Paşinyan İlham Əliyevə təşəkkür edib -SƏBƏB
Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.
Yenixeber.org: O bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.
“İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim”, - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.