ABŞ SANKSİYALARI RUS İQTİSADİYYATINA STİMUL VERİB–Bahalı neft və ucuz rubl Moskva üçün niyə əlverişlidir?
Avantika Çilkoti
“Wall Street Journal”
17 oktyabr 2018-ci il
Amerika sanksiyaları neftin qiyməti ilə rublu fərqli istiqamətlərə ayırıb, Rusiyanı bahalı yanacaq və devalvasiyaya uğrayan valyuta – ölkə iqtisadiyyatının inkişafına imkan yaradan kombinasiya ilə baş-başa buraxıb.
Yenixeber.org: Rusiyanın əsas ixrac məhsulu neftin qiyməti avqustun ortalarından 14% artıb. Bu, əsasən ABŞ-ın İranın neft tədarükünü məhdudlaşdıran sanksiyaları bərpa etməsi nəticəsində baş verib.
Bununla belə, Vaşinqton Rusiyanın ABŞ seçkilərinə ehtimal edilən müdaxiləsinə və başqa təcavüzkar əməllərinə görə sanksiya paketi ilə cavab verdikdə rubl 15% dəyər itirib. Dolayısıyla, dollarla neftin qiyməti qalxdıqca daha zəif rubla mübadilə zamanı “yaşılların” qiyməti daha çox olub.
Son vaxtlar həm xam mal, həm dollar ucuzlaşdıqdan sonra neft və rubl yenə ayrı düşüb. Lakin dəyər itirən rubl dövlət büdcəsini doldurduqdan və ölkənin enerji nəhənglərinin gəlirləri kəskin artdıqdan sonra rus iqtisadiyyatı bir neçə ayın içində yenə əlverişli vəziyyətə düşüb. Cari ildə Rusiyanın neft istehsalı ilə məşğul olan “Rosneft” və “Lukoyl” şirkətlərinin səhmləri Qərb rəqiblərini ustalıqla geridə qoyaraq müvafiq olaraq 54% və 39% artıb.
“Aberdeen Standard Investments” şirkətində inkişaf etməkdə olan bazarların borc öhdəlikləri portfelini idarə edən Viktor Şabo (Viktor Szabo) bildirib ki, “neft qiymətinin yüksək, rublun zəif olması Rusiya üçün daha da əlverişlidir, çünki büdcə baxımından ikiqat müsbət haldır”. İnkişaf etməkdə olan bazarlar adətən ABŞ dollarının və faiz dərəcələrinin artması nəticəsində zərbə, ticarət və məsələn, Türkiyə kimi ayrı-ayrı ölkələrdə daxili siyasi problemlərlə əlaqədar narahatlıq hiss ediblər. Rubl Amerika sanksiyaları nəticəsində əlavə çəki qazanıb.
ABŞ Böyük Britaniyada sinir iflic edici maddənin istifadəsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdikdən, bioloji və kimyəvi silahın istifadəsinə son qoymaq da daxil olmaqla, üç tələbdən ibarət siyahını yerinə yetirməyəcəyi halda 90 gündən sonra Rusiyaya qarşı sanksiyaları ikinci mərhələ ilə daha da genişləndiriləcəyinə söz verdikdən sonra rubl avqust ayında bir qədər də dəyər itirib. Zəif rubl və yüksək neft qiyməti kombinasiyasının nəticələrini nəzərə alsaq, ABŞ-ın riski ondan ibarətdir ki, sanksiyalar gözlənilən effekti vermir.
Ötən ilin sonu bir barel neft dollardan rubla mübadilə edilərkən Rusiyanın neft treyderlərinə 3835 rubldan çox gəlir gətirib. İndi isə bu göstərici 5262 rubldur, yəni təxminən 40% çoxdur.
Dünyanın ən böyük neft istehsalçılarından olan “Rosneft” şirkəti verilmiş şəraitdə ən çox gəlir əldə edən tərəflərdən biridir. Şirkət ötən üç ayla müqayisədə ikinci rübdə əməliyyat mənfəəti, vergi, köhnəlmə və amortizasiya xərcləri nəzərə alınmadan, gəlirinin təxminən 50% artdığını bildirib.
“Societe Generale”-nin məlumatına əsasən, sanksiyalar həmçinin xarici borcun hökumət və şirkətlər üçün artdığı bir vaxtda onun səviyyəsini aşağı salmağa kömək edir. Bu, emitentlərə dollarla borc qəbul etməyə icazə verməyən rublun dəyər itirməsinə görə baş verir. Belə ki, onlar ABŞ-ın Rusiyanın dollar borcu ilə ticarətə sanksiya tətbiq etməsindən ehtiyatlanırlar.
“Societe Generale”-nin məlumatına əsasən, Rusiyanın xarici investorlara məxsus olan özəl və dövlət borcu 2016-cı ildən bəri aşağı düşür, cari ilin ilk rübündə ÜDM-nin 32%-nə çatıb. Bununla yanaşı, Rusiyanın yerdə qalan dünya ilə əməliyyatlarının göstəricisi – cari hesabın profisiti 18,3 milyard dollara yüksəlib. Qeyd edək ki, ötən rübdə bu göstərici 14,6 milyard dollar olub.
“CreditSights” analitikləri müştərilərinə rəsmi məlumatda bildirib: “Rusiya neftin qiymətinin aşağı düşməsinə və sanksiyalara çox yaxşı adaptasiya olunub. Suveren borc kifayət qədər aşağı səviyyədədir, xarici öhdəliklərin həcmi isə indi əhəmiyyətli şəkildə azalıb”.
Düzdür, sanksiyaların qüvvədə olduğu illər rus iqtisadiyyatına təsirsiz ötüşməyib. Vladimir Putin 2014-cü ildə Krımın ilhaqı barədə qərar qəbul etdikdən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bir sıra məhdudlayıcı tədbir rublun dəyərini iki dəfə ucuzlaşdırıb və enerji sektoruna investisiya həcmini azaldıb.
Son vaxtlar rus bazarları da zərər görüb. Bu ilin əvvəlindən ABŞ-ın dollarla dövlət istiqrazlarının gəlirliliyi 3,2%-dən (2012-ci ilin sentyabrı) 4,36% -dək artıb. İxracı daha gəlirli hala gətirən rublun dəyər itirməsinə baxmayaraq, Moskva Banklararası Valyuta Birjasının səhmlərinin rus indeksi həmin dövr ərzində 12%-ə düşüb.
Zəif valyuta, həmçinin inflyasiya hesabına sürətlənir. Mərkəzi Bankın proqnozlarına əsasən, inflyasiya gələn ilin sonlarına doğru 5,5%-dək artacaq, təyin edilən 4%-lik göstəricidən xeyli üstün olacaq. Sentyabrda Rusiya Mərkəzi Bankı inflasiyasını azatlmaq məqsədilə artımı 7,5%-ə qaldıraraq bazarları qəfil yaxalayıb. (Xpressa.net)