Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

De Qollu aşıran Nanter –Bu şəhər 55 il öncə də iğtişaşlar meydanı, qan ocağıydı

Məlum olduğu kimi, 1789-cu ildən bəri Fransada dəfələrlə inqilablar baş verib, monarxiya və vaxtaşırı təsis edilən respublikalar süqut edib. Hökumət əleyhinə saysız-hesabsız etiraz aksiyaları, iğtişaşlar, üsyanlar olub.

Yenixeber.org: Onlardan biri də 1968-ci ildə baş verib. Ölkənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olan həmin etiraz aksiyaları tarixə “May hadisələri” və ya "Qırmızı May" kimi düşüb.

O vaxt hakimiyyətdə Fransanın milli qəhrəmanı, II dünya müharibəsində Fransa müqavimət hərəkatına başçılıq edərək, rəşadət göstərən, xalqının üzünü ağardan, 5-ci respublikanın qurucusu və ilk prezidenti olan Şarl de Qoll (1890-1970) olub. Əfsanəvi general solçu tələbə etirazları ilə başlayan nümayişlərin, iğtişaşların qarşısında aciz qalıb. Ona və hökumətə qarşı milyonlarla adam etiraz aksiyasına qatılıb, 10 milyon işçi tətil edib, ölkə ciddi sosial böhran yaşayıb. Bu, son nəticədə hökumət dəyişikliyinə, prezident Şarl de Qollun istefasına və daha geniş mənada, Fransa cəmiyyətində böyük dəyişikliklərə səbəb olub.
Ən paradoksalı odur ki, 1968-ci ilin may böhranı son onillikdə görünməmiş iqtisadi artım fonunda baş verib. Əhalinin sosial rifah göstəriciləri artmaqda, həyat səviyyəsi yüksəlməkdəykən, birdən-birə aydın səmada şimşək çaxıb.

000_arp2770478.jpg (379 KB)

Düzdür, 1968-ci əvvəlində ölkədə işsizlərin sayı təqribən 500 min nəfər olub, amma bu ölkənin 50 milyonluq əhalisinin 1 faizini təşkil edirdi. Sadəcə, işsizlər arasında gənclərin xüsusi çəkisi ağır olub və onlar daha çılğın, daha çevik, daha radikal olduqlarından qısa müddətdə təşkilatlanaraq, ortaya böyük qüvvə kimi çıxa biliblər.

Bir həftə öncə, 2023-cü ilin 27 iyununda Nanterdə başlayan son etiraz aksiyasında olduğu kimi, 1966-67-ci illərdə də protestlər də məhz həmin yaşayış məntəqəsində, Parisətrafı şəhərlərin ən böyüklərindən biri olan Nanterdə başlanıb. O vaxt Parisin bu şəhəri gecəqonduların hesabına böyüdükcə böyüyüb və özüylə birlikdə sosial problemləri də böyüdüb.

Həmin vaxt ən imtiyazlı siniflərin belə narahatlıq üçün əsasları olub: ali təhsilin populyarlaşması tələbələrin yataqxanalarda yerləşdirilməsi nəqliyyat və təhsil müəssisələrinin maddi təminatı ilə bağlı problemlər yaradıb. 1967-1968-ci illərdə hökumət ali təhsil müəssisələrinə qəbulda daha sərt müsabiqənin tətbiq edilməsini müzakirə edərkən, bu, tələbələr arasında etiraza və iğtişaşlara gətirib çıxarıb.

François_Mitterrand,_ministre_des_Anciens_combattants_(1947).jpg (100 KB)

Bununla yanaşı, “May hadisələri”nin mayasında siyasi səbəblərin ciddi rol oynadığı da düşünülür.
1965-ci ildə ümumi seçki hüququ əsasında keçirilən prezident seçkilərində Fransua Mitteran hamı üçün gözlənilmədən ikinci tura çıxıb və bu, müxalifətin nisbi (eləcə də mənəvi) qələbəsi kimi qiymətləndirilib. Bu, Mitterana siyasi solun rəhbəri olmağa imkan verib. 1967-ci il parlament seçkilərində iştirak etmək üçün o, solçu qeyri-kommunist partiyaların seçki koalisiyasını, Demokratik və Sosialist Sol Federasiyasını yaradıb və Fransanın kompartiyası ilə seçki müqaviləsi bağlayıb.

Parlament seçkilərindən sonra mərkəzçilər (Valeri Jiskar d'Esten) hökumətə tənqidi yanaşaraq Mitteranı dəstəkləyiblər; xristian demokratlar hakimiyyətə qarşı düşmənçiliklərini davam etdiriblər; ultrasağlar generala həm keçmiş müttəfiqi Vişi rejimi (II dünya müharibəsi zamanı 3-cü Reyxin Fransanı işğal etməsi nəticəsində Vişi şəhərində yaradılmış kollaborasionist kukla dövlətı) üzərindəki məhkəməni, nə də de Qollun Əlcəzairdən “imtina”sını bağışlamayıblar..

Paralel olaraq radikal sol qruplar (anarxistlər, trotskiçilər, maoçular və s.) da çoxalıblar. Soyuq müharibə də bir yandan antinüvə hərəkatının yaradılmasına təkan verib.

Fransızlar televiziya və radio üzərindəki dövlət inhisarına qarşı olublar. 78 yaşlı Şarl de Qollun xarici siyasəti və millətçiliyi fransızların əhəmiyyətli bir hissəsinin maddi, mədəni və sosial gözləntilərini doğrultmayıb. Fransanın rüsvayçı işğalına səbəb olmuş müharibə çoxdan arxada qaldığı üçün artıq de Qollun personası öz parlaqlığını itirməyə başlayıb. Hətta daha pis, yaşlı prezidentin şəxsiyyəti getdikcə daha çox qıcıq yaradıb - o, bir çoxlarına, xüsusən də gənclərə qeyri-adekvat avtoritar və köhnəlmiş siyasətçi kimi görünməyə başlayıb. Nəticədə “gənclərin qabağını kəsən qocalar siyasi səhnədən çəkilməlidir” qənaəti güclənib.

wide_4_3_0502372cd19c270327d504ddbd7c4fdf.jpg (157 KB)

Beləliklə, 1968-ci ilin may hadisələri Paris universitetlərində, əvvəlcə Paris X-Nanter universitetində, sonra isə Sorbonnada başlayıb. Tələbələrin hərəkətverici qüvvəsi müxtəlif ifrat solçu ideyalar olub. Marksist-leninçilər, trotskiçilər, maoçular, anarxistlər və s. romantik etiraz ruhlu gənclər birləşiblər. Xüsusilə mərkəzi Nanter olan anarxist hərəkat daha güclü olub. Sorbonnada bir çox solçu mühazirəçilər, məsələn, məşhur yazıçı, 1964-cü ildə layiq görüldüyü Nobel mükafatından rus-sovet yazıçısı Mixail Şoloxovun (bir il sonra ona verilib) xeyrinə imtina etmiş Jan-Pol Sartr və radikal ziyalıların digər tanınmış nümayəndələri də tələbələrə rəğbət bəslədiklərini gizlətməyiblər.

Radikal solçularla Qərb hərəkatının ultrasağçı yaraqlıları arasında toqquşmalar olub. Bir neçə gün davam edən iğtişaşlardan sonra həmkarlar ittifaqları tətilə başlayıblar, sonra tətil müddətsiz elan edilib. Etirazçılar (həm tələbələr, həm fəhlələr, həm də işsizlər) konkret siyasi tələblər irəli sürüblər. Onların arasında de Qollun istefası, 40 saatlıq iş həftəsi, pensiya yaşının 60-a salınması, minimum əmək haqqının qaldırılması kimi tələblər olub.

preview_f8c85a4af1db660c99712ae65ec7c4cf.jpg (153 KB)

Ayın ikinci yarısında de Qollun tərəfdarları siyasi əks-hücuma keçiblər. Təşkilatçı qüvvə müqavimət illərində prezidentin ən yaxın silahdaşlarından ibarət qrup olub (Jak Fokar, Pyer Debize, Pol Komiti, Pyer Lefrank, Andre Malro və başqaları). Bütün bu qüvvələr təxribatçı xaosa qarşı antikommunizm, Fransanın suverenliyi və böyüklüyü, respublika nizamının müdafiəsi şüarları altında birləşiblər. Əsas təbliğat istiqaməti belə olub ki, “məkrli qüvvələr Fransanın suverenlyinin qəsdinə durublar”, “de Qollun istefasını istəyənlər Fransanın inkişafını istəməyənlərdir” və s. 1968-ci il mayın 30-da Parisdə üç yüz mindən bir milyona qədər iştirakçı prezidentə dəstək nümayişi keçirib. Bununla da müzəffər general inqilabi hərəkatı zərərsizləşdirə bilib.

Ancaq o, nə repressiyaya, nə də qisas aktlarına başlamayıb, növbədənkənar parlament seçkiləri təyin edib. Parlament seçkiləri isə münaqişəyə son qoyub.

KUW8926UEG7NLBARACYB2LIQB.jpeg (223 KB)

Baş nazir Jorj Pompidu "kommunist təhlükəsi" qarşısında "respublikanın müdafiəsi" üçün kampaniya aparıb və "tərəddüd edən çoxluğa" xitab edib. Seçkilər nəticəsində “Respublikanın müdafiəsi ittifaqı” Fransa tarixində ilk dəfə olaraq parlamentdə mütləq çoxluq qazanıb. Bu hadisələrdən cəmi bir il sonra Şarl de Qoll Senat və yerli hakimiyyət orqanlarının islahatları ilə bağlı referendumda uduzduğuna görə istefa vermək qərarına gəlib. Əslində o, həyatını həsr etdiyi xalqının 1968-ci ilin mayında o şəkildə onun üzünə dirənməsindən məyus olduğuna görə bu addımı atıb.

Həmişə olduğu kimi, 1968-ci ilin mayında Fransada baş verən inqilaba bərabər kütləvi aksiyalarda ABŞ-ın barmağı olduğunu iddia və “sübut edənlər” tapılıb. Gerçəkdən də həmin vaxt Şarl de Qoll ABŞ-ın iradəsinin ziddinə qərarlar qəbul edib, siyasət yeridib. Amma ABŞ Fransanı marksist-leninçilərin, trotskiçilərin, maoçuların və antiimperialist, antikapitalist ovqatlı həmkarlar ittifaqlarının əliylə qarışdıra bilərdimi? Budur əsas sual.

55 il öncə inqilabi ayaqlanmanın mərkəzi olan Nanter yenidən bugünkü iğtişaşların episentrinə çevrilsə də, bunlar eyni hadisələr deyil. O vaxtkı iğtişaşların hərəkətverici qüvvəsi tələbə gənclər olub və daha çox sosial-siyasi tələblər irəli sürüblər, indiki iğtişaşların zərbəçi qüvvəsi irqi-milli zəmində ayrı-seçkiliyə etiraz edən afrikalı gənclərdir. Söz yox, onlara qoşulub fürsətcillik edən kriminal elementlər də var.
1968-ci ilin mayında etiraza qalxan tələbələrin şüarları və divarlara yazdığı qraffitilərin bir qismi belə olub:

qraffrans.JPG (47 KB)

“Realist olun, mümkün olmayanı tələb edin!” (Çe Gevara);

“İnqilabı yarıya çatdıranlar öz məzarlarını qazırlar” (Saint-Just);

“Heç nə tələb etməyəcəyik: götürüb ələ keçirəcəyik”;

“Rəhbərlərlə sövdələşməyin! Onları aradan götürün!”;

“Bütün ölkələrin proletarları, əylənin! (Kommunistlərin “Bütün ölkələrin proletarları, birləşin!” şüarının parodiyası).(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam