Stalinin yasaqlanmış adını “dirildən” Brejnev –Suslov razı olub, Pelşe qarşı çıxıb...
Yenixeber.org: Nikita Xruşov hakimiyyətdən devrildikdən sonra İosif Stalinin partiyanın rəsmi tədbirlərində adı ilk dəfə 1965-ci ildə, qələbənin 20 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda çəkilib. Leonid İliç Brejnev öz geniş məruzəsində yalnız bir cümlədə Stalinin adını qeyd edib: “Müharibə başlananda düşmənlə mütəşəkkil mübarizə aparmaq üçün İosif Stalinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılmışdır...”
Baş katibin bu cümləsi birmənalı qaşılanmayıb, istər ictimaiyyət arasında, istərsə də siyasi elitada böyük mübahisələrə səbəb olub. Kimlərsə Brejnevin Stalinin adını çəkməsini ədalətli sayıb, digərləri isə bunu partiyaya zidd bir addım kimi qiymətləndirib.
Növbəti dəfə Stalinlə bağlı məsələ 1969-cu ildə gündəmə gəlib. 30 il ölkəyə rəhbərlik etmiş bir şəxsin 90 illik yubileyi müzakirə mövzusuna çevrilib.
17 dekabr 1969-cu ildə, Stalinin 90 illik yubileyinə 4 gün qalmış Siyasi Büronun iclası keçirilib. Rəsmi olaraq Stalinlə bağlı gündəliyə heç bir məsələ salınmayıb. Fasilə zamanı Brejnev büro üzvlərini yanına dəvət edib və onların fikirlərini öyrənmək qərarına gəlib:
- Biz məsələ ilə bağlı yekdil bir qərara gəlməliyik. Stalinin 90 illik yubileyi ilə əlaqədar mərkəzi mətbuatda məqalə dərc olunmasını müzakirə etməliyik. Gəlin əvvəlcə öz aramızda bunu müzakirə edək, ümumi bir qənaətə gəlsək, məsələni Siyasi Büro iclasının gündəliyinə salaq.
İlk olaraq məsələyə Mərkəzi Komitənin katibi, baş ideoloq Mixail Suslov münasibət bildirib:
- Mən belə düşünürəm ki, ölkə Stalin haqqında məqaləni çoxdan gözləyir, xüsusilə də Gürcüstan vətəndaşları. Hansısa təntənəli tədbirlrin keçirilməsinin tərəfdarı deyiləm, amma məqalənin verilməsini vacib və məqsədəuyğun sayıram. Məncə, indi susmağın zamanı deyil.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı məsələyə fərqli münasibət bildirib:
- Demək olar ki, biz hamımız partiyanın 20-ci və 22-ci qurultaylarının nümayəndələri olmuşuq. Həmin qurultaylarda Stalinin siyasi səhvləri haqqında tənqidi çıxışlarımız olub. Buna görə də belə hesab edirəm ki, onun 90 illik yubileyini heç xatırlamağa belə lüzum yoxdur. O ki qaldı qəzetdə məqalə verilməsinə, mən bununla razıyam. Amma bir şərtlə. Həmin məqalədə Stalinin əli ilə kimlərin və neçə nəfərin məhv edilməsini göstərməliyik...
Müzakirə zamanı Siyasi Büronun üzvü, Ukraynanın birinci katibi Pyotr Şelest Podqornıya qarşı çıxıb:
- Təbii ki, mənim məsələyə münasibətim yoldaş Podqornının fikirlərinə zidd olacaq. Stalin haqqında məqaləni mətbuata vermək lazımdır və vacibdir. Yığıncaqlarda, görüşlərdə bizə Stalinin 90 illik yubileyi ilə bağlı saysız-hesabsız suallar verilir, müraciətlər olunur. Heç olmasa xalqın bu marağını nəzərə almalıyıq. Bəli, Stalinin səhvləri olub. Amma onun xidmətləri də danılmaz faktdır axı. Biz tarixi təhrif edə bilmərik. İndi özünüz də şahid olursunuz ki, marşallar və generallar öz memuarlarında Stalin haqqında fikirlərini yazırlar, həm xidmətlərini, həm də nöqsanlarını. Biz də ümumi bir fikrə gəlib, onun istər partiya və dövlət qarşısındakı xidmətlərini, istərsə də buraxdığı səhvlərini şişirtmədən, qabartmadan mətbuatda işıqlandırmalıyıq.
Mərkəzi Komitə yanında Partiya Nəzarəti komitəsinin sədri Arvid Pelşe məsələyə kəskin münasibət bildirib:
- Stalin haqqında yaxşı nəsə deməyə heç bir əsas yoxdur. Onun xalqa, dövlətə vurduğu zərbələrin ağrıları hələ bu gün də hiss olunur. 90 illik yubiley bu heç də nəsə bir təntənə demək deyil. Odur ki, onun haqqında hansısa bir məqalənin mətbuatda getməsini mənasız və yersiz sayıram.
SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, DTK sədri Yuri Andropov, Mərkəzi Komitənin katibi İvan Kapitonov, Belarusiyanın birinci katibi Pyotr Maşerov, marşal Dmitri Ustinov və digər Siyasi Büro üzvləri Stalinin 90 illik yubileyi ilə əlaqədar mətbuatda məqalənin çıxmasına müsbət münasibət bildiriblər.
Qeyd edək ki, SSRİ dövründə mərkəzi mətbuatda hər hansı bir məsələ ilə bağlı çap olunan yazı ölkə rəhbərliyinin həmin məsələyə münasibəti kimi qiymətləndirilib.
Sonda Brejnev qeyri-rəsmi yığıcağı yekunlaşdırıb:
- Belə başa düşdüm ki, büro üzvlərinin əksəriyyətinin məsələyə münasibəti müsbətdir. Biz iclasın ikinci hissəsində Stalinin 90 illik yubileyi ilə bağlı məsələni rəsmi olaraq gündəliyə salacağıq. Son qərarımız isə onunla bağlı mətbuatda məqalənin getməsi olacaq.
Beləliklə məsələ iclasın gündəliyinə salınıb. Stalinlə bağlı məqalənin çap olunmasına nəzarət Mərkəzi Komitənin katibi Mixail Suslova tapşırılıb.
Bir ildən sonra isə, 1970-ci ildə Brejnevin təşəbbüsü ilə İosif Stalinin Qırmıız Meydandakı məzarı üstə büst ucaldılıb.
Brejnevin Stalinə olan bu mərhəmətli münasibəti də birmənalı qarşılanmayıb. Amma hər halda SSRİ-nin 30 illik bir tarixini yaradan İosif Stalini “yaşatmaqla” Brejnev tarixin özünü təhriflərdən qoruyub.
Bir də yəqin ki, Stalinlə bağlı qərar verərkən Brejnev onunla ilk görüşünü də xatırlayıb:
Partiyanın Moskvada keçirilən 19-cu qurltayında fasilə zamanı səliqəli, bir az kök görünüşlü, yanaqları qırmızı Brejnev təsadüfən İosif Stalinin gözünə sataşıb. Stalin gülümsəyərək həmin dövrdə Moldoviyanın birinci katibi olan Brejnevi belə adlandırıb: “Necə də yaraşıqlı moldovandır...”(müsavat)
İlham Cəmiloğlu