Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

““Kİtabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər”

 

AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) ““Kİtabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər” yazısını təqdim edirik:   

 

Xeberinfo.com:  “Kitabi-Dədə Qorqud”da ailənin bahadırlığa dayanan təməl prinsipləri  müstəvisində yeni dastanlara baxış.

     “Kİtabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik, igidin ailə qurması, qız alması üçün yerinə yetirməsi vacib olan şərtlər, qarşıya çıxan maneələr və onların dəf edilməsi, ailənin müqəddəsliyi, qadının uca tutulması, qovğada, savaşda ərindən geri qalmaması məsələlərinə yeni  baxış bucağı altında münasibət sərgiləmək və bütün bunların fonunda müasir məhəbbət dastanlarını nəzərdən keçirməkdir.

 Türkün ən qədim qəhrəmanlıq, eləcə də mədəniyyət, mənəviyyat salnamələrindən olan “Kitabi-Dədə Qorqud” boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn bir çox adət-ənənələrimizi yaşadır. Qədim oğuz türklərinin genetik bazası əsasında formalaşan Azərbaycan xalqı ilk növbədə bu dastanın hərtərəfli öyrənilməsi, daha dərindən dərki nəticəsində tarix səhnəsində öz yerini, rolunu, kimliyini dəqiq müəyyənləşdirə bilər. Bu baxımdan “Dədə Qorqud”un daha da hərtərəfli araşdırılmasına, son dərəcə ciddi tədqiqat obyektinə çevrilməsinə böyük ehtiyac var. Etiraf edək ki, istər sovet dönəmində, istərsə də müstəqillik illərində bu istiqamətdə bir sıra uğurlu addımlar atılmışdır. Lakin görülən işlərdə  bir qədər pərakəndəlik, təzad təşkil eləyən məqamlar özünü büruzə verməkdədir. Dastanın indiyə qədər tam öyrənilib, yekdil qənaətlərlə düzgün qiymətləndirilməməsinin bir sıra səbəblərini öncə diqqət mərkəzinə çəkməyi vacib hesab edirik. Qeyd edək ki, dastanla bağlı ən çox mübahisələr doğuran ziddiyyətli problem onun yaranma tarixi ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un yaranma tarixinin dəqiq və düzgün müəyyənləşdirilməsini çətinləşdirən ən başlıca səbəbsə, fikrimizcə, islamiyyətin qəbulundan sonra “Dədə-Qorqud”un islami motivlərlə ifaçılar, söyləyicilər  tərəfindən kifayət qədər zənginləşdirilməsidir. Dastana sonradan daxil edilmiş çoxlu sayda islami çalarlar, əlavələr əksər hallarda araşdırıcıları çaş-baş salaraq, onun yaranma tarixini müəyyənləşdirmək işini çətinləşdirmişdir. Lakin sevindirici haldır ki, XXI əsrin ikinci onilliyinin başlanığıcından etibarən bu məsələnin aydınlaşdırılması işinin təməli qoyulmağa başlamışdır. Bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardan biri kimi filologiya elmləri doktoru, professor Füzuli Bayatın araşdırmaları və qeydləri xüsusilə  yüksək qiymətləndirilməyə layiqdir. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanının yenidən dəyərləndirilməsi, psixoanalizinin aparılması, mahiyyətinin açılması, folklor nümunələri arasında, eləcə də xalqımızın həyatında, tarixində yerinin, mövqeyinin müəyyənləşdirilməsində adıçəkilən müəllifin izah və təhlilləri, məntiqə və tarixi qanunauyğunluqlara söykənən konsepsiyası, hesab edirik, qorqudşünaslıqda yeni mərhələdir. Kifayət qədər obyektiv tədqiqatçılardan saydığımız f.e.n. Xəliyəddin Xəlillinin onun haqqında fikrini sözə qüvvət kimi iqtibas etməyi vacib hesab edirik: “Füzuli Bayat tədqiqatları ilə Azərbaycan folklorşünaslığında oğuznamələrə (o cümlədən, “Dədə Qorqud” oğuznamələrinə – C.Ç.) yeni ruh, yaşam verən, mənəvi qidaya çevirməklə yeni nəsildə milli mənlik şüurunun yaranması, möhkəmlənməsi və inkişafı üçün mənəvi-ideoloji baza yaratmağa nail olan faiz təşkil  etməyəcək sayda tədqiqatçılardan biridir.” Qeyd edək ki, bu, olduqca obyektiv qiymətləndirmədir. Xüsusilə “Kitabi-Dədə Qorqud” düyünlərinin açılmasında F.Bayat yanaşmasının uğurları göz qabağındadır. Onun əsərdəki Dədə Qorqud, Bayındır  xan, Salur Qazan kimi obrazların təhlilinə, dəyərləndirilməsinə həsr etdiyi cümlələrdən tutmuş dastanın orta çağlarda islami dəyərlərlə qaynayıb-qarışması məsələlərinə qədər verdiyi izahlar, apardığı qeydlər, araşdırmalar orijinallığı və məntiqi-tarixi dəlillərə dayanması ilə seçilir: “İslamiyyətin qəbulundan sonra canlı ifadan çıxmayan qəhrəmanlıq dastanları islami motivlərlə zənginləşdirilmiş, yeni bir dastan tipi yaradılmışdır. O baxımdan qəhrəmanlıq dastanlarının əsl məqsədi İslam dinini təbliğ etmək, yaymaq, onun dəyərlərini uca tutmaq olmuşdur. Dastanlar xalqın həyatı, düşüncə tərzi ilə  bağlı olduqları üçün islamı qəbul etdikdən sonra xalqın təfəkküründə olan çox sayda qeyri-islami inanc və düşüncələr yerini yavaş-yavaş da olsa, islami dəyərlərin nümunəsi olan motivlərə buraxmışdır. Dədə Qorqud kitabında da islam dinini oğuzların arasında təbliğ etmək əsl məqsəd olduğu üçün islami dəyərlərin ifadə olunduğu düsturlar çox ustaca işlənmişdir. ”İqtibasdan da məlum olur ki, “Kitabi-Dədə Qorqud” oğuznamələri oğuzlar arasında islamın yaranmasından çox-çox əvvəllər mövcud olmuş, islami dəyərlərlə səsləşən nə varsa, buraya sonradan dini-siyasi məqsədlər naminə xüsusi bir inadla daxil edilmişdir. O, heç də Məhəmməd peyğəmbər zamanında formalaşmamış, bu dövrdə, sadəcə, əlavə və dəyişikliklərə (təcavüzə də demək olar) məruz qalaraq, yeni funksiya və çalarlar kəsb etməyə başlamışdır. Bu acı tarixi reallıqsa daha qədim keçmişimizlə bağlı xeyli informasiya itirməyimizə səbəb olmaqla yanaşı, həm də sonrakı tədqiqatçıları bir qədər də öz diqqətsizlikləri üzündən çaş-baş salıb aldadaraq, dastanın yaranma tarixinin yanlış müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. Bunu zamanında anlayan ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsinə sərəncam verməklə yanaşı, göstərilən rəqəmə şübhəylə yanaşdığını gizlətməyərək, “Kitabi-Dədə Qorqud ensiklopediyası”nın I cildinə yazdığı ön sözdə xüsusi vurğulayırdı: “Biz ötən dövrdə tariximizi özümüz istədiyimiz kimi (yəni obyektiv, olduğu kimi – C.Ç.) yaza bilməmişik. Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət tariximizin həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst olmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdır. Dədə Qorqudun 1300 illik yubileyi ilə bağlı  belə hazırlığın keçirilməsi o demək deyildir ki, yubiley keçirib, hansısa konserti dinləyəsən, yaxud hansısa bir şənliyin iştirakçısı olasan. Bunların əsas mənası və məqsədi zəngin tariximizin hər bir səhifəsini açmaq, geniş tədqiq etmək, onu xalqımıza və dünyaya təqdim etmək və beləliklə də əsrlər boyu tarixşünaslıq nöqteyi-nəzərindən itirdiklərimizi bərpa etməkdir.” “Qeyd etdiyimiz kimi, iqtibasdan Ulu Öndərin Dədə Qorqudla  bağlı özü də “tarixşünaslıq nöqteyi-nəzərindən” mövcud informasiyalara şübhəylə yanaşması açıq-aydın hiss olunur. Əks halda o, “itirdiklərimizi bərpa etməliyik” deyə narahatlıqla vurğulamazdı. Buradan o da aydın olur ki, dastanın yaşının ifadə edildiyi 1300 rəqəmi belə, Heydər Əliyev üçün şərti xarakter daşıyır və bu rəqəmin daha da dəqiqləşdirilməsinə böyük ehtiyac var. Sadəcə, 1300 rəqəmi altında yubiley tədbiri keçirib, “Kitabi-Dədə Qorqud” oğuznamələrini gündəmə gətirib, yeni, daha səmərəli, daha obyektiv və dəqiq tədqiqatlara, araşdırmalara start vermək, fikrimizcə, burada ən başlıca məqsəd olmuşdur.  Lakin təəssüflə qeyd edək ki, Dədə Qorqud kitabının 1300 illik yubileyinin keçirilməsindən sonra da sovet ideologiyasının xofu canında olan tətqiqatçıların əksəriyyəti dastanın yaranma tarixinin, yaşının dəqiqləşdirilməsi, “itirdiklərimizin bərpası” istiqamətində araşdırmalar apararaq, yeni addımlar atmağa cəsarət etmədilər. Onlar “bu tarixi Heydər Əliyev müəyyənləşdirib” bəhanəsi ilə “savadsızlıqlarını süni surətdə dövlət və güclü şəxsiyyətlərin kölgəsinə sığınmaqla ört-basdır etməyə çalışdılar.” Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının yaşının xalq yazıçısı Anarın təşəbbüsü və Heydər Əliyevin razılığı ilə 1300 il müəyyənləşdirilməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası onların əsərin müqəddiməsində yer alan məlumata əsaslanmalarıdır: “Rəsul əleyhüssəlam zamanına yaxın Bayat qəbiləsində Qorqud Ata deyilən bir kişi vardı. O kişi Oğuzun bilicisi idi. O, nə desə, düz çıxardı, gələcəkdən xəbər verərdi.” Təəssüf ki, Dədə Qorqud araşdırıcılarının da əksəriyyəti bu və bu kimi digər məlumatlara əsaslanaraq, dastanın Məhəmməd peyğəmbərin zamanında yaranması ideyasını qəbul etmişdir. Bununla da yenə bir müddət əsl həqiqət diqqətdən kənarda qalmışdır. Təəssüf doğuran hallardan biri də odur ki, Dədə Qorqud oğuznamələrinin ən yaxşı araşdırıcılarından olan F.Bayat belə epopeyanın daha qədim köklərdən süzülüb gəldiyini, islamiyyətdən çox-çox əvvəllərə aid olduğunu istinad verən dəyərli izah və təhlilləri ilə yanaşı, gözlənilmədən özü-özünü təkzib edərək yazır: “Türk millətinin yaşamının, mücadiləsinin, savaşının, düşüncəsinin, təfəkkür tərzinin ilk və əsaslı abidəsi kimi bu dastan yarandığı orta çağlardan yazıya keçirildiyi XVI yüzilə qədərki bütün tarixi olayların izlərini özündə qoruya bilmişdir. Bu möhtəşəm kitabda babalarımızın savaş, insani duyğular, etnik düşüncə, vətənə, yurda bağlılıq, qəhrəmanlıq və sədaqət, olum və ölüm fəlsəfəsi kimi məsələlərə münasibəti bütün  təfərrüatı ilə əks olunmuşdur.” Göründüyü kimi, iqtibasda alimin “orta çağlar” ifadəsindən savayı bütün dedikləri həqiqətdir. Həmin ifadə söylənilən fikirlərə qətiyyən uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində orta çağlarda mövcud olmuş dövlətlərin, hər hansı olayların tarixi məlumdur və bu çağlarda Dədə Qorqud oğuznamələrində təsvir edilən hadisələrin, savaşların heç biri baş verməmişdir. Oğuz qəbilə və tayfa ittifaqlarının ümumiyyətlə mövcudluğu haqqında Azərbaycanın orta əsrlərə aid tarixində heç bir məlumat yoxdur. Digər tərəfdənsə, dastanın dili, təhkiyə üslubu, buradakı şeir parçalarının dili və forması nə qədər təhrif və dəyişikliklərə, islamlaşdırılmağa məruz qalsa belə, qətiyyən islamiyyət zamanına uyğun gəlmir. Halbuki islamiyyətin qəbulundan sonra Azərbaycan dili ciddi şəkildə ərəb və fars sözlərinin, necə deyərlər, basqınına məruz qalmış, belə demək mümkünsə, tamam ayrı, yeni bir dilə – işarələr sisteminə çevrilmişdir. Və bunun nəticəsidir ki, hazırda doğma, milli kitabımız olan Dədə Qorqudu lüğət vasitəsilə oxuyuruq. Belə olan halda qədim oğuznamənin orta çağlarda yarandığını iddia etmək absurddur. Dastanın müqəddiməsində Dədə Qorqudun Rəsul əleyhüssəlam zamanına yaxın yaşaması ilə bağlı verilən məlumata gəlincə isə, əvvəla, qeyd edək ki, müqəddimə burada aşıq dastanlarındakı ustadnamələri əvəz eləyir. Ustadnaməninsə dastanla eyni vaxtda və ya eyni aşıq tərəfindən yaradılması tələb olunmur. Bir halda ki F.Bayatın özünün də vurğuladığı kimi, qəhrəmanlıq dastanları islamiyyətin yaranmasından sonra ustalıqla islami dəyərlərlə işlənib zənginləşdirilmişdir, demək, bu “əməliyyat” ilk növbədə  müqəddimədən başlanmalıdır. İkinci halda, həmin Qorqud Ata  deyilən kişi gələcəkdən xəbər vermə – şamanlıq qabiliyyəti olan bir ozandır. Odur ki, o, qədim oğuznamələrin tarixin ozan sənətinin sıradan çıxmadığı istənilən çağında (o, cümlədən, Məhəmməd peyğəmbər zamanında) yaşamış söyləyicilərindən biri ola bilər. Bu isə yenə dastanın onun həmyaşı olduğunu – orta əsrlərdə yarandığını söyləməyə heç bir məntiqi əsas vermir. Digər tərəfdən, islami dəyərlər “Kitabi-Dədə Qorqud” boylarına, professor F.Bayatın qeyd etdiyi kimi, nə qədər məqsədli şəkildə inad və ustalıqla işlənmiş olsa belə, iki ayrı-ayrı, tamam fərqli mədəniyyətlərə məxsus dəyərlər və ya dəyər sistemləri heç də bir-birinə hiss olunmayacaq, seçilməyəcək dərəcədə qaynayıb-qarışa, uyuşa bilməmişdir. Bu qənaətimizi təsdiq edən sübut və dəlillər dastanda kifayət qədərdir. Onları tapıb, ayırd eləyib, diqqət mərkəzinə gətirərək, əsaslandırmaq üçün ilk növbədə bilmək və qəbul etmək lazımdır ki, hələ islamın yaranmasından neçə-neçə yüzillər (bəlkə də min illər) əvvəlcədən qədim türklər (o cümlədən oğuzlar) vahid yaradıcı və idarəedici qüvvənin varlığına inanır, Göy Tanrıya sitayiş edirdilər. Yəni türklər təkallahlılıq konsepsiyasını islamdan əxz etməmişlər. Və qədim türklə Məhəmməd ümmətinin Tanrıya tapınmaları, duaları, Allahın təkliyini, böyüklüyünü, qüdrətini vəsf etmələri olduqca fərqlidir.

Bunlardan əlavə, Dədə Qorquddakı şəxs adlarının əksəriyyəti,  sevgi izhar eləyən ifadələr, öymələr-əzizləmələr, hətta qəzəb ifadə eləyən təhqiramiz, yüngül söyüş xarakterli sözlər islamiyyətin qəbulu nəticəsində orta çağlarda artıq sıradan çıxmış, onların yerini ərəb və qismən də fars mənşəli söz və ifadələr tutmuşdu. Yuxarıda qeyd edildiyi kimi, ümumiyyətlə Azərbaycan-türk dili dəhşətli dərəcədə ciddi dəyişikliklərə məruz qalmışdı.

Sözügedən çağlarda bir sıra adət-ənənələr, türkün (o cümlədən oğuz türkünün) yaşam tərzi, dünyaduyumu, düşüncə tərzi belə yenilənmiş, əski libasını dəyişmişdi. Bunlar arasında xüsusilə ailənin təməl prinsiplərinə münasibət, qız almaq, elçilik, daha dəqiq desək, yetkinlik yaşına çatmış oğuz igidinin könlünə yatan qızı almaq uğrunda uzaq və təhlükəli səfərə çıxaraq, ona şəxsən özünün qəhrəmancasına elçi düşməsi məsələləri üzərində müasir dastanlara müqayisəli şəkildə xeyli ətraflı dayanmaq tədqiqat işimizin başlıca məqsədlərindəndir. Qeyd edək ki, “Qanlı Qoca oğlu Qanturalı”, “Bayburanın oğlu Bamsı Beyrək” boyları əsasında araşdırıb təhlil edəcəyimiz bu tipli səhnələr “Kitabi-Dədə Qorqud” dastanının yaranma tarixi ilə bağlı yuxarıda söylədiklərimizi bir daha  məntiqlə əsaslandırmağımıza yardımçı olacaq. Məlumdur ki, “Kitabi-Dədə Qorqud” dastanında ailə qurmaqla, ailə-əxlaq prinsipləri ilə bağlı ənənələr istər klassik, istərsə də müasir məhəbbət dastanlarımızla müqayisədə xeyli fərqlənir. Bu fərqlənmənin kökündə, bünövrəsində isə əski türk-oğuz mədəniyyəti ilə orta çağlarda formalaşan ərəb-islam mədəniyyəti arasındakı fərqlənmələr dayanır desək, yanılmarıq. VII əsrin sonlarından başlayaraq islam dininin türk xalqlarına qəbul etdirilməsi və türklərin bu yeni fundamental konsepsiyanı sonradan sevərək öz mədəniyyətlərinə, məişətlərinə, öz dəyərlər sistemlərinə daxil etmələri, bir növ, islamla qaynayıb-qarışmaları onların tamamilə yeniləşməsinə, həyatlarının bütün sahələrində köklü dəyişikliklərə uğramasına səbəb oldu. İslamın o dövr üçün modernliyi, qəribəlikləri, türklərinsə yeniliyə meyilliliyi və emosionallığı nəticəsində əski ənənələrin, demək olar ki, əksəriyyəti islam ənənələri, dəyərləri ilə hibridləşməyə məruz qaldı. Xüsusən də ailə-əxlaq, kişi-qadın münasibətləri  get-gedə daha çox islami səciyyə daşımağa başladı. Artıq qızın onu sevən oğlanla güləşməsi, oğlanın sevdiyi qızı güləşdə yıxaraq, “üç öpüb, bir dişləməsi” kimi səhnələrin bədii  təsvirləri belə islam əxlaqına uyğun gəlmədiyi üçün aradan qalxdı. Qızın, qadının at minməsi, döyüşə getməsi, kişinin ən yaxın silahdaşı olması məsələlərinin qabardılması, oğlanın  almaq üçün igid, cəsur qız axtarması məsələləri get-gedə tarixə çevrildi. İslam mədəniyyətinin əxlaq kriteriyaları bunları artıq qəbul etmirdi. Bir sözlə, islam dininin türklər arasında qəbul olunaraq geniş yayılması, hər cür vasitələrlə təbliğ edilib, beyinlərə yeridilməsi digər türk xalqları kimi, əcdadlarımız olan oğuzları da qədim köklərdən, qan yaddaşından, milli mənlik şüurundan xeyli uzaq saldı. Adətlərin, dünyaduyum və təfəkkür tərzinin varislik əlaqəsi, demək olar ki, qırıldı. İş o yerə gəlib çatdı ki, xalqın folkloruna,  bədii təxəyyül məhsullarına da “əl gəzdirildi”. 

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam