Yenixeber.org: Prezident Makarios da daxil olmaqla, Kipr yunanlarının liderləri enozis istəklərinin həyata keçməməsindən və Yunanıstanla birləşə bilməmələrindən məmnun deyildilər. Üstəlik, müstəqil dövlət də sırf yunan dövləti deyildi, türklərlə ortaq dövlət idi. Yunanlara görə, türklərə həddən artıq hüquqlar verilmişdi. Təsadüfi deyil ki, müstəqilliyin qazanılmasından az sonra şikayətlənməyə başladılar.

Qəbul olunan konstitusiya həqiqətən də çox mürəkkəb idi və idarəetmədə bir sıra problemlər yaradırdı. Belə iddialar var ki, türk tərəfi özünə verilən hüquqlardan bəzən sui-istifadə edirdi. Belə halda yeganə çıxış yolu bir müddət bu sənədlə idarə etməyə çalışmaq, iki toplum arasında qarşılıqlı etimada nail olmaq və bundan sonra konstitusiyanı dəyişməyi müzakirə etmək idi.

Amma bu, müstəqil Kipr Respublikasını yaşatmaq yolu idi. Yunanlar isə hələ də bunu yox, Yunanıstana birləşməyi düşünürdülər. Bu istəyi həyata keçirməyin isə bir yolu vardı: türk tərəfini zərərsizləşdirmək və qərar qəbulundan uzaqlaşdırmaq. Bu məqsədlə xüsusi “Akritas planı” hazırlanmışdı. 

Türkiyə ilə yaxşı münasibətlər saxlamağa çalışan Konstantinos Karamanlis 1963-cü ilin iyununda Yunanıstanın baş naziri vəzifəsindən getdi. Sürix-London razılaşmalarının əleyhdarı olan Georgios Papandreu noyabrın əvvəllərində yeni hökumətə başçılıq etdi. Bu da Kiprdəki yunan millətçilərini həvəsləndirdi.

1963-cü ilin noyabrında Makarios üç təminatçı ölkəyə müraciət edərək, konstitusiyaya 13 dəyişiklik təklif etdi. Dəyişikliklər prezident və vitse-prezidentin veto hüququnun ləğv edilməsini (bu, türklərin təsir imkanını xeyli azaldacaqdı) və başqa müddəaları nəzərdə tuturdu. Kiprin türk icması bu dəyişikliklərə etiraz etdi və adada gərginlik artmağa başladı.

Dekabrın 21-nə keçən gecə Nikosiyada yunan polisi bir türkün idarə etdiyi taksini saxladı və sərnişin qadınların üstünü axtarmağa cəhd göstərdi. Qaydalara görə, belə halda türk polisin də iştirakı lazım idi. Bu səbəbdən əvvəlcə taksi sürücüsü, sonra da ətrafda yaşayan türklər yığışaraq, etiraz etməyə başladılar. Hadisə yerinə əlavə yunan polislər gəldi. Gərginlik sonda polisin atəş açması və iki türkün ölümü ilə nəticələndi.

Sonrakı dörd gün ərzində yunanlar türk kəndlərinə, paytaxtdakı türk məhəllələrinə, ayrı-ayrı evlərə hücum etdilər. Adada yerləşən Türkiyə alayının tibb xidməti rəisi, minbaşı (mayor) Nihat İlhanın ailəsinə qarşı törədilən cinayət xüsusilə tükürpədici idi. Yunanlar özü evdə olmayan minbaşının arvadını və üç azyaşlı oğlunu öldürərək, cəsədlərini hamamdakı vannada üst-üstə yığdılar.

Dekabrın 25-də qədər davam edən və Qanlı milad (Kanlı Noel) adını alan bu hadisələr zamanı 364 türk və 174 yunan öldürüldü. 25 min türk kiçik və qarışıq kəndlərdən daha çox türkün yaşadığı, demək olar ki, hamısı şimalda yerləşən yaşayış məntəqələrinə köç etdilər. Vitse-prezident Fazıl Küçük, nazirlər, deputatlar da daxil bütün türklər Kipr dövlət qurumlarında iştirakı dayandırdılar. 

BMT Təhlükəsizlik Şurasının 186 saylı qətnaməsinə əsasən 1964-cü ilin martında Kiprdə Kiprin yunan və türk hissələrini (paytaxt Nikosiya da daxil) ayıran “yaşıl xətt” üzrə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirildi. Beləliklə, əslində adanın ikiyə bölünməsi hələ o zaman baş verdi.

*** 

Sülhməramlı qüvvələrin yerləşdirilməsinə baxmayaraq, adada gərginlik dalğavari şəkildə qalxıb enirdi. Mayın sonlarına doğru türklərə hücumlar yenə çoxaldı. Türk yaşayış məntəqələri getto halına gəlmişdi, sakinlər onları mühasirəyə alan yunanların icazəsi ilə girib çıxa bilirdilər. 

İsmət İnönünün baş nazir olduğu Türkiyə hökuməti əzələ nümayiş etdirir, adaya hərbi müdaxilə edəcək kimi görünməyə çalışırdı. Əslində isə Türkiyənin desant əməliyyatı üçün yetərincə texnikası yox idi. Üstəlik, prezident olduğu dövrdə Türkiyəni İkinci dünya müharibəsindən kənarda saxlamağı bacarmış İnönü hərbi yola əl atmağa heç istəkli deyildi.

Baş nazirin göstərişi ilə xarici işlər naziri Feridun Cemal Erkin ABŞ-ın Ankara səfirini dəvət etdi və bir müttəfiq kimi ona məlumat verdi ki, Türkiyə Kiprə qoşun çıxarmağa hazırlaşır. Bu addımı atmaqda məqsəd Vaşinqtonu duruma əl qoymağa, Yunanıstan və Türkiyə kimi iki NATO ölkəsi arasında vasitəçi olmağa sövq etmək idi.

ABŞ prezidenti Lindon Consonun reaksiyası özünü çox gözlətmədi. İnönünün gözləntiləri də özünü doğrultdu. Ağ ev sahibi yazdığı məktubda adaya müdaxiləni yolverilməz hesab edir, İsmət İnönünü və Yunanıstanın baş naziri Georgios Papandreunu danışıqlar üçün Vaşinqtona dəvət edirdi.

Bununla belə, məktub çox qaba, qeyri-diplomatik və minnətli tərzdə yazılmışdı. Conson “illər boyunca Türkiyəni ən sağlam şəkildə dəstəkləmiş” ABŞ-ın son anda xəbərdar edilməsini doğru saymır, Kiprə müdaxilə zamanı Amerika silahlarından istifadəni qadağan edir, ən əsası da SSRİ-nin Türkiyəyə hücum edəcəyi halda NATO-nun işə qarışmayacağını bildirirdi.

İkinci dünya müharibəsindən sonra yüksələn xətlə inkişaf edən ABŞ-Türkiyə münasibətləri ilk dəfə məhz bu zaman çat verdi. Ankara birmənalı şəkildə Vaşinqtona güvənməyin doğru olmadığını anladı. Sonralar Türkiyə ictimai rəyində ciddi cərəyana çevriləcək antiamerikanizmin toxumunu ABŞ prezidenti özü səpdi. 

İyunun 22-23-də İnönü ABŞ-a səfər etdi. Papandreunun da həmin vaxt Vaşinqtonda olmasına baxmayaraq, üçlü görüş baş tutmadı. Conson baş nazirlərlə ayrı-ayrılıqda görüşdü. Bununla belə, Ağ evin Kipr məsələsində Sürix-London razılaşmalarını əsas tutduğunu bildirməsi Türkiyənin xeyrinə oldu.

Buna baxmayaraq, avqustun 6-da  yunanlar türklər üçün çox önəmli məntəqə olan Kokkina (Erenköy) limanına hücum etdilər. Müdafiəçilərin vəziyyətinin ağır olduğunu görən Türkiyə hökuməti yenə hərbi-hava qüvvələrinə xəbərdarlıq uçuşu etməyi tapşırdı. Amma yunanlar bu dəfə dayanmadılar. Avqustun 9-da 64 türk təyyarəsi yunanların mövqelərini bombaladı, atəşə tutdu. Əməliyyat zamanı türk təyyarələrindən biri vuruldu, katapult vasitəsilə təyyarəni tərk edən Cengiz Topel yunanlara əsir düşdü və dəhşətli işgəncələrlə öldürüldü.

Türk aviasiyasının müdaxiləsi yunanların hücumunu dayandırdı. Bundan sonrakı üç il ərzində nisbətən sakitlik oldu.

*** 

1967-ci il aprelin 21-də Yunanıstanda hərbi çevriliş bax verdi və polkovniklər xuntası quruldu. Rejimin rəhbəri Georgi Popadapulos Kipr məsələsində daha aqressiv mövqe tutdu. Adanın müstəqillik qazanmasından sonra buraxılan EOKA-nın keçmiş rəhbəri Georgios Qrivas Kiprə qayıtdı. Üstəlik, minlərlə Yunanıstan hərbçisi, anlaşmaların ziddinə olaraq, adaya göndərildi.

Bu dövrdə prezident Makarios artıq başqa mövqe tuturdu. Yunanıstanda hərbi xuntanın hakimiyyətə gəlməsi ürəyincə deyildi və onun əmrlərini yerinə yetirmək istəmirdi. Digər tərəfdən də anlamağa başlayırdı ki, mövcud şəraitdə enozis heç cür mümkün deyil. Makarios “arzulananla deyil, mümkün olanla” qane olmağa çağırırdı. 

Noyabrın 15-də yunan qüvvələr Kiprin cənubunda hələ də mövcud olan tək-tük türk kəndlərindən ikisinə – Boğaziçi və Geçitkaleyə hücum etdilər və 24 türkü öldürdülər. Bununla da növbəti, 1967-ci il Kipr böhranı başladı.

Ankarada yenidən Kiprə qoşun çıxarmaq məsələsi aktuallaşdı. Amma baş nazir Süleyman Dəmirəlin Baş qərargahda keçirdiyi müşavirə zamanı məlum oldu ki, amfibiya əməliyyatı üçün Türkiyənin yetərincə nə desant gəmisi, nə nəqliyyat təyyarəsi, nə helikopteri, nə də paraşütü var. Buna baxmayaraq, hökumət blef etməyi qərara aldı.

Bu dəfə də araya Vaşinqton girdi. Prezident Conson müdafiə nazirinin müavini Sayrus Vensi böhranı həll etmək üçün vasitəçi təyin etdi. Ankara, Afina və Nikosiya arasında məkik diplomatiya həyata keçirən Vens Türkiyənin tələblərinin həyata keçirilməsinə nail oldu. Qrivas və Yunanıstan hərbçiləri adadan çıxarıldılar. 

Böhranın diplomatik yolla həll edilməsinə baxmayaraq, Türkiyə hökuməti qərara gəldi ki, bir gün Kiprə müdaxilə qaçılmaz ola bilər və buna hazır olmaq lazımdır. Dəmirəlin göstərişi ilə Gölcükdə hər biri 1 tank və canlı qüvvə daşımağa qadir olan desant gəmilərinin inşasına başlanıldı. Qısa müddət ərzində xarici ölkələrdən 16 nəqliyyat təyyarəsi, 100 helikopter və 15 min paraşüt alındı. 

Bu addımlar 1974-cü ildə Türkiyənin müdaxiləsini asanlaşdırdı… 

Yadigar Sadıqlı