Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSRAİLİN “FƏLƏSTİN SİYASƏTİ” VƏ OLMAYAN HƏLL PLANI –ABŞ nəyə nail olmaq istəyir?

Məlum olduğu kimi, Qəzza bölgəsində yerləşən “Əl-Əhli” xəstəxanasındakı partlayışın səbəbkarı kimi İsrail göstərilir. Lakin İsrail yetkililəri bu ittihamları israrla rədd edirlər. İsrail Baş naziri Benyamin Netanyahu baş verən dəhşətli hadisədə onların əlinin olmadığını və bunun “İslami Cihad”-ın uğursuz raket atışı nəticəsində baş verdiyini iddia etsə də, 12 gün ərzində davam edən aramsız bombardman zamanı 2600 nəfər dinc Qəzza sakininin ölməsi onsuz da İsrailə qarşı etiraz səslərini bütün dünyada artırmışdı. Partlayış baş verən xəstəxanada 500 nəfərdən artıq insanın ölməsi hadisəsi isə İsrail-HƏMAS müharibəsini tamamilə yeni bir mərhələyə keçirir. Bundan sonra İsrailin Qərb dünyası tərəfindən dəstəklənməsi hədsiz dərəcədə çətinləşəcək və hətta dünyanın bir çox yerində anti-semitizmin vüsət alması mümkündür.

Yenixeber.org: HƏMAS-ın 7 oktyabr tarixində İsrailə hücumundan dərhal sonra bütün dünya ictimaiyyəti baş verənləri terror aktı kimi qəbul etdi. Bu, fələstinlilərə qarşı aqressiv mövqeyinə görə həmişə beynəlxalq arenada ittiham olunan İsrailə münasibəti həmin ərəfədə dəyişmişdi. İsrail uzun illər ərzində davam edən HƏMAS problemini həll etmək üçün dərhal hərəkətə keçmək qərarına gəldi, çünki mövcud hökumətin ölkə daxilindəki vəziyyəti bunu tələb edirdi. Həyata keçiriləcək hərbi əməliyyatın bütün parametrləri, geosiyasi aspektləri dərindən incələnmədən yenidən köhnə metoddan istifadəyə baş vuruldu. Həmin metod havadan Qəzzanın bombalanmasıydı. Bunu iyirmi ilə yaxındır ki, mütəmadi tətbiq ediblər və sanki bundan çıxış edərək, hər şeyin ətraflı təhlil edilməsinə ehtiyac duymadılar. Netanyahu ölkə daxilində korrupsiya qalmaqalı ilə üzləşdiyi bir vaxtda, hələ üstəlik, baş vermiş terror aktının önünün nə üçün alınmamasının da cavabını verməliydi. İsrail cəmiyyəti təxirə salınmadan ciddi tədbir gözləyirdi.

Digər yandan isə İsrailin imici zədələnmişdi. İsrail ordusu və kəşfiyyatı dünyanın ən yaxşı döyüş qabiliyyətli, bacarıqlı, hazırlıqlı və məlumatlı strukturları hesab olunurdu. Deməli, İsrailin ən böyük problemi onun zəif görünməsiydi və bu, İsrail hökuməti və cəmiyyəti tərəfindən əsla qəbul edilə bilməzdi.

Ümumiyyətlə, əgər ən azından son iyirmi ili gözdən keçirsək görərik ki, İsrailin Fələstin və xüsusən də Qəzza bölgəsi ilə bağlı ciddi həll planı olmayıb. Onlar həmişə üzlərini ABŞ-a tutublar. Yəni, Vaşinqton ilə məsləhətləşmələr aparmadan hər hansı fundamental addımlar atmaq istəməyiblər. İsrail siyasi dairələri öz güclü strateji müttəfiqlərinin maraqlarının ziddinə getməklə kobud səhv edəcəklərini düşünüblər. Bəlkə də, İsrailin maraqları çərçivəsində bundan fərqli xətt tutmaq da asan olmayıb.

       Bəs hadisələrin dinamikasına uyğun olaraq yaxın perspektivdə nələr baş verə bilər?


