"İran Fələstin müqavimətinə daha çox dəstək verir" -HƏMAS və Səudiyyə Ərəbistanı arasında gərginlik
Səudiyyə dini dairələrindən fərqli olaraq, HƏMAS və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrdə soyuqluq saxlanılır.
Yenixeber.org: Kral Səlman bin Əbdüləziz əl-Səud 2015-ci ilin yanvarında taxta çıxdıqda, Səudiyyə Ərəbistanının HƏMAS kimi siyasi qruplara qucaq açacağı gözləntisi cəmiyyətdə həyəcan doğurdu. HƏMAS Siyasi Bürosunu rəhbəri Xalid Məşəl 2015-ci ilin iyulunda Səudiyyə Ərəbistanına gələrək kralla görüşdü. Ancaqxarici işlər naziri Adil əl-Cübeyr, Məşəlin əslində, ümrə ziyarəti üçün gəldiyini və siyasi mövzularda danışıqların olmadığını deyərək səfərin çəkisini endirdi.
Körfəz bölgəsinə məsul olan dövlət naziri Samir Sabha "Al-Monitor"a verdiyi açıqlamada HƏMAS-la nə üçün siyasi təmasın olmadığını izah edərkən, Səudiyyə Ərəbistanının təşkilat və hərəkatlarla deyil, dövlətlərlə ünsiyyət qurduğunu vurğuladı. Sabhanın sözlərinə görə, Səudiyyə Ərəbistanı birbaşa olaraq Fələstin Muxtariyyətini dəstəkləyir və bu mənada, dövlət xarici aktyorlarla iş birliyinə icazə verməyən beynəlxalq tənzimləmələr istiqamətində daha əhatəli bir yanaşma izləyir.
Sabha, həmçinin İranın Fələstin müqavimətini təmsil edən HƏMAS-a dəstək verməklə, özünə üstünlük təmin etmədiyini bildirdi. Nazirin sözlərinə görə, İran əslində, Fələstin iddiasını əhəmiyyətsiz hesab edir və "Fəth"lə HƏMAS-ın arasını vurur, ərəblərin fələstinliləri birləşdirmə səylərini baltalayarak öz mənfəəti üçün çalışır. S.Sabha, Səudiyyə Ərəbistanının HƏMAS-a dəstəyini kəsməsinə baxmayaraq, Fələstin Rəhbərliyi üzərindən Fələstin büdcəsinə qatqı verməyə davam etdiyini qeyd etdi.
Fevralın 13-də Yahya Sənvar HƏMAS-ın Qəzza zolağındakı silahlı qanadı olan "İzzəddin əl-Qəssam briqadaları"nın lideri seçildi. Senvarın İranla bölgədəki sünni-şiə qarşıdurmasını aşan güclü əlaqələri var. Bu şəxsin lider seçilməsi HƏMAS-ın silahlı mübarizə seçimi etdiyinə, buna görə də təhsil və maliyyə baxımından Ərəb Dünyasında rəqibi olmayan İrana yönəldiyinə işarə edir.
Y.Sənvarın başçılığa başlaması HƏMAS-la Səudiyyə Ərəbistanının yaxınlaşacağı gözləntisini heçə endirir. 1979-ci ilin İslam İnqilabından məsafədə dayanan HƏMAS-ın banisi Şeyx Əhməd Yasinin yaşadığı dövrdə HƏMAS-ın Səudiyyə rəhbərliyiylə yaxınlığı vardı. Səudiyyə Ərəbistanı özüylə eyni ideoloji müstəvidə olan Yasinə həyatının sonunadək hörmət və nəzakət, 1998-ci ilin həcc ziyarətində şeyxə xüsusi iltifat göstərdi. Ancaq o günlər çoxdan keçmişdə qalıb.
HƏMAS-ın yüksək səviyyəli təmsilçilərindən Əli Baraka öz şərhində xarici əlaqələrdə qərarları verən Siyasi Büronun Səudiyyə Ərəbistanı da daxil olmaqla, ərəb və müsəlman ölkələrlə əlaqələri inkişaf etdirməyə çalışdığını bildirib və əlavə edib: "HƏMAS-ın əsl əhəmiyyət verdiyi məsələ müqavimətə və iddiaya dəstəkdir. Bu işdə İran daha istəklidir".
Suriya qiyamının əvvəllərində prezident Bəşər Əsəd rejiminə qarşı olan HƏMAS öz Siyasi Bürosunu Dəməşqdən Dohaya köçürdü. O günlərdə bir çox siyasi şərhçi HƏMAS-ın Səudiyyə Ərəbistanı ilə əlaqələrində yeni bir səhifə açacağını, Əsədin ən böyük dəstəkçisi olan İran ilə HƏMAS-ın yollarını ayıracağını düşünmüşdü. Ancaq hazırda Tehran hələ də HƏMAS-a dəstək verir.
HƏMAS rəhbərliyinə yaxın bir qaynaq "Al-Monitor"a belə deyib: "HƏMAS lideri İsmayıl Haniyə 2016-cı ilin sentyabrda həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına getdikdə, səmimi qarşılanmadı. Kral Salman müsəlman ölkələrindən həcc üçün gələn dövlət başçılarını və digər yüksək səviyyəli rəsmiləri sarayında qəbul etdikdə, Haniyə bu qəbula qoşulma imkanı tapa bilmədi. Bu, HƏMAS-ı çox sarsıtdı".
Anonim qalan mənbənin sözlərinə görə, İ.Haniyə səltənətdə olduğu zaman Səudiyyə rəsmiləri ilə görüşmək imkanı tapmadı. "Al-Monitor"un mənbəyi deyib ki, səudiyyəli bir rəsmi 2016-cı ildə HƏMAS Siyasi Bürosunun bir üzvünü "Əl Qəssam"a pul yığmaq ittihamı ilə həbs edilib. Ancaq HƏMAS-a yaxın bəzi ölkələrin vasitəçiliyi ilə sonradan sərbəst buraxılıb. Səudiyyə Ərəbistanı ilə gərgin münasibətləri ucbatından İran bu ölkələrin arasında olmayıb.
Mənbə bildirib: "Səudiyyə xalqı "Əl-Qəssam briqadaları"nı həmişə dəstəkləyib. Səudiyyə rəhbərliyi xalqına HƏMAS-a yardım etməyə icazə versə, İranın pulları kölgədə qalar. Ancaq bəzi işarətlər Səudiyyə Ərəbistanının HƏMAS-ı istəmədiyini göstərir. Məsələn, Səudiyyə səfirlikləri milli bayramlarda HƏMAS nümayəndələrini artıq tədbirlərə dəvət etmir. Buna görə də HƏMAS rəhbərliyi, Məşəl və Haniyədən Qətərdəki Səudiyyə səfirliyinin (sentyabr, 2016-cı il) Milli Günə qatılmasına etiraz etdi".
HƏMAS Səudiyyə Ərəbistanının rəftarından duyduğu narahatlığı bilvasitə dilə gətirir. Məsələn, Siyasi Büronun ikinci şəxsi Musa Əbu Marzuk 2016-cı il iyunun 16-da Ərəb Dünyasından heç bəhs etmədən, İranın Fələstindəki rolunu təriflədi və bu ifadəni işlətdi: "İranın istər vəsait, istərsə təhsil və s. sarıdan Fələstin müqavimətinə verdiyi dəstək müqayisəedilməzdir. Əksər ölkələr bunu təmin edəcək vəziyyətdə deyil".
HƏMAS-çı mənbə də Səudiyyə Ərəbistanının yalnız Ramallahdakı Fələstin Muxtariyyətinə dəstək verdiyini təsdiqlədi və sözünə belə davam etdi: "Biz Məkkə müqaviləsinə hörmət göstəririk və Səudiyyə Ərəbistanı əksini düşünsə də, bu sazişdən çıxmamışıq. Haniyə hökuməti qanunidir, Fələstin Qanunvericilik Şurasında əksəriyyətə malikdir. Ancaq aşkar gerçəkləri də görməməzliyə vura bilmərik. İsrailin Qəzzaya yönəlik 2014-cü il savaşından sonra "Əl-Qəssam briqadaları"nın hərbi infrastrukturunu bir il ərzində toparlayan yalnız İrandır".
Səudiyyə rejiminə yaxınlığı ilə bilinən Körfəz Araşdırma Mərkəzinin başçısıƏbdüləziz bin Sakr isə "Al-Monitor"a şərhində deyib: "ABŞ-da rəhbərliyin dəyişməsi və buna bağlı olaraq fələstinlilərin təcridolma ehtimalı HƏMAS-ı ABŞ siyasətinin qarşısında duran ifrat seqmentlərə doğru yönəltdi".
Sakrın sözlərinə görə, silahlı qanaddan gələn Sənvarın HƏMAS-ın rəhbərliyinə keçməsi "Əl-Qəssam briqadaları"nın hərəkat üzərindəki təsirini xeyli gücləndirir və HƏMAS-ı Səudiyyə Ərəbistanından uzaqlaşdırıb, İranla yaxınlaşdırır.
Fəhd əl-Utaybi
"Al-Monitor"