Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Qrimsiz aktrisa –Cəbiş müəllimin kişi olmaq istəyən arvadı

news content

Onu teatrda canlı səhnədə görməmişəm, yaşım çatmayıb, amma oynadığı bir teatr tamaşasından kiçik epizod görmüşəm. C. Məmmədquluzadənin eyniadlı əsəri əsasında Mehdi Məmmədovun quruluşunda “Dəli yığıncağı” tamaşasında Pırpız Sona obrazında.

Yenixeber.org: Teatr aktrisası kimi yaddaşıma onunla həkk olunub, amma kinodakı rolları ilə bütöv bir tarixdir. Sənətşünaslar isə kinoya az çəkildiyi üçün onu daha çox teatr aktrisası adlandırırlar. Az çəkilmək? "Qaraca Qız"da Pəricahan, "Dədə Qorqud"da Burla xatun, "İstintaq"da Gülya, "Bizim Cəbiş müəllim"də Cəbişin arvadı, "Ad günü" filmində Fəridə obrazları... Az demək olar, sizcə?

İndi bu sətirləri oxuyan hər kəsin ağlından bir ad keçdi – Şəfiqə Məmmədova. 

Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə qədim Dərbənddə doğulub. İlk təhsilini də orda alıb. Orta məktəbdə oxuduğu illərdə məktəb özfəaliyyətində şeir deyər, mahnı oxuyarmış. Xüsusən də sevdiyi şairlər Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni və Rəsul Həmzətovu əzbərdən söyləyərmiş. Hamı deyirmiş ki, Şəfiqə ədəbiyyatçı olacaq. Öz arzusu da belə olub, amma bir gün anlayıb ki, səhnədə yaxşı çıxış etmək ədəbiyyatçının deyil, aktyorun, qiraətçinin işidir. Üstəlik, yaxşı səsin də varsa, demək yerin səhnədir. Odur ki, orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə vermək üçün hazırladığı sənədləri aparıb verir M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə. Zamanla həmin fakültənin tam əksi olan drama üstünlük verir. 

Tələbə vaxtından Şəfiqə xanımı müxtəlif filmlərdə fərqli rollara sınaq çəkilişlərinə dəvət edirlər, amma hər dəfə də görür ki, başqa aktrisa təsdiqlənib. 

Nəhayət bir gün rejissor Şamil Məahmudbəyov onu “Qaraca qız” filmində Pəricahan rolunda çəkilmək üçün sınağa dəvət edir. Çox sayda namizədin içindən rola Şəfiqə Məmmədova təsdiqlənir. 

Deyir təsdiqlənməyinə təsdiqləndim, amma rol üzərində rejissorla çox işlədik: “Açığını deyim ki, mən rolumdan razı deyildim. Mənə elə gəlir ki, bu rolda bütün imkanlarımdan istifadə edə bilməmişəm. Amma ilk yaradıcılıq məhsulum olduğu üçün Pəricahan mənə çox əzizdir”. 

İnstitutun son kursunda oxuyanda o vaxt Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımov onu teatra dəvət edir. Tələbə qız çiyinlərinə Şeksprin “Hamlet”ində Gertruda rolunu götürür. Həm tamaşa, həm də onun oyunu uğurlu olduğundan institutu başa vuran Şəfiqə artıq tələbə kimi bir rola deyil, aktrisa kimi teatra işləməyə dəvət olunur.  

Teatrda nəfəs almadan bir-birinin ardınca yeni tamaşalarda rəngarəng rollar oynayır: B. Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində maraqlı obrazlar yaradıb. 

Kinoda isə fəaliyyətinə ara vermir, amma hər rolu da oynamır. Şəfiqə Məmmədova kinoda yalnız müxtəlif obrazlar yaradan aktrisa deyil, Azərbaycan kinosunda yeni cığır açan sənətkardır. Kinoda maraqlı, fərqli obrazlar yaratmaqla Azərbaycan kinosunda aciz, müti, öz haqqını tələb etməyi bacarmayan, həyat yoldaşından asılı qadın obrazlarının qarşısına keçdi, qüdrətli qadın obrazı yaratdı. 

Cəbiş müəllimin arvadı obrazı Həsən Seyidbəylinin 1969-cu ildə  “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Bizim Cəbiş müəllim” filmində əsas obraz deyil. Adı olmamasından da bəllidir ki, bu rol Cəbiş müəllim obrazına köməkçidir, onun xarakterik xüsusiyyətlərini qabartmağa xidmət etməlidir. Şəfiqə Məmmədovanın yaratdığı personaj filmdə əsas obraza çevrilir. 

Qətiyyətli, azad düşüncəli, tədbirli, ailəcanlı, ərini və övladlarını sevən, namuslu bir güclü qadın obrazından sonra Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” filmində oynadığı Rüxsarə ilə tamaşaçısını təəccübləndirə bilib.  

Bu, həm də rejissorun aktyoru hər janrda, hər obrazda kəşf etməsidir. Bu filmdəki qadın çarəsizdir, adətlərə kor-koranə bağlılığı var və bütün ümidi oğlunadır. 

“Ad günü”ndə Fəridə, “İstintaq”da Gülya, Cəbiş müəllimin arvadı ilk baxışdan bir birilərinə çox bənzəyirlər. Xüsusən Gülya ilə Cəbişin arvadı deyingən, hikkəli qadınlardır, amma məhz o xüsusiyyətləri bu qadınları zamanın carçısı kimi  büruzə verir. Müharibə şəraitində yaşayan, uşağına sabah nə yedirdəcəyinin qorxusu ilə yaşayan bir qadın həm də ailənin məsuliyyətini hiss etməlidir, onlarda sabaha ümidlə baxmağı aşılamalıdır. Həm ərinin pul qazana bilməməyindən məyusluğu var, eyni zamanda onun əyri yollarla yaşamamasından məmnundur. Eyni fikirləri “İstintaq” filmindəki Gülya barədə də demək olar. Bununla belə, fərqli daxili aləmi olan qadın obrazlarıdır. “Dədə Qorqud”da Burla xatun isə tamam başqa estetikadır. Amma hamısını yaradan aktrisa Şəfiqə Məmmədovadır. O aktrisa ki, ilk dəfə kinoda və teatrda qrimə etiraz edib. İlk vaxtlar rejissorlar bu etirazı qəbul edə bilməsələr də zamanla onunla razılaşmalı olublar. Səhnədə olduğu kimi həyatda da yeni aktrisa obrazı yaradıb, qrimsiz, bəzək-düzəksiz: “Bizim aktrisalar qrim arxasında gizlənməyi sevirlər, mənsə qrimdən istifadə etmirəm. Aktyor sənətinin əsaslarının əsası qrim deyil, insanın daxilidir, plastikadır”. 

Şöhrət onu addım-addım izlədiyi bir vaxtda aktrisa 1980-ci ildə ailə qurduğu üçün teatrdan uzaqlaşır, amma sənətdən çox da uzaq getmir. Təhsil aldığı ali ocaqda -Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayır. 

Ondan qiymət almaq hər oğulun işi deyildi. Gənc qızlara xüsusi ilə amansız davranırdı, yəni onun qiymət yazdığı tələbə qız gərək elə tələbəlikdən yarım aktrisa olaydı. İstedadsız tələbə Şəfiqə Məmmədovanın tələbəsi ola bilməzdi.

Yeri gəlmişkən, aktrisa rejissor Mehdi Məmmədovla ailə qurub, Ülvi Mehdi adlı oğlu var ki, o da sənət aləmindən uzaq deyil. 

Aktrisanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddət Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışıb. Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.

Şəfiqə Məmmədova özünün ölkənin ictimai-siyasi həyatında da sınayıb. Milli məclisdə sənət camesini təmsil edib. 1995–2000-ci illərdə Azərbaycanın teatr və kino sənətini yeni yüksəkliklərə daşımaq yolunda orda xidmət göstərib. 

Sonra da 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilməklə. İndi də kinodadır, amma çəkilmir. 

Sənətində ən yüksək zirvəni fəth edən aktrisa “Bir müsəlman qadını kimi bu günə qədər niyə kişi doğulmadığıma təəssüflənirəm” – deyir - Həyatda zirvələrə yüksəlməyimdə qadın olmağım kəsdi yolumu...”

Çox maraqlı fikirlərdir və bunu Xalq artisti, “Qızıl Dərviş” mükafatçısı, “Şöhrət” ordenli bir aktrisa deyir. Bəlkə də haqlıdır, biz onun zirvələri fəth etdiyini düşünə bilərik, onun öz aləmində o zirvə daha əlçatmazdır, ya da ki, bölüşmədiyi, qadın olduğu üçün bölüşə bilmədiyi  hələ çox düşüncələri var. Bəlkə özü də bizim onu görmək istədiyimiz yerdə görmək istəyir – kino pavilyonunda çəkilişlərdə... 

80 illik yubileyiniz mübarək!

P.S. Yazıdakı bəzi faktlar Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından götürülüb.

Ramilə Qurbanlı, (pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam