Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

MUĞAMIN AÇIMI İNAM ATA GÖRÜMÜNDƏ

Muğam — Vikipediya

Yenixeber.org: Azərbaycan musiqisinin yaşı qədim olduğu qədər də özümüzəməxsusdur, bəşəridir, əvəzsizdir, habelə çağdaşlığa uyğundur. İnsan cəmiyyətləri ardıcıl yeniliyin, inkişafın ifadəsi olaraqyaranır. Həyata münasibətin əsilliyi tələbi insanların mənəviyyat axtarışlarının ardıcıllığından, qarşısıalınmazlığından qaynaqlanır.
İnsanın mənəviyyat axtarışları tükənmir, hər cür texniki inkişaf mahiyyətcə insana gerçəkdən böyük mənəvi ümid qaynağı ola bilmir, ancaq bu gedişdə imkanlar yaratdığı danılmazdır. Çağdaş texnoloji inkişafın insanların, ulusların ömrünə gətirdiyi bəlaların miqyası getdikcə artır. Bütövlükdə bəşərin halsızlığı ortadadır: insanı qurtaracaq çıxış yollarının tapılması isə imkansız görünür...
İnsan bu durumdan çıxış yolunu yenə də özünün insani imkanlarının daha ciddi, yaradıcı, irəliyə doğru, ümidli axtarışları ilə tapa bilər. Sənət bu gedişdə hər an böyük mənəvi yardımçımızdır. Ən çətin vaxtımızda musiqi bizi ümidsizlikdən qurtarır, içdən (daxilən) təmizlənməyimizdə yardımçı olur, özümüzə yetəcəyimizə bizi inandırır, ruhsuzluqdan (İnamsızlıqdan, İdraksızlıqdan, Mənəviyyatsızlıqdan, İradəsizlikdən) qurtarır. Şübhəsiz ki, söhbət böyük, yaradıcı, bənzərsiz, ali musiqidən gedir.
Azərbaycan musiqisinin zirvəsi olan muğam habelə Şərqin, bütövlükdə Bəşərin (Dünyanın) ali mənəviyyat ifadəçisidir. Muğamların tarix boyunca daha aydın, mənalı, ruhlu, sistemli, fəlsəfi özünüifadəsi Türk ulusumuza aiddir desək, yanılmarıq. Təbiidir ki, fəlsəfə burada əslində birləşdirici rol oynayır: bu, qədimdə beləydi, indi də belə olacağı qaçılmazdır. Elə muğam yaradıcılığı da başdan-başa fəlsəfədir, insanın həqiqət yolçuluğunun harayıdır. Başqa tərəfdən Azərbaycan fəlsəfəsi tarix boyunca daha çox poeziyada ifadə olunub. Nəsiminin, Füzulinin yaradıcılığı buna örnəkdir.
                ***
Muğam fəlsəfəsi çağımızın etalonlaşmış fəlsəfi terminləri ilə ifadə olunmaya bilər, ancaq ilahi-insani məzmununu, bənzərsizliyini bütün dolğunluğu ilə qoruyub saxlayır. Çox zaman sözün musiqinin yüksək halını ifadə etmədiyini görmək olur. Ancaq bütün hallarda burada söz musiqinin önündə gedərək onun möhtəşəmliyinin vəsfedicisi kimi diqqəti çəkir. Təbii ki, əsas məsələ Azərbaycan insanının muğamın hikmətinə vaqif olması, yetməsidir. Azərbaycan klassik ədəbiyyatında musiqinin gözəlliyi, əvəzsizliyi haqqında örnəklər çoxdur. Yeni, texnoloji inkişafın qarşısısıalınmaz dərəcədə inkişaf etdiyi, robotlaşmanın az qala hakim olduğu bir çağda mənəvi yönün – ruhsallığınali musiqi – Muğam yoluyla dərkinə çağırılması ciddi mənəvi olay sayılmalıdır. İnsan bundan sonra hansı texnoloji kəşfləri edir-etsin, özünə varmaqdan, içindəki mənəvi gözəllikləri aşkarlayıb dünyanı, təbiəti qurtarmaqdan başqa yolu yoxdur. Yalnız içlərin aşkarlanan gözəllikləri insanları – ulusları var edəbilər. Bu gedişdə ən gözəl, insani, fəlsəfi özünüifadə kimi muğamın ciddi rolu var.
          ***
Muğamdakı insani tələblər yüksək ölçüdə Azərbaycanın ulusal (milli) dəyərlərində yaşayır. Deməli, bu və başqa gözəl cəhətlər ulusumuzun yüksək bəşəri keyfiyyətlərə malik olduğunu bir daha sübut edir.
Anarın “Muğamın əbədiliyi” adlı yazısında (525-ci qəzet.-2011.- 29 yanvar.- S.16-18) İnam Atanın “Muğam Fəlsəfəsi” adlı əsəri ilə bağlı təəssürat bölüşülür: “A.Atanın... hərbir muğamın başqalarından fərqiylə bağlı özqavramı vardı. Muğamatı simfonizmlə müqayisə etməsi mənə diqqətəlayiq mülahizə kimi görünür: “Muğam və simfonizm bir-birinə yaxın və eyni zamanda bir-birindən uzaq hadisələrdir. Yaxınlıq – həyatın fəlsəfi mənasını dərk etmək məqsədində, formanın dialektik quruluşunda, idrak hissiyyatın üzvi vəhdətində, ehtirasların miqyaslılığında, musiqi konsepsiyasının vüsətindədir. Muğam da, simfoniya da bütöv bir musiqi ideyasından doğur, – bu ideya təbii dialektik şəkildə inkişaf edir, dəyişir, son nəticədə isə özü- özünə qayıdır. Muğam da, simfonizm də ideala, ülviyyətə can atır. Muğam da, simfonizm də dialektik təfəkkürə söykənir. İstər muğam, istərsə də simfonizm bütün incəsənət növlərini birləşdirir. Bununla belə, muğam kəskin dərəcədə simfonizmdən fərqlənir. Muğam... hər mərhələsində təzadlı mövzuların toqquşmasına meyl etmir, əksinə təkmilləşərək hər bir hissənin, hər mərhələnin bütövlüyünə yönəlir, simfonizm dünyanı bir-birinə zidd qüvvələrin çarpışması kimi qavrayır. Bu səbəbdən təzadlılıq onun başlıca xüsusiyyətidir, muğam isə dünyanın mənasını ideala, harmoniyaya, kamilliyə can atmaqda görür” (A.Ata. Muğam fəlsəfəsi. “Ədalət” qəzeti, 15 noyabr 2008-ci il)”.
İnam Atanın (Asif Atanın) “Muğam Fəlsəfəsi” əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti aydın, məntiqli şəkildə görünür, bilinir, Şərq ruhaniyyatı, sənəti, dünya baxışı ilə üzvi birliyi, eləcə də dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır. Bu, gerçəkdən belədir. Onun “Bədiiyyat” (1984) əsərindəki rübailərindən birində musiqinin mahiyyəti özünəməxsus şəkildə belə ifadə edilir:
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil,
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi məqamdır, adi an deyil.
Hələ 1976-cı ildə nəşr olunmuş “Müdriklik səlahiyyəti” kitabında çap olunmuş “Qəm və üsyan” (1973) bədii-fəlsəfi məqamında “Muğama qayıdış” adlı sonuncu bölümdə muğam ruhuna ulusal baxış fəlsəfi ricətlə belə ifadə olunur:
“Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ananəfəsiylə ömrümüzə.
Biz Muğama qayıdırıq.
Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.
Biz Muğama qayıdırıq.
Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, kədəriylə, yoxuşuyla,
enişiylə, gəlişiylə, gedişiylə.
Biz Muğama qayıdırıq.
Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb
dənizində.
Biz Muğama qayıdırıq.
Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi.
Biz Muğama qayıdırıq”.
                 ***
“Muğam Fəlsəfəsi” əsərinin girişi “Muğam – fəlsəfi hadisə kimi” bölümüylə açılır. Burada muğamın ülvi həyat konsepsiyasını təsdiq etməsi, əsil ruhsal mövcudluq haqda dahiyanə musiqi hekayəti olduğu vurğulanır: “Onda kamil yaşamağın bütün zənginliyi, pillələri, keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb. Həyat muğamda insanın dünyaya, onun kədərinə, əzabına, müxtəlifliyinə, ziddiyyətlərinə, təzadlarına qovuşması kimi mənalandırılır. Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla, əxlaqi qorxmazlıqla, idraki mütləqiliklə, mahiyyətin, əbədiliyin, idealın dərkiylə ölçülür. Həyatla qaynayıb-qarışan, həyata qovuşan, İdeala can atan şəxsiyyəti təsdiq edir muğam. Həmin şəxsiyyətin əsas xassəsi dünyanın mənasına qovuşmağa
güclü, ülvi, gərgin ehtirasdır”.
Əsərdə Muğamın möhtəşəm, miqyaslı, əhəmiyyətli hadisə kimi təqdimi var. İnam Ata Muğamı “pillə sənəti”, hər bir pilləsini insan həyatının bir mərhələsi sayır: “Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır. Bu hadisənin əsas xassəsi ehtizaz səviyyəsinə yetən daxili idraki-hissi gərginliyin ardıcıl şəkildə artmasıdır. Muğama görə İnsani həyat ülvidir, çünki insan həyatın zərbələrinə tab gətirir və bununla da ideala yüksəlir; ... İnsan zirvə səviyyəli duyğulara – bəsit hisslərə yad olan həyəcanlara ucalır; ... ruhaniyyat bir səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyə, mahiyyətə doğru hərəkət eləyir; ... İnsan son nəticədə həyatdan yuxarı, özündən yuxarı qalxa bilir, İdeala, Mütləqə qovuşa bilir. İdeala yüksəlmə hadisəsi Muğamda qəmdən – qəmin
inkarına, həyatdanideala qovuşmaya qanunauyğun, zəruri, təbiikeçidlə səciyyələnir”.
Əsər iki hissədən ibarətdir. Birinci hissə “Mahiyyət” adlanır, 11 fəsli əhatə(“Muğam – fəlsəfi hadisə kimi”, “Muğamın ülvi həyat konsepsiyası”, “Muğamda ideala yüksəlmək”, “Muğamda həqiqiliyin və əxlaqiliyin dialektikası”, “Muğamın dialektik quruluşu”,“Muğamda idrakiliyin hissiliyin dialektikası”, “Muğamın sinkretik təbiəti”, “Muğamda faciəvilik”, “Muğam ehtizazı”, “Muğamda gerçəkliyin və idealın dialektikası”, “Muğam təmizlənməsi (katarsisi)”)edir. İkinci hissə “Mənşə” adlanır, 5 fəsillidir: “Hürmüzd işığı”, “Xürrəmidin müqəddəs fərəhi”, “Sufi Tanrısı”, “Hürufi İnsanı”, “Məcnunluq”.
Əsərdə irəli sürülən əsas ideyalar bunlardır:
Muğamda Həqiqi və Əxlaqi bərabərləşir. Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər. Yalnız Həqiqət Kamil Şəxsiyyət yetirə bilər. Muğamda Musiqi ideyasının daxili inkişafı öz yüksək bədii ifadəsini tapıb. Muğamın hər bir pilləsi labüd, təbii, üzvi şəkildə, ardıcıl surətdə digər pilləni hazırlayır, təzə mövzu rüşeym halında onun daxilində yetişməyə başlayır, yeni xassələrlə zənginləşir və son nəticədə İdeyanın təzə pilləsini yaradır. Bütün pillələr bir yerdə Ali, xüsusi Pilləni hazırlayır – özlərinin Əksi, İnkarı kimi və həmin Pillə Əzələ Qayıtmaqla başa çatır. Muğam 4 qanunauyğunluqla səciyyələnir: 1. Əsas mövzunun təsdiqiylə; 2. Onun inkişafı və yeni keyfiyyət kəsb eləməsiylə; 3. Yüksək pilləyə qalxmasıyla; 4. Yeni şəkildə özünə qayıtmasıyla. Vahid Musiqi İdeyası aşkarlaşaraq, inkişaf eləyərək özünün əks varlığı kimi Yüksək Pilləyə çatır və öz Əzəli vəziyyətinə qayıdır.
Göründüyü kimi, əsərdə irəli sürülən ideyalar tamamilə yenidir, fəlsəfi özünəməxsusluğu təsdiq edir, burada muğamın fəlsəfiliyi Azərbaycan dəyərlərinin işığında açılır. Məntiqi sonuc odur ki, Azərbaycan muğamının açımı mahiyyətcə fəlsəfilik tələb edir. Ona görə ki, muğam ali musiqi örnəyidir. Muğamın mahiyyətində Şərqilik var, ancaq ayrıca “Azərbaycan muğamı” anlayışı bu musiqinin daha ciddi, bənzərsiz ifadəçisi olduğumuzu göstərir. Muğamın mahiyyətindəki həqiqət, insanlıq ölçüsü ruhumuzu gözəl, aydın ifadə edir. Sabahımızda bu ölçü daha gərəkli olacaq, ona görə ki, insanlıq tələbi, gözəlliyi bitmir, tükənmir...
İŞIQLI ATALI

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam