Türkiyənin pilotsuz hərbi hava vasitələri proqramı Avropa mediasının gündəmindən düşmür.
Yenixeber.org: Türkiyənin hərbi sənayesinə diqqət çəkən Almaniyanın “Focus” internet saytı maraqlı bir təhlil dərc edib.
Təhlildə Bayraktar TB-2 modelinin Ukrayna ordusu tərəfindən istifadə edildiyi vurğulanıb və maraqlı bir ifadəyə yer verilib:
“Silah sistemi Putin də daxil olmaqla dünyadakı bütün müştəriləri ruhlandırır”.
Məqalədə qeyd olunub ki, müdafiə sənayesində irəliləyiş 1970-ci illərdə ABŞ-ın tətbiq etdiyi silah embarqosundan sonra başlanıb və Türkiyə bu mənada özünü təmin etməyi bacarıb.
Qəzet prezident Ərdoğanın Türkiyənin bu sahədə yüzdə 70 nisbətində özünü təmin edən ölkə olduğuna dair açıqlamalarına yer verib və hədəfin bu nisbəti yüzdə yüzə çatdırmaq olduğunu yazıb.
Təhlildə Türkiyənin PUA-larla yanaşı, müxtəlif zirehli maşınlar, tanklar, daşınan reaktiv yaylım atəşi sistemləri, vertolyotlar və peyk sistemlərini də inkişaf etdirdiyi vurğulanıb:
"Ukraynadakı müharibə açıq şəkildə göstərir ki, Türkiyə hazırda dünyanın ən yaxşıları sırasında yer alan silah sistemləri hazırlayır. Bir çox ölkə Türkiyənin pilotsuz hərbi hava vasitələrini almaq üçün növbəyə durub".
Qeyd edək ki, Bayraktar TB2 kəşfiyyat missiyalarını həyata keçirmək üçün orta hündürlükdə uzun müddət havada qala bilən operativ-taktiki pilotsuz uçuş aparatıdır.
Bayraktar TB2-nin əsas uçuş performansı belədir:
18,000 fut əməliyyat hündürlüyü;
27 Saat maksimum havada qalma müddəti;
Tam avtomatik uçuş idarəsi və 3 əlavə avtopilot sistemi;
Yer sistemlərindən asılı olmayan tam avtomatik eniş və uçuş xüsusiyyəti;
GPS asılılığı olmayan daxili naviqasiya qabiliyyəti.
Bayraktar TB2-nin inkişaf etdirilmiş xüsusiyyətləri isə aşağıdakı kimidir:
25.000 fut əməliyyat hündürlüyü;
Tam avtomatik naviqasiya və marşrut izləmə xüsusiyyəti;
Daxili sensor birləşməsi ilə dəqiq, avtomatik uçuş və eniş
Tam avtomatik dayanacaq xüsusiyyəti;
Yarıavtonom uçuş rejimi dəstəyi;
Qəzaya dözümlü və 3 əlavəli sensorlu birləşmə tətbiqi;
Unikal litium əsaslı batareya.(musavat)
Nigar Cəfərli