü ilə demək olar ki, hər il müxtəlif bölgələrdə ağacəkmə kampaniyaları keçirilir, amma bu ağacları qorumağa məsul olan şəxslər meşələri məhv edirlər. Ona görə də şikayət etdim. Həm Ekologiya və Təbii Nazirliyi, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi şikayətimə operativ reaksiya verdilər”.(Qaynarinfo)
Seyid