Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Kremlin “Don Juan"ı–Çernenko Kremldə “çoxuşaqlı ata” və “çoxarvadlı kişi” kimi tanınıb

 

 

Yenixeber.org: Kremldəki həmkarları onu “qəribə adam” adlandırıblar. Heç vaxt şəxsi təşəbbüs göstərməyən, hər hansı bir məsələyə şəxsi münasibəti olmayan Konstantin Çernenko siyasi kursunda bütövlükdə Leonid İliç Brejnevdən asılı olub və onun mövqeyi baş katibin “hə” və ya “yox” cavabları ilə müəyyənləşib.

Çernenko uzun illər ciddi vəzifələr daşısa da, heç vaxt ciddi siyasətçi kimi tanınmayıb. Düzdür, o Mərkəzi Komitənin katibi olanda bütün aparatı özünə tabe edə bilib, amma Kreml məmurları onun bu cür “işgüzarlığının” haradan qaynaqlandığını da yaxşı biliblər, Çernenkonun Brejnevlə isti münasibətlərindən də xəbərdar olublar.

Siyasi fəaliyyətinin əsas hissəsini Brejnevə ünvanlanan məktubları araşdırmağa sərf edən Çernenko birinci kürsüyə sahib olanda, 13 aylıq hakimyyətinin yarıdan çoxunu ölkəni xəstəxanadan idarə edəndə siyasi xarakterində qətiyyət hiss olunmayıb.

Konstantin Çernenko siyasətdə passiv olsa da, şəxsi həyatında qədərindən də artıq aktiv olub. Hətta bəzi hallarda onun şəxsi həyatındakı “fəallığı” Kremldə müzakirə mövzusuna çevrilib. Xüsuslə qadınlara qarşı laqeyd olmamasına görə, Siyasi Büroda da Çernenkoya qarşı “laqeyd” olmayıblar. Onun sevgiləri haqqında Kreml dəhlizlərində söhbətlər dolaşıb.
Çernenko rəsmi olaraq iki dəfə ailə həyatı qurub. İxtisasca aqronom olan Faina Vasilyevna ilə nikah uzun sürməyib. Cütlüyün iki övladı olsa da, onlar 3 ildən sonra ayrılmağa qərar veriblər. Belə ki, 1941-ci ildə müharibə başlananda (həmin dövrdə Çernenko Krasnoyarsk diyar Partiya Komitəsinin katibi işləyib) Çernenkonu cəbhəyə yox, Moskvaya, Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinə oxumağa göndəriblər. Moskvadakı təhsil illərində Çernenko Tədarük komissarlığında (nazirliyində) işləyən Anna Lyubimova ilə tanış olub. Cəmisi bir neçə aydan sonra onlar rəsmi nikaha giriblər. Çernenkonun bu ailəsində isə üç uşaq dünyaya gəlib.

Çernenkonun sevgiləri ikinci nikahla da tükənməyib. Onun eyni vaxtda bir neçə qadınla görüşməyi haqqında söhbətlər gəzib. Əlaqədə olduğu qadınlardan bir neçəsi isə “atıldıqlarına” görə Mərkəzi Komitəyə məktublar göndəriblər. Bu cür şikayət məktubları adətən Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində araşdırılıb. Həmin dövrdə şöbənin müdir müavini, eyni zamanda “Pravda” qəzetinin baş redaktoru Dmitri Şepilov Mərkəzi Komitənin ideologiya üzrə katibi Mixail Suslova Çernenko haqqında yazılı arayış təqdim edib. Dörd səhifəlik arayışda bu sətirlər də əks olunub:

“Konstantin Çernenko kommunist əxlaqına zidd olan hərəkətləri ilə cəmiyyətdə partiya haqqında mənfi rəy formalaşdırır. Belə ki, o, heç bir ciddi səbəb olmadan birinci nikahını pozmuş, ikinci dəfə rəsmi nikaha girmiş, bundan sonra da ayrı-ayrı qadınlarla əlaqələri olmuşdur. Bununla bağlı Mərkəzi Komitəyə çoxsaylı şikayətlər daxil olub. Çernenko ilə mövzu ilə bağlı bir neçə dəfə söhbət aparılsa da, heç bir nəticə verməyib. Diqqətinizə çatdırıram ki, bu günlərdə Konstantin Çernenkonun Mərkəzi Komitə aparatına işə gətirilməsi müzakirə olunur. Mənəvi-əxlaqi durumu problemli olan bir şəxsin ali partiya orqanlarında işləməsini şöbə əməkdaşları məqbul saymır...”

Mixail Suslov arayışdakı faktları əsas götürərək Çernenkonun Mərkəzi Komitəyə təyinatını dayandırıb. Konstantin Çernenko Moldoviyaya göndərilib.

Bu əngəlləmə prosesi “bəxti gətirməyən” Çernenkonun həyatında böyük rol oynayıb. Çernenko məhz Moldoviyada gələcək baş katib Brejnevlə tanış olub, onunla yaxın dostluq münasibətləri yaradıb. Qadın məsələlərində “həmfikir” olduqlarından Çernenko Moldoviyada da öz əyləncələrindən qalmayıb.

Beləliklə, Konstantin Çernenko addım-addım Brejnevin arxasınca düz Kremlə qədər irəliləməyə nail olub.

Sonralar “qəribə adam”ın yeni qeyri-rəsmi titulları da ortaya çıxıb. Çernenkonu Kremlin “çoxuşaqlı atası” da adlandırıblar. Amma bu ada Yeqor Liqaçov bir dəfə düzəliş də verib: “Çoxarvadlı kişi”.

Liqaçov jurnalistlərlə söhbətlərinin birində Çernenkonun ailə məsələləri ilə bağlı fikirlərini belə bölüşüb:

“Anna Lyubimova Çernenkonun əvvəlki həyat yoldaşlarından fərqli olaraq daha etibarlı idi. Çernenko xəstəxanada son günlərini yaşayanda bu qadın bir dəqiqə olsun belə onun yanından çəkilmədi...”

Jurnalistlər “əvvəlki həyat yoldaşları” ifadəsinin cəm halda olduğunu soruşanda Liqaçov belə cavab verib:

“Əgər bir ifadədə cəm şəkilçisi varsa, demək, söhbət bir nəfərdən getmir, bir neçə həyat yoldaşından gedir, əlaqələrin rəsmi, yaxud qeyri-rəsmi olması isə heç nəyi dəyişmir...”

Qeyd edək ki, Konstantin Çernenko 13 fevral 1984-cü ildən 10 mart 1985-ci ilə qədər SSRİ-yə rəhbərlik edib.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam