Futbol meydanlarında Fransa - Azərbaycan duelləri: 18-ci oyun Parisdə gerçəkləşəcək -ARAŞDIRMA
Azərbaycan və Fransanın əsas futbol komandaları indiyədək UEFA turnirlərində 17 dəfə üz-üzə gəliblər.
Yenixeber.org-un məlumatına görə, bunlardan ikisi yığmanın, digərləri isə klubların payına düşür.
İlk belə qarşılaşma 1994-cü ilə təsadüf edib. Həmin vaxt Azərbaycan millisi Trabzonda, Avropa çempionatının seçmə mərhələsinin oyununda Fransaya iki cavabsız qolla uduzub. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığma 10 cavabsız qolla məğlub olub.
Daha sonra "Qarabağ" klubu UEFA İntertoto Kubokunun II təsnifat mərhələsində "Monpelye"yə rəqib olub. "Köhlən atlar" hər iki matçda rəqibinə yenilib - 0:3, 0:6.
Azərbaycan və Fransa komandalarının yolları 2014-cü ildən sonra avrokuboklarda çox kəsişib. Həmin il "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşıb. Hər iki görüş bərabərliklə başa çatıb - 0:0, 1:1. Ağdam klubu növbəti ildə də Fransa təmsilçisi ilə Avropa Liqasında üz-üzə gəlib. Səfərdə "Monako"ya uduzan (0:1) "köhlən atlar" Bakıda heç-heçəyə nail olub - 1:1.
Fransızları ilk dəfə məğlub edən Azərbaycan klubu isə "Qəbələ"dir. "Qırmızı-qaralar" 2016-cı ildə UEFA Avropa Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Lill"i üstələyib - 1:1, 1:0. Bölgə komandası həmin il qrup mərhələsində, bu dəfə "Sent-Etyen"lə münasibətlərə aydınlıq gətirib. Hər iki görüşdə fransızlar sevinən tərəf olublar - 1:0, 2:1.
2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsi səddini adlayan "Qarabağ" pley-offda "Marsel"ə rəqib olub. Hər iki matç Azərbaycanın hazırkı çempionunun məğlubiyyəti ilə yekunlaşıb - 1:3, 0:3. Ağdamlılar 2022-ci ildə Avropa Liqasının qrup mərhələsində "Nant"la iki dəfə üz-üzə gəlib. Bakıdakı görüşdə rəqibini 3 cavabsız qolla üstələyən kollektiv Fransada məğlubiyyətlə barışıb - 1:2.
Nəhayət, son olaraq "Qarabağ" 2024-cü ildə, Avropa Liqasının əsas mərhələsində Bakıda "Lion"u qəbul edib. Sözügedən matç rəqibin qələbəsi ilə bitib - 4:1.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.