Kremlin “prokuroru”, Stalinin, Xruşovun, Brejnevin, Andropovun adamı -Pelşe
Yenixeber.org: Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsi Kremldə ən ciddi qurumlardan biri sayılıb. Ən yüksək vəzifəli dövlət məmurları belə bu komitə ilə ehtiyatla davranıblar. Hətta çoxları bu qurumu Mərkəzi Komitənin prokurorluğu adlandırıblar. Hansı məmurun məsələsi Partiya Nəzarəti Komitəsində müzakirəyə çıxarılıbsa, onu heç də xoş aqibət gözləməyib. Bir az da dəqiq ifadə etsək, bu komitə baş katiblərin vuran əli sayılıb.
Partiya Nəzarəti Komitəsinin ən uzunömürlü sədrlərindən biri Arvid Pelşe olub. O, 1966-cı ildən ömrünün sonuna, 1983-cü ilə qədər bu komitəyə rəhbərlik edib. Çoxları üçün sakit təbiətli sayılan Pelşenin bu vəzifədə sərt addımları, kəskin qərarları heç də az olmayıb.
Televiziyadakı görüntülərdən, mətbuatdakı şəkillərdən fərqli olaraq SSRİ-nin siyasi elitasında təmsil olunanların aralarındakı münasibət heç də təqdim olunduğu kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində olmayıb. Kremldə bütün dövrlərdə siyasi çaxnaşmalar, intriqalar, qruplaşmaların mübarizəsi hökm sürüb və səhnənin arxasında baş verən hadisələrin gedişinə Partiya Nəzarəti Komitəsinin xüsusi təsiri olub.
Elə Arvid Pelşenin özü də siyasi oyunlarda kifayət qədər çevik, həm də təhlükəli oyunçu sayılıb. Hələ Stalinin hakimiyyəti dövründən SSRİ-nin ən nüfuzlu siyasi fiqurlarından biri sayılan, sonralar isə ömrünün sonuna, 1986-cı ilə qədər (93 yaşında vəfat edib) ölkədə cərəyan edən siyasi prosesləri izləyən Vyaçeslav Molotov öz xatirələrində Arvid Pelşe haqqında yazıb:
“Pelşeni güclü siyasətçi saymaq olmaz. Çünki əsl siyasətçilərin Pelşedən fərqli olaraq bir siması olur. Bəli, siyasətçi öz mübarizə metodunu dəyişə bilər, amma mövqeyini yox. Arvid Pelşe isə öz mövqeyini, əqidəsini birincilərin mövqeyinə, əqidəsinə uyğun rahatlıqla dəyişməyi bacaran bir adam olub və o, öz mövqeyinə görə kiminsə haqqını tapdamaqdan da çəkinməyib. Adətən, insan gürzə ilanla qarşılaşanda, onu toxunmursa, ilan da sakit keçib gedir, Pelşe isə fərqlidir, ona toxunmayanda da o, çalmaq istəyib...”
Pelşenin siyasi fəaliyyətinə nəzər salanda Molotovun fikirlərinin həqiqət olduğunu anlamaq bir o qədər də çətin deyil.
Pelsenin siyasi karyerasında Stalinin böyük rolu olub. Məhz Stalinin təşəbbüsü ilə Pelşe 1941-ci ildə Latviya Mərkəzi Komitəsinin katibi təyin edilib. Stalinin vəfatından sonra Xruşov kadr islahatlarına başlayanda Latviya rəhbərliyini də Kremlə dəvət edib. O cümlədən Xruşov Pelşeni də qəbul edib və onun fəaliyyətini tənqid edib:
- Siz Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi təbliğat və təşviqat işlərinə cavabdehlik daşıyırsınız. Amma sizin işiniz görünmür, hiss olunmur. İki-üç dənə plakatı küçələrə yapışdırmaqla işinizi bitmiş hesab edirsinizsə, biz sizlə sağollaşmaq məcburiyyətində olacağıq.
Pelşe Xruşova öz fəaliyyəti haqqında ətraflı məlumat verməyə çalışıb:
- Nikita Sergeyeviç, Latviyada Kommunist Partiyasının təbliğatı olduqca yüksək səviyyədə aparılır. Respublika kommunistləri bu sahədə olduqca fəaldırlar və onlar özlərini Leninin, Stalinin və sizin sədaqətli davamçıları sayırlar...
