Şarl de Qollu istefaya məcbur edən tələbə hərəkatı – “Qırmızı may” Fransada böyük dəyişikliyə səbəb olub
Yəqin heç kimin ağlına gəlməzdi ki, 23 yaşlı Daniel Benditin bir neçə tələbə yoldaşı ilə başladığı etiraz aksiyasına 10 milyondan artıq insan qoşulacaq, Parisdə və Fransının digər şəhərlərində nümayişlər, tətillər səngiməyəcək, 1968-ci ilin may ayı Fransa tarixinə “Qırmızı may” kimi düşəcək və ən nəhayət, 20-ci əsrin ən tanınmış siyasi və hərbi simalarından biri olan Fransa prezidenti Şarl de Qoll istefa verəcək...
Yenixeber.org: Əslində ölkə rəhbərliyi üçün bu ərəfədə etiraz nümayişlərinin başlanması gözlənilməz olub. Çünki II dünya müharibəsindən sonra, 1950-60-cı illərdə Fransa inkişafına, həyat tərzinə, vətəndaşların sosial rifah vəziyyətinə görə dünya ölkələri arasında lider dövlətlərdən biri sayılıb, daha dəqiq ifadə etsək, Fransa özünü dünyaya bu səviyyədə təqdim edib. “Şanlı otuzillik” adlandırılan bu dövrdə Fransada heç də hər şey “şanlı” olmayıb. 3 milyondan artıq paytaxt sakini heç bir kommunal şəraiti olmayan mənzillərdə yaşayıb, zavod və fabriklərdə həftəlik iş saatı 45 saata qaldırılıb, fəhlə və tələbə yataqxanalarında normadan çox adam saxlanıldığından antisanitariya vəziyyəti yaranıb, müəssisələrdə verilən əmək haqqı əvvəlki illərə nisbətən aşağı düşüb, işsizlərin sayı 500 min nəfəri ötüb, ali təhsil ocaqlarına qəbul yerləri məhdudlaşdırılıb, rejimin qoyduğu qadağalar bütün sahələrə tətbiq edilib.
Hökumətin səsləndirdiyi pafoslu şüarlardan bezən sıravi vətəndaşlar real vəziyyətin günbəgün ağırlaşdığını və yaxşılığa doğru getmədiyini yaxşı anlayıblar. Amma müharibə qəhrəmanı Şarl de Qollun avtoritar rejiminə qarşı çıxmaq da onlar üçün təhlükəli olub. Bu məsələdə orta və yaşlı nəsildən fərqli olaraq tələbələr daha cürətli addımlar atıblar.
Artıq 1967-ci ildən başlayaraq Fransa universitetlərində tələbələrin etiraz çıxışları başlanıb. İlk olaraq Nanter Universitetində tələbələr öz toplantılarını keçiriblər. Etirazçı tələbələrə 23 yaşlı Daniel Bendit başçılıq edib.
Tələbə hərəkatı qısa bir müddətdə ölkənin bütün universitetlərində fəallaşıb. 1968-ci il martın 22-də etirazçı tələbələr öz komitələrini yaradıblar. Ölkə rəsmiləri tələbələrin təşkilatlanmasından xəbər tutduqdan sonra 6 nəfər fəal həbs edilib və digərlərinin bu səpkidə fəaliyyətlərinə ciddi qadağa qoyularaq xəbərdarlıq edilib. Amma bu qadağalar tələbə gənclərin planlarının qarşısını ala bilməyib. Nümayişlərin əsas şüarı olan “Qadağan etmək qadağandır” şüarı da elə hökumətin ilk qadağalarından yaranıb.
Fransa Milli Tələbə Birliyi adı altında birləşən Paris universitetinin tələbələri mayın ilk günlərində küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar. Mayın 6-da etirazçı tələbələrin sayı 20 minə çatıb. Mayın 10-da bu rəqəm 90 min, mayın 14-də isə 200 min olub. Mayın 14-dən başlayaraq 50-dən artıq fabrik və zavodun işçiləri etirazçılara qoşulub. Artıq mayın 18-də təkcə Fransa paytaxtında nümayişçilərin sayı 2 milyonu keçib. Bir həftə ərzində isə ölkədə 10 milyondan artıq insan etirazçıların sırasına qoşulub. Bu insan kütləsi Fransada ümumi işçilərin üçdə iki hissəsini təşkil edib.
Hökumət etirazçıların sosial tələblərini yerinə yetirməyi vəd etsə də, etirazçılar tətil və nümayişləri davam etdiriblər. Mitinqlərdə şüarlar sosial müstəvidən siyasi müstəviyə keçib, Şarl de Qollun istefası tələbləri səsləndirilib.
Mayın 29-da Şarl de Qoll hökumət üzvlərini prezident iqamətgahını tərk etdiyi haqqında məlumatlandırıb və bunu belə əsaslandırıb: “Etirazçılara prezident sarayına hücum etmək fürsəti verərək qan tökülməsini istəmirəm. Getməyə qərar verdim, boş saraya heç kim hücum etməz...”
Bir müddət Parisi tərk edən prezident baş nazir Jorj Pompudunu meydanda tək qoyub. Baş nazir etirazçılara güzəştlər ediləcəyini, həbs olunanların azadlığa buraxılacağını, universitetlərin fəaliyyətinin bərpasını söz versə də, xüsusilə etirazçı tələbələr bu vədləri saxta söz kimi qəbul ediblər.
Küçələrdə qurulan barrikadaların sayı artıb. Fransada çalışan xarici jurnalistlər bu barrikadalardan birbaşa reportajlar hazırlayıblar.
Şarl de Qollun Parisi tərk etməsi polis və etirazçılar arasında yaranmış gərginliyi nisbətən azaldıb. Şarl de Qoll ordu generalları ilə ayrı-ayrılıqda danışıqlar aparıb, ordunun onun arxasında dayandığına əmin olduqdan sonra Parisə qayıdıb, parlamenti buraxıb və iyunun 23-nə seçkilər təyin edib.
Seçkilərdə hakim partiya səs çoxluğu ilə qələbə qazanıb. Şarl de Qoll isə istefa vermək fikrindən daşınıb və onun məşhur bir ifadəsi də bu ərəfədə yaranıb: “Şarl de Qoll yox, bəs onda kim?
Bu hadisələrdən sonra Şarl de Qoll özünə əminliyini bir daha nümayiş etdirmək üçün həmkarlar ittifaqının və sahibkarların tələbi olan iqtisadi və sosial islahatlarla bağlı referendum keçirməyi qərar verib. O, əvvəlcədən refenderumda “qarşı” tərəflərin tələblərinin səs çoxluğu qazanacağı halda istefa verəciyini söz verib. 27 aprel 1969-cu ildə axşam saatlarında referendumun nəticələri məlum olub. Aprelin 28-də gecə saatlarında Şarl de Qoll baş nazirə zəng vuraraq qərarını söyləyib: “Mən prezidentlik fəaliyyətimə son qoyuram. Bu qərar hazırki dəqiqələrdən qüvvəyə minir...”
Fransanın “Qırmızı may” hadisələri istər yerli, istərsə də xarici ölkələrin siyasətçiləri tərəfindən fərqli qiymətləndirilsə də, bu hadisələr ölkənin ictimai-siyasi həyatında bir çox dəyişikliklərə səbəb olub və baş verənlərə baxmayaraq Şarl de Qoll böyük istefa mədəniyyətinə sahib olmaqla öz siyasi nüfuzunu saxlamağı bacarıb...
Qeyd edək ki, Şarl de Qoll Fransanın 18-ci prezidenti olaraq 1959-cu ildən 1969-cu ilə qədər ölkəyə rəhbərlik edib.(musavat)
İlham Cəmiloğlu