Mətbuat diktatoru devrildi, “Xilafət xilas oldu...”
Əli Həsənovun və Vüqar Səfərlinin yaşadığı evlərdə, bağ evlərində, qohum-əqrəbalarında axtarış tədbirləri həyata keçirsinlər
Yenixeber.org: Ta qədimdən hələ şahların, xaqanların, padşahların saraylarında kök atmış, sarayların içərisinə girib öz bəd, nakəs əməllərini məharətlə həyata keçirənlər axırda dar ağacından asılıblar. Həmişə birinci adamın ətrafında dolaşan “yarməmmədlər”, “yastısalmanlar”, “qaloşlar” tərəfindən xəyanət olunur. Birinci adam ayılanda da onda gec olur...
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri olmuş, Əli Həsənov bu günlərdə mətbuata açıqlamasında deyir ki: “Mən 3 ildir ki, xəstəyəm, öz ərizəmlə cənab Prezidentə işdən çıxmağım haqqında müraciət etmişəm". Ay millət, ay xalq ictimai-siyasi münasibətlərə ölkədə məsul bir şəxs olan Əli Həsənovun fikirlərinə diqqət edin. Bu adam öz açıqlamaları ilə bir daha cənab İlham Əliyevi nişangaha çevirir. Guya bu adam dəfələrlə işdən çıxmaq istəsə də onu işdə çıxarmayıblar. Sən demə bu ölkədə Əli Həsənovu əvəz edən bir şəxs yox imiş, sanki bu adam xəstə ola-ola işə gedib-gəlirmiş. Belə çıxır ki, Prezident Administrasiyasında işləyən işçilər həkim qeydiyyatından keçmirlər, Əli Həsənov kimi xəstə-xəstə işə gedib-gəlirlər. Belə yerdə deyirlər e, “hürüşün bilməyən it, örüşünə qurd gətirir”. Əli Həsənov, sən Azərbaycan mətbuatının başından 27 il Domokl qılıncı kimi asılmısan. KİVDDF-nə gətirdiyin mətbuat qəssabı Vüqar Səfərli ilə birləşərək qeyri-peşəkar jurnalistlər “şayka”sı yaratmısınız. Nə qədər müsabiqələr keçirsəniz də ölkədə özünüzə bənzəyən mətbuat dəllalları yaratmısınız. Özüm şahidi olmuşam, sənədlirimi KİVDDF-nə verəndə buraya sənəd verməyə gəlmiş Məzahir Süleymanzadə, Mustafa Çəmənli kimi jurnalistləri KİVDDF işçiləri tanımadılar. Bu da sənin yaratdığın KİVDDF. Bu nədən irəli gəlir, Əli Həsənov? Sən özün kitabxanaçılıq ixtisasın ola-ola hansı haqla özünü Prezidentə jurnalist kimi təqdim etmisən və saxta jurnalist bayrağı altında öz iyrənc əməllərini Azərbaycan cəmiyyətinə sırımısan.
Bu azmış kimi qohumbazlıq, tayfabazlıq prinsiplərinə söykənib, ömründə bir dənə də olsun bədii ədəbiyyat oxumayan ADU-nun (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini irəvanlı Mamed müəllimin valsitəçiliyi ilə höccələyə-höccələyə başa vuran Vüqar Səfərlini uğursuz bir tapıntı kimi Azərbaycan mətbuatının başına gətirmisən. KİVDDF-nin icraçı direktoru Vüqar Səfərli bizim kənddən (Tividən) olduğu üçün onun “dabbağda gönünə” bələdəm...
Əli Həsənov, sənin Azərbaycan mətbuatına vurduğun zərəri heç faşist Almaniyası SSRİ-yə vurmayıb. Sən Azərbaycan jurnalistlərini, əsl qələm adamlarını tanımadığına görə satdığın jurnalistlərin binasında da qələmsiz-kalamsız, həm də evə ehtiyacı olmayan qohum-əqrəbana paylamısan və lənət qapısı açmısan. Çox keçməz ki, Bibiheybət məscidindən başlanan sürüşmə o binalara tərəf gedib çıxacaq. Burada ev alan bədbəxtlər çətin ki, xoşbəxtlik tapalar...
Əli Həsənov, sənin cinayətlərin bunlarla bitmir. Sənin mətbuatda yaratdığın Səddam Hüseyn rejimi neçə-neçə istedadlı, kəlamlı, əsl jurnalistləri Vətəndən didərgin salıb. Bu gün Vətənə, dövlətə hava, su kimi lazım olan jurnalistlərdən Nadejda İsmayılova, Əmir Pəhləvan, İlqar Əlfi, indi haqq dünyasında olan Cavanşir Eloğlu, Şamxal Rüstəm, Səttar Zərdabi kimi qələm adamları göstərdiyin təzyiqlər nəticəsində sənin iyrənc siyasətinə dözməyib, Vətəni tərk etmişlər.
Onlardan çoxu xarici ölkələrdə yazıb-yaradır, yenə də sevgili Azərbaycanı tərənnüm edirlər.
Bu yaxınlarda yazı yazarkən məlumat aldım ki, səni Moskvaya oxumağa göndərənlər elə bilirdilər Azərbaycana nəsə götürəcəksən. Deyirlər tələbə vaxtı, Ustinovun, Çernenkonun, Andropovun qəbirlərinin üstünə gül dəstələri qoyursanmış ki, bu da sənin imperiya nökərçiliyindən irəli gəlir. İşdən çıxmağın səriştəsizliyindən, naşılığından, məddahlığından, dünya malına hərisliyindən, sərvət toplamağından, qələmli jurnalistləri görməməzliyə vurmağından, cəmiyyətə saxta düşüncə ixrac etməyindən irəli gəlir. Cənab Prezidenti zərbə altında qoyma, “gedirsən bəhanəsiz get, oyatma mürgülü xatirələri”...
P.S. Hüquq-mühafizə orqanlarına, Respublika Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. Əli Həsənovun və Vüqar Səfərlinin yaşadığı evlərdə, bağ evlərində, qohum-əqrəbalarında axtarış tədbirləri həyata keçirsinlər, Azərbaycanın büdcəsinin yarısı qədər vəsait əldə olunar. Mən buna vicdanımla cavabdehəm....
Vəli Səmədli, Köhnə Tivili, AJB-nin üzvü