ELMİN VİCDAN MƏSƏLƏSİ –“Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
Gözləyənlərin gözü aydın!
Yenixeber.org: Nəhayət ki, Prezidentin 11 iyun 2019-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edildi.
Düzdür, ölkənin və min bir dərd-sərini yuyub sərməyə zivə tapmayan sakinlərinin problemlərinin yanında bu məsələ bir qədər kiçik də görünə bilər, onu çoxları qulaqardına vura, lap görməzdən gələ bilər. Lakin… səbirsizliklə, lap dəqiq olsun deyə, ötən ilin dekabrından bəri – tam altı aydır ki, gözünün kökü saralanadək, əsəb və hövsələsi tarıma çəkilib boğazına dirənənədək gözləyənlərin də sayı az deyildi.
Prezident İlham Əliyev yenə də, həmişə və hər bir işdə olduğu kimi, zamanında yetişib elmi işi rəflərdə müdafiəsini gözləyən yüzlərlə iddiaçının həsrət və həyəcanına sərin su səpdi.
Məsələnin nəzmi barədə bu qədəri yetər. Keçək nəsrinə.
***
Açıq danışaq, zatən gizli də deyil, ölkənin elm təsərrüfatının ən ciddi seqmentlərindən biri sayılan Ali Attestasiya Komissiyasının adı mərhum akademik A.Mirzəcanzadədən sonra ən müxtəlif, yumşaq desək, həlləm-qəlləm işlərdə hallanıb. Bu sahədə “coşqun inkişaf” dövrü isə müavin V.Hüseynovun sədr əvəzi kimi “meydan suladığı”, bu ciddi dövlət qurumunu az qala “sex təfəkkürü” ilə idarə etdiyi vaxta təsadüf edir. Əgər bu gün məmləkətin məhkəmə sistemindən söz düşəndə səslənən üç tezisdən biri “haqqını ver, ədalətini al!” imperatividirsə, AAK-la bağlı da eyni neqativ qənaətlər dolaşırdı.
Bu qurumdakı bürokratiya, haqsızlıq həddinə çatan süründürməçilik insanları elmlə məşğul olduğuna, taleyini bu yola bağladığına peşiman etdirirdi. Küsənlər, bezənlər, söyənlər …
Bu sahəynən yaxından-uzaqdan maraqlananların yadında olar; 2009-cu il noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirildi və dekabrın 8-də akademikin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi işıq üzü gördü.
Hörmətli akademik hələ ovaxt, əslində həmişə, elmin və elmlə məşğul olanların məsuliyyətinin artırılması məsələsini önə çəkib, elmin, bu barədə təsəvvürü, eləcə də onu qavraya biləcək əqli-intellektual potensialı olmayan təsadüfi adamların təcavüzündən qorunmasının zəruriliyini dilə gətirib, elmə hobbi, anturaj, imtiyaz səviyyəsində “mehr salanların” kütləvi “səlib yürüşü”nün qarşısının alınmasının az qala milli mücadilə məsələsi olduğunu vurğulayıb. Əslində, Ali Attestasiya Komissiyasının fəaliyyətinin bütün spektrlərinə ayna tutan, siqləti və əhəmiyyəti etibarilə fundamental sayıla biləcək həmin məqalə bu qurumun sonrakı illər üçün perspektiv fəaliyyətinin strateji yol xəritəsi olmağa layiq idi.
Məqalə müəllifinin toxunduğu məqamlar AAK-ın istər 2009-cu ilədək, istərsə də sonrakı dövrdə problemlər rəfində müvazinətini yaxşılığa doğru dəyişə bilməyən, onu qarabaqara izləyən məsələlər cərgəsindədir: “Elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətləri müasir tələblərdən xeyli aşağıdır…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır…”
Yaxud … “Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Şübhəsiz, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz”.
Tez-tez belə bir ifadə işlədirik:
- Klassik olduğu qədər də müasirdir!
Eyni fəlsəfədən yanaşsaq, bəli, hörmətli Ramiz müəllimin çox da uzaq olmayan keçmişdə söylədikləri, əfsuslar olsun ki, yaxın aylaradək aktuallığını qoruyub saxlamışdır. Və deməli, bu sahədə radikal islahatlaramı deyək, kadr dəyişikliklərinəmi deyək, ehtiyac artıq günün və elmin tələbinə çevrilmişdi.
***
Tam doqquz illik ətalətdən sonra ötən ilin sentyabrında Ali Attestasiya Komissiyasının rəhbərliyinin təzələnməsini bu sahədə ciddi və köklü islahatların başlanmasının ismarıcı kimi də qəbul etmək olardı. Və arxada buraxdığımız doqquz aylıq fəaliyyətin vizual, tənqidi olduğu qədər də sağlam-konstruktiv təhlili, nəhayət, bu günlərdə Prezidentin işıq üzü görən fərmanı əmin olmağa əsas verir ki, bu elmi camiədə hər şey çox gözəl olacaq. Bu mətbəxi içindən bilən, elmi ictimaiyyət tərəfindən prinsipial, ədalətli və yenilikçi alim-idarəçi kimi tanınan prof. Famil Mustafayevin Ali Attestasiya Komissiyasının fəaliyyətinə bir nizam, düzlük, etibar gətirəcəyinə çoxları inanır.
Yeri gəlmişkən xatırladım, Ulu öndər Heydər Əliyev 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirədə tarixi bir cümlə söyləmişdi:“Pəncərələri açın, açın pəncərələri, keçmişdə prokurorluqda olan bütün qeyri-sağlam ab-havanı təmizləyin. Orada yaxşı bir hava olsun, sağlam hava, sağlam mühit olsun, işləyin”.
Zakir Qaralovun Baş prokuror təyin edilməsi ilə bu dövlət orqanında vəziyyət yaxşılığa doğru bir xeyli dəyişdi.
Mifologiyadan gəldiyinə görə bir qədər təşbihvari səslənəbilər, ancaq gözləyirik ki, AAK-ın yeni komandası da qədim yunan tarixçisi Diodorun təbirincə ifadə etsək, bu qurumun “Avgi tövlələrini” açıb əməlli-başlı iməcilik keçirəcək.
Əslində, görüləcək işlər də az deyil.
Bu gün elmin ictimai həyatdakı, iqtisadi tərəqqidəki lokomotiv rolunu danmaq mümkünsüzdür. “Bilik iqtisadiyyatı”, “elmtutumlu iqtisadiyyat” ifadələri XXI əsrin ümumişlək leksik vahidlərinə çevriliblər. Dünyada təbii ehtiyatların tədricən tükəndiyi, mədəni-mənəvi dəyərlərin transformasiya etdiyi bir vaxtda onların əvəzedicilərinin tapılması yaxud yaradılması qayğısı elmin üzərinə düşür. Hər elmi nəticə isə nailiyyət sayıla biməz. Bu məsələdə hesab edirik ki, elmi fəaliyyətin “keyfiyyətə nəzarət məntəqəsi” məhz Ali Attestasiya Komissiyasıdır.
Bəli, elmdə keyfiyyət amili həmişə aktual olub. Taleyini elmə bağlamış, gərgin zehni əmək, yuxusuz gecələr müqabilində bir qarnı ac, bir qarnı tox dolanmağa məhkum alimlər həmişə elmin təəssübünü çəkiblər, Allahın insana lütfü olan bu nemətin qədrini biliblər, təsadüfi ünsürlərdən qorumağa çalışıblar.
Elmin keyfiyyətini, bəkarətini, vicdan və ləyaqətini, urvatını qoruyan qurum isə, heç şübhəsiz, Ali Attestasiya Komissiyasıdır.
Hamının yadında olar, islahat söhbəti ortaya çıxanda bir çoxları dəhliz-doqqaz qeybətlərində bəzi Qərb ölkələrini misal çəkərək bu quruma ümumiyyətlə ehtiyacın olmadığını, onu ləğv etməyin zamanının yetişdiyini tirajlayır, müdafiə məsələsini ali təhsil müəssisələrinə və elmi-tədqiqat institutlarına həvalə etməyin məqsədəuyğun olduğunu söyləyirdilər. Belələri bir rus məsəlində deyildiyi kimi, səsi eşidiblər, ancaq hardan gəldiyini bilmirlər. Əvvəla,əgər kimsə real şəkildə Almaniya, İngiltərə, Fransa, ABŞ kimi ölkələrin bu sahədə mövcud təcrübəsi ilə tanışdırsa, bilməmiş deyil ki, onlarda da dövlət səviyyəsində elmi attestasiya sistemi mövcuddur. Fərq yalnız bundadır ki, onlarda bəzi konfliktli situasiyalar istisna olmaqla Azərbaycanda və bir çox postsovet ölkələrində olduğu kimi hər bir alimlə yaxud iddiaçı ilə fərdi şəkildə məşğul olmurlar.
İkincisi, gəlin bir qədər səmimi olaq; biz bir azərbaycanlı olaraq tam fərqli mental dəyərlərə, düşüncə və şüura sahib insanlarıq. Bir anlıq fərz edək ki, fərdi attestasiya ali məktəb və akademik institutların dissertasiya şuralarının səlahiyyətinə verildi (əlinizi üç dəfə taxtaya vurun – !), heç təsəvvür edirsinizmi ki, hansı həngamələr baş verə bilər?Əgər indiyədək tutaq ki, ildə 1000 dissertasiya müdafiə edilirdisə, bu say riyazi deyil, həndəsi silsilə ilə sıçrayıb 50-100 minə çatacaq. İnanın ki, az olmayacaq ki, çox olacaq! Artıq korrupsioner atalar qızlarına cehiz kimi sürücülük vəsiqəsinin yanında bir də fəlsəfə doktoru diplomu bağışlayacaqlar, qudurğan iş adamları məşuqələrinə sürpriz eliyəcəklər, iş az qala gəlib kreditlə alim diplomu satmağa çatacaq. Və heç kim qalxıb yalandan vətənşüvənlik salmasın – bu, Azərbaycan reallığıdır!
Üçüncüsü, ölkədə elə bir ali məktəb göstərin ki, dünya universitetləri arasında beşyüzlüyə, minliyə, lap beşminliyə düşsün, güclü elmi məktəbi ilə öyünə bilsin.
Bunlar olmadıqca, Ali Attestasiya Komissiyasının funksiyalarının transferi barədə danışmaq “Piri babanın nağılları”ndan başqa bir şey deyildir. Azərbaycan reallığında Ali Attestasiya Komissiyasının ləğvi deyil də hətta səlahiyyətlərinin məhdudlaşdırılması belə ən müxtəlif neqativ nəticələrə gətirib çıxara bilər. Məhz AAK zəif, keyfiyyətsiz, qeyri-elmi, bəzən plagiat, bütövlükdə isə vicdansız işləri “konveyer”dən vurub atmaqla əlahəzrət elmin mənafelərinə xidmət etmiş olur. Sadəcə, indiki mərhələdə bu qurum yuxarıdan “tapş”, “telefon hüququ”, “Həsən ağanın qohumu” və s. kimi subyektiv amilləri istisna etməklə müdafiə prosesinin, belə demək mümkünsə, ekoloji səhhətinin sağlamlaşmasına nail ola bilər. Və ötən ayların məhsuldar təcrübəsi göstərir ki, bunun üçün attestasiya komissiyası rəhbərliyinin həm əzmi, qətiyyəti, həm də kifayət qədər yüksək inzibati resursları vardır.
***
Etiraf etmək lazımdır ki, dövlət başçısı səviyyəsində ölkə AAK-ına həmişə dəstək və qayğı olmuşdur. Məsələn, Rusiyada AAK Elm və Ali təhsil nazirliyinin nəzdində fəaliyyət göstərir. Azərbaycanda isə Prezident yanında təşkil olunmuş qurumdur və belə bir status onun məsuliyyət və səlahiyyətlərinə birbaşa dəlalət edir.
Düşünürük ki, bu gün Ali Attestasiya Komissiyasının ayrıca bir binasının olması onun fəaliyyətinin keyfiyyətinə də müsbət təsir göstərərdi. Belə ki, bu qurumda minlərlə elmi işin ekspertizası, statistikası aparılır, fəlsəfə doktoru və elmlər doktorlarının məlumat bazaları yaradılmalıdır, bütün attestasiya prosesinin logistik sistemi işə salınmalıdır, ixtisaslar üzrə ekspert şuralarının rahat və səmərəli fəaliyyət göstərə biləcəkləri iş otaqları olmalıdır və s.
Sirr deyil ki, əvvəllər AAK informasiya-kommunikasiya texnologiyaları ilə “dostluq” etmirdi. Qurumun fəaliyyəti, Rəyasət Heyətinin iclasları, təsdiqlər və s. barədə hamının gözlədiyi məlumatlar xəsisliklə və yalnız “lazım gələndə” verilirdi. İndi isə Komissiyanın saytının naviqasiya sistemi çox səmərəli qurulub, istənilən məlumatın əlçatanlığı təmin edilib ki, bu da ilk növbədə Ali Attestasiya Komissiyasının gündəlik iş ahəngini göstərməklə yanaşı, həm də fəaliyyətinin çox vacib bir indikatoruna – şəffaflığına dəlalət edir.
Bir halda ki, söhbət açılıb, bir məsələni də qeyd etməyə bilmərik.
Son illər ümumi narazılığı qidalandıran səbəblərdən biri də beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə məqalələrin dərci məsələsi ilə bağlı AAK-ın tələbdir. Bəli, əgər biz bir tərəfdən Azərbaycan elminin inkişafından danışırıqsa, az-çox əlimizdə olanları təbliğ edib tanıtmaq istəyiriksə, dünya elminə inteqrasiya istəklərimizdə israrlıyıqsa, mütləq beynəlxalq arenaya çıxmalıyıq. Bunun yeganə yolu isə beynəlxalq səviyyəli elmi jurnallarda dərc və mötəbər elmi məclislərdə iştirakdan keçir. Yenə də akad. R.Mehdiyevin bu xüsusda fikrinə istinad etmək istərdik: “Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür”.
Bəli, təkcə elə Gürcüstan və Ermənistanla müqayisədə biz uzun illərdir ki, analoji parametrlər üzrə geridə qalırdıq. Lakin sevindirici bir fakt da var ki, son doqquz ayda həyata keçirilən ciddi tədbirlər, tələbkarlığın artırılması sayəsində Azərbaycan ilk dəfə qonşularını geridə qoya bilib. Və bu, elmi dillə desək, statistika ilə yanaşı, həm də elmi məhsuldarlığın satisfaksiyasıdır.
Ancaq subyektiv görünsə də bir obyektiv məqam da var ki, dəqiq və təbiət elmləri üzrə hansısa maraqlı, faydalı, aktual məqaləni xarici jurnallarda dərc etdirmək bir xeyli asandır nəinki humanitar və ictimai elmlər üzrə yerinə yetirilən elmi işləri. Gəlin nəzər salaq; İngiltərədə, Fransada, Kanadada, Yaponiyada yaxud Avstraliyada nəşr olunan jurnalların redaksiya heyətini filologiya, hüquq, siyasət, fəlsəfə və tarix üzrə aşağıdakı elmi-tədqiqatlar əsərləri maraqlandıra bilərmi - “Dədə Qorqud kitabında adların folklor semantikası” yaxud “Mövlud Süleymanlının bədii nəsri”; “Azərbaycanda yerli özünüidarəetmənin təşkili və fəaliyyətinin normativ hüquqi əsasları” yaxud “Yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə çevrilməsinin mülki-hüquqi tənzimlənməsi”; “Azərbaycanda kütləvi şüurun transformasiyasının siyasi aspektləri” yaxud “Şeyxülislam Allahşükür Paşazadənin elmi-ictimai fəaliyyəti”; “Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə” yaxud “Azərbaycan Respublikaında bədən tərbiyəsi və idmanın inkişafında dövlət siyasəti”?!
Heç vəchlə müdafiə olunmuş və hələ olunacaq digər işlərin elmi səviyyəsini və aktuallıq dərəcəsini azaltmaq niyyətində deyilik, ancaq fakt faktlığında qalır, axı?! Mətləbi uzatmadan kiçicik bir haşiyə: həmin elmi işlərdə Azərbaycanın adını ixtiyari Nikaraquaya, Antiqua-Barbudaya, Botsvanaya, Qvadelupaya, Martinikaya, Trinidad və Tobaqoya, onlarla başqa ölkəyə dəyişsək, mövzu barədə məqaləni heç Lənkəran universitetinin “Elmi xəbərləri” belə dərc eləməz.
***
Bəli, elmi işlərin attestasiyası təsərrüfatında C.Cabbarlının “Sevil” pyesində Gülüşün söylədiyi kimi “təşti-tabağı qırmağın” zamanı yetişib də ötüb. Və görünəni budur ki, Prezidentin etimadı ilə sədr əvəzi vəzifəsinə təyinat almış prof. Famil Mustafayevin qətiyyətli, prinsipial, eyni zamanda obyektiv və ədalətli addımları, attestasiya prosesinin şəffaflaşdırılması, elmi işlərin keyfiyyətinin artırılması istiqamətində birmənalı fəaliyyəti artıq kimlərinsə “kürkünə birə salmağa” imkan tapıb.
Heç şübhəsiz, bu gün də “bulanıq suda balıq tutmaq” şakərini tərgidə bilməyənlər var.
Köhnə əyyam üçün qəribsəyənlər, qüssə ilə köks ötürənlər var.
Günü-gündən “çiçəklənən” elm bazarında “halalca” qazancı əlindən çıxanlar var.
Elmi iştahası potensial imkanlarını kölgədə qoyan bəzi üzdəniraq reket-alimciyəzlər, eləcə də müxtəlif qurumlarda işləyə-işləyə adının yanına bir də “alim” titulunu pərçim eləmək istəyən üzdəniraqlar kütləsi var. Belələri artıq zəng, tapşırıq, pul, hədiyyə kimi üsulların əvvəlki “aktuallığını” itirdiyini görüb yeni sədrə qarşı “mətbu hücum” təşkil etmək kimi mənasız cəhdlərə baş vurmaqla məşğuldurlar və bu cür şərəfsiz bir peşəni hədəfləyənlərin zəif və təkəmseyrək səfləri görünməkdədir də. Vurnuxurlar! Hər vasitə ilə AAK-ın şəffaf fəaliyyətinə çamur atmağa çalışırlar.
Lakin gecdir! O qatar gedib. Və Azərbaycan elminin keyfiyyətinin, səviyyəsinin, ləyaqətinin, nəhayət, vicdanının keşiyində dayanan Attestasiya Komissiyası artıq tək deyil. Həmin dəyərləri paylaşan hər bir alim, ziyalı, vətəndaş bu komandanın yanındadır.
P.S. “Azpolitika.info”nun həmişəki səxavətindən istifadə edib sonda lətifəvari bir hadisəni də paylaşmaq istəyirəm ki, dodağınız qaçsın. Deməli, Azərbaycanın ikinci şəhərinin ali təhsil müəssisələrindən birindəki daha çox “kommersiya əsasları” ilə fəaliyyət göstərən dissertasiya şurasında növbəti cibidolu başıboş məşhur bir sahibkarın müdafiəsi keçirilirmiş. Arada papirosunu “dümləmək” üçün bayıra çıxan “iddiaçıdan” soruşurlar ki, Hacı, vəziyyət necədir, müdafiə eliyə bildinmi?
Adam cavab verir ki, hə, hər şey yaxşıydı, mən “beş” aldım, amma “üç” alanlar da oldu.
İndi siz deyin:
- Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?
Xalid NİYAZOV