Xruşov Pelsenin sözünü kəsib və səsinin tonunu qaldırıb:
- Kimin? Stalinin? Yox, demək, Latviya komministləri öz siyasi müvazinətlərini tam itiriblər.
Sonra Xruşov Pelşeyə hər şeyi açıq söyləyib və Stalinə qarşı aparılacaq kampaniyada onu fəal olmağa çağırıb. Beləliklə, 1956-cı ildə keçirilən partiyanın 20-ci qurultayının hazırlığında Pelşe yüksək fəallıq göstərib. Qurultaydan sonra Xruşovun göstərişi ilə mütəmadi olaraq dövri mətbuatda Stalin haqqında mənfi yazılarla çıxış edib. Bunula da Pelşe öz “çevik” siyasi fəaliyyəti nəticəsində “Stalinin adamı” statusundan “Xruşovun adamı” statusuna uğurlu keçid edib.
Xruşov Arvid Pelşeni 1959-cu ildə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edib.
Siyasi proseslərin hansı səmtə cərəyan edəcəyini əvvəlcədən hiss etməyi bacaran Pelşe 1964-cü ildə Kremldə baş verən saray çevrilişində Brejnev komandasının ən fəal üzvlərindən birinə çevrilib. Sözsüz ki, Xruşov özünə yaxın saydığı Pelşedən bu xəyanəti gözləməyib. Beləliklə bu dəfə Pelşe mövqelərini qorumaq üçün çox rahatlıqla Xruşova badalaq vurub.
Moskvaya can atan Arvid Pelşe yeni vəzifə üçün bir neçə dəfə Brejnevə müraciət edib. Baş katib onun xahişini yerinə yetirib, amma qarşısına şərt qoyub:
- Siayasi Büro sizin Partiya Nəzarəti Komitəsinə sədr təyinatınıza müsbət baxır. Amma bu vəzifədə siz məsuliyyətinizi hiss etməlisiniz. Xüsusilə də kadrların saf-çürük edilməsində sizin mövqeyiniz həlledici olmalıdır.
Təbii ki, Pelşe Brejnevin nəyə işarə etdiyini yaxşı anlayıb. Xruşov komandasının üzvlərini vəzifədən uzaqlaşdırmaq üçün ondan, Partiya Nəzarəti Komitəsindən istifadə ediləcəyini başa düşüb və məmnunyyətlə razılıq verib.
1966-cı ildə Arvid Yanoviç Pelşe Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə sədr təyin edilib.
Pelşe köhnə komandanın üzvlərini böyük peşəkarlıq və ustalıqla siyasi səhnədə sıxışdıraraq vəzifələrindən uzaqlaşdırıb. Partiya Nəzarəti Komitəsinə arzuolunmaz dövlət məmuru haqqında bir informasiyanın daxil olması yetərli sayılıb ki, həmin şəxs haqqında araşdırma aparıb nəticələri Siayasi Büroya təqdim olunsun.
Pelşenin fəaliyyəti Brejnevi tam qane edib. Baş katibin göstərişi ilə Pelşe Xruşov komandasının sonuncu mogikanını, mədəniyyət naziri Yekaterina Furtsevanı da sıradan çıxarıb.
Belə ki, Furtsevanın vəzifəsindən sui-istifadəsi ilə bağlı Partiya Nəzarəti Komitəsinə məktub daxil olub. Məktubda göstərilib ki, nazir Böyük Teatrın təmiri üçün nəzərdə tutulmuş palıd döşəməni (parket) öz yeni tikdirdiyi bağı üçün istifadə edib. Pelşe xüsusi komissiya yaradıb. Bağ evinə baxış keçirilərkən həqiqətən də tikintidə çox bahalı palıd döşəmədən istifadə olunduğu aşkar edilib. Məsələ Brejnevə məruzə edilib. Bağ evi Furtsevadan alınaraq dövlət fonduna verilib, özü isə nazir vəzifəsindən uzaqlaşdırılıb.
Brejnevin vəfatından sonra Pelşe altı ay Yuri Andropovla işləyib. Amma həmin ayları Pelşe əsasən xəstəxanalarda keçirib. Ümumiyyətlə isə, Andropovun Pelşeyə münasibəti müsbət olub. 1993-çü ilin may ayında Pelşe vəfat edəndə onun dəfn mərasiminin yüksək səviyyədə keçirilməsi də məhz Andropovun ona olan münasibətinin ifadəsi kimi dəyərləndirilib.(musavat)
İlham Cəmiloğlu