Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putinin fəlakətli son səhvi -İŞİD Rusiyaya qarşı müharibəyə başlayır

Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamaqla cinayətə bərabər fəlakətli səhvə yol verən Rusiya rejimi son günlər ard-arda fəlakətli nəticələr doğuracaq səhvlər edir. 

Yenixeber.org: Terror aktından düz 15 gün öncə, martın 7-də ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarına yaxın 48 saat ərzində Moskvada terror təhlükəsi barədə xəbərdarlıq etdi. Xəbərdarlıqda deyilirdi ki, ekstremistlərin yaxın zamanlarda Moskvada, konsert məkanları daxil olmaqla, kütləvi toplantı yerlərinə hücum edəcəyi gözlənilir. Bu səbəbdən, ABŞ öz vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə edilirdi. Daha sonra analoji xəbərdarlıq Britaniya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin Konsulluq Bürosunun saytlarında yerləşdirildi. Xəbərdarlıqda terror aktının baş vermə ehtimalı “qaçılmaz” (imminent) kimi xarakterizə olunmuşdu. ABŞ və Britaniyanın bu xəbərdarlığından sonra Latviya, Kanada, Cənubi Koreya, İsveç, Almaniya və Çexiyanın hakimiyyət orqanları da öz vətəndaşlarına Moskvada terror aktı ehtimalının yüksək olması barədə xəbərdarlıq etdilər. 

Bu xəbərdarlığa əhəmiyyət verməmək Rusiya rejiminin fəlakətli səhvlər silsiləsini başlatdı. Terrordan üç gün öncə Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxış edən Putin Moskva və digər iri şəhərlərdə terror ehtimalı ilə bağlı xəbərdarlığı Rusiyada sabitliyi pozmaq üçün Qərb dövlətlərinin “ucuz şantajı” adlandırdı. Bu, Konstitusiya ilə dövlətin və xalqın təhlükəsizlyinin birinci təminatçısı olan şəxsin cinayətə bərabər səhvi idi. 

Putin Rusiyada terrorun olmayacağı ilə bağlı cəmiyyəti əmin etdikdən təxminən 72 saat sonra “Krokus Siti”-də qanlı terror baş verdi. ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin xəbərdarlıqlarını qulaqardına vuran, terror təhlükəsinin olmadığı ilə bağlı cəmiyyəti əmin edən Putin məsuliyyətdən yayınmaq üçün “Krokus Siti”-də baş verən terrora görə məsuliyyəti Ukraynanın və onun müttəfiqlərinin üzərinə atmağa çalışdı. Bu, Rusiya rejiminin qısa müddətdə ikinci kobud səhvi idi. 

Təəssüf ki, Putinin məsuliyyətdən yayınmaq cəhdinin, eyni zamanda, ABŞ başda olmaqla Qərb dövlətlərinə və Ukraynaya nifrətin məhsulu olan bu sərsəm fikirlərə, Rusiyada olduğu kimi, Azərbaycanda inananlar var. Halbuki, “Krokus Siti”dəki terrordan əvvəl də İŞİD (İraq Şam İslam Dövləti) və ya İD (İslam Dövləti) Rusiyaya qarşı bir neçə terror həyata keçirib. 2015-ci ildə Misir səmasında Rusiya təyyarəsinin partladılması nəticəsində 224 nəfərin ölümünə səbəb olan terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü. 2017-ci ildə Sankt-Peterburq metrosundakı 16 nəfərin ölməsinə, 100-dən artıq insanın yaralanmasına səbəb olan terroru da İŞİD həyata keçirmişdi. İki il öncə də Rusiyanın Kabildəki səfirliyinə edilən hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü. Həmin hücum zamanı iki rus diplomatı və dörd əfqan mühafizəçi həlak olmuşdu. Təxminən üç həftə öncə, martın 7-də Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD döyüşçülərinin Kaluqa vilayətində sinaqoqa silahlı hücumunun qarşısının alındığı, terrorçuların məhv ediliyi haqqında rəsmi məlumat yaymışdı.  

İŞİD-in Rusiyaya qarşı təxminən 10 il əvvəl başlatdığı mübarizənin kökündə Əfqanıstan və Çeçenistan müharibələrinə görə tarixi səbəblərlə yanaşı, Suriya və Qərbi Afrikada İŞİD qüvvələrinə qarşı əməliyyatlarda iştirakı da dayanır. 

İŞİD-in fəaliyyətini izləyən ekspertlər qeyd edirlər ki, son illər, xüsusən 2021-ci ildən terror təşkilatı Putini müsəlmanların düşməni, Moskvanı isə Rusiyada və xaricdə müsəlmanlara qarşı təqiblərin mənbəyi kimi təqdim edir. İŞİD son illər bir neçə dəfə bəyanat yayıb ki, Rusiyanı həm Suriyada, həm də Əfqanıstanda etdiklərinə görə cəzalandıracaq.

“İslam Dövləti Əfqanıstan və Pakistanda: Strateji Alyanslar və Rəqabətlər” (The Islamic State in Afghanistan and Pakistan: Strategic Alliances and Rivalries) kitabının müəllifi, ABŞ-dakı Klemson Universitetinin dosenti Amira Jadoon qeyd edir ki, Rusiyanın İŞİD və onun törəmələrinə qarşı əməliyyatlarda, xüsusən də Suriyada iştirakı, eləcə də Talibanla əlaqələr qurmaq cəhdi onu əsas düşmənə çevirib. 

Vaşinqtonda yerləşən Vilson Mərkəzinin Cənubi Asiya İnstitutunun direktoru Michael Kugelman da eyni fikirdədir və Rusiyanın İŞİD-in qatı düşməninə çevrilməsini Moskvanın Talibanla yaxınlığı ilə izah edir. 

“Militant Wire” hərbi münaqişələrin araşdırılması mərkəzinin həmtəsisçisi, terrorizm üzrə ekspert Lukas Vebber qeyd edir ki, Qərb dövlətlərinin kəşfiyyat xidmətlərinin öz ölkələrində bir neçə terror aktının qarşısını alması İŞİD-i əməliyyat keçirmək üçün daha münbit hesab etdiyi bölgəyə, Rusiyaya yönəldib. Məqsəd isə ardıcıllar cəlb etmək, ianələr toplamaq üçün güc nümayiş etdirməkdir. “Nə qədər çox güc nümayiş etdirsələr, o qədər çox ianə alırlar”

Moskvadakı terrora görə məsuliyyəti üzərinə götürən “İŞİD – Xorasan Vilayəti” və ya İŞİD-K İran, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müəyyən ərazilərini əhatə edən vahid İslam dövləti yaratmağı özünün məqsədi elan edib. Rusiyanı isə İran və Taliban rejiminin dostu, Tacikistan, Türkmənistan və Özbəkistandakı rejimlərin himayəçisi olduğuna görə düşmən elan edib. 

Taliban hərəkatı islamçı qruplaşma olsa da, puştu millətçiliyinə əsaslanır. Buna görə də İŞİD-K-nın əsasını Əfqanistanda milli azlıq olan taciklər təşkil edir. Bu amil Mərkəzi Asiyadan, xüsusilə də Tacikistandan tərəfdar toplamağa münbit şərait yaradır. İŞİD-K tacik dilində yayımlanan Telegram kanalları vasitəsilə geniş təbliğat aparır. Həmin təbliğat materiallarında taciklərin Rusiyada qul kimi işlədildiyi, onlarla insan kimi rəftar edilmədiyi geniş təbliğ olunur. Taciklərlə Rusiyada çox vaxt pis rəftar edilməsi, onlara ikinci dərəcəli insan kimi baxılması islamçıların təbliğatının uğur qazanmasına imkan yaradır. Milli ayrı-seçkiliyə məruz qalan hər bir şəxs dərhal islamçı təbliğatın təsiri altına düşür. Həmin təbliğatda müsəlmanlara qarşı kafirlərin pis davranışına dözümsülüyün Allah tərəfindən buyurulduğu iddiası ilə bağlı tezis terrorçuların əsas ideoloji silahıdır. 

The Wall Street Journal-ın analitikləri də hesab edirlər ki, Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara qarşı pis rəftar cihadçıların öz sıralarını genişləndirməsi üçün münbit şərait yaradır. Qırğızıstanın Vaşinqtondakı keçmiş səfiri Kadır Toktoqulov da hesab edir ki, Rusiya hakimiyyət orqanlarının miqrantlara pis münasibəti onların radikallaşmasını tətikləyir.

Bütün dünya kimi, İŞİD-in rəhbərliyi də Rusiyanın çox zəiflədiyini aydın görür. Moskvadakı son terror İŞİD-in bu coğrafiyada möhkəmlənməsinə gətirib çıxara bilər. Putin rejiminin ard-arda fəlakətli səhvləri də buna münbit şərait yaradır. “Krokus Siti”-də baş verən terrora görə məsuliyyəti rəsmi Kiyevin və onun müttəfiqlərinin üzərinə atmaq cəhdi Qərb ölkələri ilə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsinə zərbə vurur. Kəşfiyyat məlumatlarının mübadiləsi olmadan isə terrorizmə qarşı təkbaşına effektli mübarizə aparmaq mümkün deyil. 

Terrorda şübhəli bilinərək saxlanan şəxslərə qarşı işgəncələr, həmin işgəncə səhnələrinin görüntülərinin yayımlanması isə Rusiya rejiminin daha bir böyük səhvidir. Bu hadisə cəmiyyətdə qarşılıqlı olaraq nifrəti körüklədiyi kimi, zorakılığın da yolunu açır. Tacikistan vətəndaşları və bütövlükdə “şərq görünüşlü” şəxslərin nifrət və təcavüzlə üzləşməsi bunun nəticəsidir. Bundan sonra “şərq görünüşlü” istənilən şəxslə məişət mübahisəsi milli münaqişə müstəvisində həll olunacaq. Rusiyadakı bir neçə milyon “şərq görünüşlü” miqrant da özünü qorumaq üçün bundan sonra yalnız gücə arxalana biləcəyinin fərqindədir. Terrorda şübhəli bilinənlərə qarşı zorakılıq da Mərkəzi Asiya respublikalarından, xüsusilə Tacikistandan olan miqrantlarda Rusiyanın güc strukturlarının təmsilçilərinə qarşı nifrət və intiqam duyğusu yaradıb. 

Ən nəhayət, İŞİD müsəlmanlara qarşı təzyiqlərə dözməyəcəyini, terrorda şübhəli bilinən şəxslərə qarşı zorakılığa görə intiqam alacağını bəyan edərək, Putini yeni terror aktları ilə hədələyib. İŞİD-in bu açıqlaması Rusiyaya müharibə elanıdır. 

Ukraynada çox ağır itkilər verən Rusiyanın gözəgörünməz düşmənlə, terrorla mübarizədə uğur qazanması mümkün deyil. Putin hakimiyyətə terrorla mübarizə siyasətinin üzərində gəlmiş, dövlətin və cəmiyyətin resurslarını səfərbər edərək müəyyən uğura nail ola bilmişdi. Ukraynada müharibənin şiddətləndiyi bir zamanda Putinin İŞİD-ə qarşı dövlətin və cəmiyyətin resurslarını səfərbər etməsi mümkün deyil.(Pressklub)

Xaqani Cəfərli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam