Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Düşənbə görüşü: Rusiya-Azərbaycan münasibətlərində dönüş nöqtəsi - TƏHLİL

Düşənbə görüşü: Rusiya-Azərbaycan münasibətlərində dönüş nöqtəsi  - TƏHLİL
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti ərəfəsində Azərbaycan və Rusiya liderləri – İlham Əliyev və Vladimir Putin arasında baş tutan təkbətək görüşdə iki ölkə arasında olan bir sıra məsələlər ətrafında yaranmış çətinliklərin müzakirə olunub.

Yenixeber.org: Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə baş tutan təkbətək görüşü və aparılan ətraflı müzakirələr iki ölkə arasında münasibətlərin sabit və konstruktiv məcraya yönəldiyini nümayiş etdirib. Görüş zamanı bir sıra aktual məsələlər, o cümlədən son dövrlərdə yaranmış problemlər açıq və qarşılıqlı etimad şəraitində müzakirə olunub.

Tərəflərin səmimi dialoqu göstərib ki, Bakı və Moskva ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, anlaşılmazlıqların aradan qaldırılması və gələcək əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində eyni mövqedən çıxış edirlər. Bu görüş həm siyasi, həm də praktiki baxımdan münasibətlərin tam normallaşması üçün mühüm mərhələ kimi qiymətləndirilir.

AZAL təyyarəsinin qəzası görüşün əsas mövzusu olub

Liderlərin görüşündə müzakirəyə çıxarılan ilk məsələ AZAL şirkətinə məxsus təyyarənin ötən ilin dekabrında baş vermiş aviasiya qəzası olub. Rusiya Prezidenti qəzanın səbəblərindən danışıb.

Rusiya Prezidenti də söhbətə məhz bu həssas mövzudan başlayıb: “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır. Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, - bu da “qara qutular”da var, yaxşı eşidilir, - Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.”

      İlham Əliyev AZAL təyyarəsinin qəzası ilə bağlı məsələni qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev faciə barədə verilən ətraflı məlumata və məsələyə göstərilən şəxsi diqqətə görə təşəkkür edərək, istintaqın obyektiv aparılmasına inamını vurğulayıb.

Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm. Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim,” deyə Prezident İlham Əliyev vurğulayıb.

Siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iki ölkə liderinin ikitərəfli görüşünü pozitiv qiymətləndirib.

O, bildirib ki, Dekabr ayında müllki təyyarəmiz vurulana qədər Rusiya-Azərbaycan münasibətləri normal idi, ciddi problem yox idi, lakin təyyarəmiz vurulduqdan sonra Rusiya hakimiyyəti gərəkli addımlar atmadığına görə iki ölkə arasında münasibətlər gərginləşdi: “Üstəgəl Rusiyanın şəhələrində azərbaycanlılara qarşı zorkaılıq halları baş verdi, iki soydaşımız öldürüldü. Fikrimcə, Rusiya Prezidenti sonda Azərbaycanla münasibətlərin normallaşdırılmasının əhəmiyyətini anladı və buna görə Düşənbədə İlham Əliyevlə ikitərəfli görüş keçirmək təşəbbüsü ilə çıxış etdi. Onun sözlərindən çıxan nəticə budur ki, Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmayacaqdılar. Onun sözlərinə görə təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib. Azərbaycan Prezidentinə müraciətində “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram” deyən Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini də vurğulayıb. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır. Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi. Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hüquqi qiymət verəcəyi və kompensasiyaların ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq.”

              Azərbaycan-Rusiya münasibətlərini pozmaq cəhdləri iflasa uğradı

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini pozmağa və bu əlaqələrə xələl gətirməyə yönəlmiş cəhdlər göstərən müəyyən dairələr, xüsusilə də Simonyan, Solovyov, Zatulin və digər ermənipərəst mövqeli şəxslər öz planlarını reallaşdıra bilmədilər. Onların məqsədi iki ölkə arasında etimadı sarsıtmaq, siyasi dialoqa kölgə salmaq və əməkdaşlıq mühitində gərginlik yaratmaq idi. Lakin Bakı və Moskva rəhbərliklərinin qətiyyətli mövqeyi və açıq siyasi iradəsi nəticəsində bu cəhdlər iflasa uğradı.

Azərbaycanı narahat edən əsas məsələlərdən biri Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan və ermənipərəst qüvvələrin sistemli şəkildə ölkəmizin maraqlarına qarşı təbliğat aparması və ictimai rəyi manipulyasiya etmək cəhdləri idi. Məhz bu kontekstdə Prezident Vladimir Putinin media qarşısında verdiyi bəyanatlar xüsusi əhəmiyyət kəsb etdi. Onun açıqlamaları həm bu təxribat xarakterli fəaliyyətlərə aydınlıq gətirdi, həm də iki ölkə münasibətlərinə dair rəsmi Moskvanın mövqeyini aydın şəkildə ortaya qoydu. Bu isə destruktiv qüvvələrin məqsədlərinin reallaşmasına imkan vermədi və Azərbaycan–Rusiya münasibətlərinin etibarlı siyasi təməl üzərində inkişaf etdiyini bir daha təsdiqlədi.

Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov qeyd edib ki, regiondakı mürəkkəb vəziyyət fonunda Azərbaycan və Rusiya arasında siyasi dialoq vacib idi.

Politoloq: Azərbaycan və Rusiya arasında bütün məsələlərə aydınlıq gətirildi: Münasibətlərə davam

Son illərdə regionda baş verən mürəkkəb geosiyasi proseslər, təhlükəsizlik mühitindəki dəyişikliklər və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması fonunda Azərbaycan və Rusiya arasında yüksək səviyyəli siyasi dialoqun bərpası və davam etdirilməsi strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu görüş bir daha təsdiq etdi ki, Bakı və Moskva münasibətlərində qarşılıqlı maraqlara əsaslanan praqmatik yanaşma, uzunmüddətli strateji baxış və qarşılıqlı etimad prinsipləri iki ölkə əlaqələrinin əsas istiqamətini müəyyən etməlidir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan böyük güclərlə münasibətlərdə bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan müstəqil siyasi kurs həyata keçirir. Bu siyasət regional sabitliyin qorunması, sülh təşəbbüslərinin irəli aparılması və çoxtərəfli tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan–Rusiya siyasi dialoqunun intensiv xarakter alması həm ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına, həm də regionda təhlükəsizliyin və dayanıqlı sabitliyin təmininə real töhfə verir,” deyə o, vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada müəyyən siyasi dairələrin və ya destruktiv qüvvələrin iki ölkə arasındakı münasibətləri zədələmək, qarşılıqlı etimadı sarsıtmaq və siyasi dialoqu zəiflətmək istiqamətindəki ümidləri tamamilə boşa çıxıb: “Bakı və Moskva rəhbərliyi aydın şəkildə nümayiş etdirdi ki, strateji tərəfdaşlıq münasibətləri müvəqqəti siyasi təzyiqlər və ya manipulyasiya cəhdləri ilə sarsıdıla bilməz. Əksinə, qarşılıqlı maraqlara və regionun sabit inkişaf perspektivlərinə söykənən əməkdaşlıq xətti ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcək, siyasi əlaqələr və iqtisadi əməkdaşlıq isə daha da dərinləşdiriləcək.”(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam