Berlindən 30 kilometr aralıda yerləşən meşə massivindəki Vandlis qəsəbəsinə giriş hazırda hamıya, o cümlədən xarici turistlərə açıqdır. Amma 1960-1980-ci illərdə bu qəsəbəyə heç orta ranqlı dövlət məmurları da ayaq basa bilməyiblər. Həmin illərdə son dərəcə güclü mühafizə altında və məxfi saxlanılan bu qəsəbədə Almaniyanın (ADR) rəhbərləri yaşayıblar.
Yenixeber.org: 1950-ci illərin sonlarında Almaniya Vahid Sosalist Partiyasının rəhbərlərinin tam təhlükəsiz və daha rahat, ekoloji cəhətdən daha təmiz, səsli-küylü şəhər mühitindən uzaq bir ərazidə yaşaması üçün Almaniya hökuməti ölkənin birincilərinə Vandlis qəsəbəsində kiçik bir şəhərcik salmağa qərar veriblər. Qısa müddətdə hazır olan şəhərcik sosialist ölkəsinin ərazisində yerləşsə də, Vandlis daha çox kapitalist ölkələrinə məxsus bir qəsəbəni xatırladıb.
Qərar qəbul edildikdən sonra qəsəbədən bütün əhali köçürülüb. Qəsəbə bütövlükdə 5 metr hündürlükdə beton hasara alınıb. Qəsəbədə 23 bir və ikimərtəbəli iqamətgahlar tikilib. Xarici görünüş baxımından bu iqamətgahlar bir-birlərindən fərqlənməyiblər. Birmərtəbəli iqamətgahlar 8, ikimərtəbəli iqamətgahlar 15 otaqdan ibarət olub.
Qəsəbədə hər iqamətgaha iki ev xidmətçisi təyin edilib. Yalnız Erik Honekkerin yaşadığı 180 kvadratmetr sahəsi olan iqamətgahda 4 nəfər ev xidmətçisi işləyib. Onlar Almaniya Vahid Sosialist Partiyasının baş katibinin xidməti personalına aid edilməyib.
İqamətgahlar kənardan çox sadə görünsələr də, onların daxili yetərincə zəngin olub. Tikinti və təmir işləri ən son standartlara uyğun aparılıb. Otaqlar dünyanın ən tanınmış şirkətlərinin istehsal etdiyi mebellər, məişət texnikası, xalçalar, ən qiymətli çilçıraqlar və s. ev avadanlıqları ilə təchiz edilib.
Qəsəbədə partiya elitası və onların ailə üzvləri üçün bütün şərait yaradılıb. Məktəb, uşaq bağçası, idman zalları, tennis kortları, kinoteatrlar, konsert zalları, tir, sauna, restoran və kafelər, əyləncə mərkəzləri, poliklinika, mağazalar və s. hökumət adamlarının ixtiyarında olub.
Qəsəbədə çalışan 700 nəfərə yaxın xidmət personalının hamısı dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları olublar. Onlar çox ciddi şəkildə yoxlanıldıqdan sonra xidmətə qəbul ediliblər. Xidmət personalı üçün qəsəbədə ayrıca ev tikilib. Personalda işləyən əməkdaşlara qəsəbəni bir saatlıq da olsun tərk etməyə icazə verilməyib.
Siyasi elitanın Vandlisdə yaşamaları tam məxfi saxlanılıb. Qəsəbəyə girişə hələ 5-10 kilometr qalmış xüsusi postlar qurulub. Hətta Berlin şəhərinin rəhbərliyi qəsəbəyə giriş üçün xüsusi buraxılış vərəqəsi alıb.
Vandlisdə böyüklər üçün bunker də inşa edilib. Bunkerdə Almaniya Vahid Sosialist Partiyası Siyasi Bürosunun hər bir üzvü üçün iş kabineti, ailə üzvləri üçün iki otaq, ayrıca sanitar qovşaq tikilib. Bunker bütün kommunikiasiya ilə təmin edilib. Xüsusi havalandırma sistemi, istilik təchizatı, daimi su, elektrik enerjisi, rabitə, kino zalı, hovuzlar bunkeri yerüstü iqamətgahlardan heç nə ilə fərqləndirməyib.
Partiya rəhbərlərinin sığınacağı 5 illik ərzaq məhsulları ilə təmin edilib və bu təminat daim yenilənib. Bunkerə eyni vaxtda 400 nəfərin yerləşdirilməsi mümkün olub.
Vandlisdə rəhbərlərin xüsusi təyinatlı qarajı da fəaliyyət göstərib. Siyasi Büronun hər bir üzvünə şəxsi və xidməti avtomobillərinə xidmət göstərmək üçün avtomobil mütəxəssiləri ayrılıb.
Qəsəbədə fəaliyyət göstərən mağazalar isə ölkənin digər məkanlarında, eləcə də Berlində olan mağazalardan tam fərqlənib. Bu mağazalarda istənilən məmulatı, ərzaq məhsullardan tutmuş məişət texnikalarına qədər istədikləri hər şeyi əldə etmək mümkün olub. Slravi Almaniya vətəndaşı üçün əlçatmaz sayılan mallar partiya rəhbərlərinin ailə üzvləri üçün ən adi bir şey sayılıb.
Uzun illər Almaniya Vahid Sosialist Partiyasının rəhbərləri Vandlisdə kollektiv və mehriban yaşayıblar. Onlar bir çox ailə tədbirlərini də məhz bu məxfi qəsəbədə keçiriblər. Hətta Erik Honekker də öz yubileylərini Vandlisdə keçirməyə daha çox üstünlük verib.
Almaniyanın sosialist rəhbərlərinin “xoşbəxt” Vandlis günlərinə 1989-cu ildə, Berlin divarları söküldükdən sonra son qoyulub. Sosialist partiyası dağıldıqdan sonra onun rəhbərləri də Vandlisdən kollektiv şəkildə dağılışıblar.
Vandlis bir müddət qapalı bir məkan kimi saxlanılıb. Məhz həmin ərəfədə baxımsız və atılmış qəsəbədə çoxsaylı oğurluq hadisələri baş varib, hətta beş metrlik beton hasarları söküb aparanlar da olub.
Nəhayət, 2017-ci ildə Almaniya hökuməti totalitar keçmişin “abidə”sini qorumaq və mühafizə etmək haqqında qərar qəbul edib. Qəsəbədə bir sıra təmir, bərpa və yenidənqurma işləri görülüb.
İqamətgahların bir çoxu yenidən tikilsə də, Almaniya Vahid Sosialist Partiyası Mərkəzi Komitəsinin ilk baş katibi Valter Ulbrixtin iqamətgahı olduğu kimi saxlanılıb. Hazırda sabiq baş katibin bu iqamətgahdakı şəxsi kitabxanası, iş otağı, ailənin mətbəxi və digər otaqlar ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Vandlisin ərazisinin əsas hissəsini isə yeni tikilmiş klinika tutur.
İlham Cəmiloğlu