ABŞ İsraili Avrasiyanın mühüm logistik mərkəzlərində birinə çevirmək niyyətindədir. Bəllidir ki, İsrail uzun illərdir aktiv hərbi fəaliyyətlərlə Aralıq dənizinin şərq hissəsində və Yaxın Şərqdə Amerikanın geostrateji maraqlarının təminatçısı kimi çıxış edir. Yaxın və orta perspektivdə Vaşinqton İsrail üzərindən aşağıdakı layihələri həyata keçirməyi planlayır:

1) İsrail qazının böyük həcmdə nəqlini reallaşdırmaq.

2) Körfəz ölkələri ilə İsraili yaxınlaşdırmaq.

3) İsraili Avrasiya nəqliyyat dəhlizində mühüm qovşağa çevirmək.

4) İsraili Nyu-York, Hon-Konq və London kimi dünyanın ən iri iqtisadi-maliyyə mərkəzlərindən biri etmək. Beləliklə, bu istiqamətdə İsrailə ən böyük əngəli törədən iki amil - Qəzza bölgəsindəki HƏMAS və Livandakı “Hizbullah” qruplaşmaları ortadan qaldırılmalıdır. Əgər İsrail bu təşkilatlarla bağlı məsələni həll edə bilməsə, yuxarıda söylənilən layihələrin həyata keçirilməsi müşkül olacaq. Nəqliyyat yolu üstündə hər an savaşmağa hazır dayanan qüvvələrin varlığı bu işin nə dərəcədə riskli olmasını göstərir. Həm də unutmayaq ki, İsrailin Avrasiyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsini qəbul etməyən iri dövlətlər var və onlar da öz məqsədlərinə çatmaq uğrunda fələstinlilərdən yararlanmağa çalışırlar.

Digər yandan, belə bir sual verilə bilər ki, axı, ABŞ 1940-cı illərin sonundan indiyədək heç də yuxarıda sadalanan məqsədlər naminə İsraili dəstəkləməyib və o zaman hələ nə təbii qaz vardı, nə də ki, nəqliyyat dəhlizləri uğrunda mücadilə gedirdi. Bəli, İsrail Yaxın Şərqə təsir etmək üçün Amerikaya gərək olub. Tarixi prosesin qanunauyğunluğuna və mövcud şərtlərə əsasən İsrail ABŞ üçün önəmini itirməyib. Gerçəklik ondan ibarətdir ki, ötən müddət ərzində İsrail daim ABŞ-ın köməyinə arxalanıb və Fələstinlə bağlı məsələni kökündən və birdəfəlik həll edə bilməyib. ABŞ-ın buna mane olmasını da istisna etməyək.

Belə görünür ki, Amerika İsraillə bağlı yeni layihəsində hansısa ciddi dəyişikliyə getmək məcburiyyətində qalacaq və Fələstin məsələsinin köhnə metodlarla həllindən əl çəkəcək. Əks təqdirdə nailiyyət əldə olunması mümkünsüz görünür. İndiki mərhələdə ABŞ istəsə, İsrail müharibəni dayandırar və münaqişə müvəqqəti dondurular. Ancaq bu da həll deyil.

Ola bilər, ABŞ İsraili inandırmaq istəyəcək ki, baş verənləri nəzərə alaraq, ənənəvi zor üsulunu dəyişməyə ehtiyac var. Amerika İsrail ilə fələstinlilər arasında dayanıqlı barış yaradarsa, yuxarıdakı layihələri prinsip etibarilə həll edə bilər və o, geostrateji mücadilədən uduşlu çıxar. Lakin əgər ABŞ-ın və eləcə də İsrailin öncədən hazırlanmış alternativ planları yoxdursa, münaqişə formasını dəyişəcək və uzanacaq.

Uzun sürən İsrail-Fələstin qarşıdurmasının təcrübəsi göstərir ki, köhnə üsulun üzərində dayanmaq artıq işə yaramır, yeni siyasi kurs müəyyənləşməlidir. Əks təqdirdə istər İsrail xalqı və istərsə də fələstinlilər böyük güclərin geostrateji mübarizə meydanında itkilər verəcəklər. Əgər müharibə şiddətlənərsə, döyüş arealının genişlənməsi qaçılmaz görünür.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam