Avropa İttifaqı dövlət çevrilişinə cəhdin qarşısının alınmasının üçüncü ildönümü günü Türkiyəyə qarşı sanksiya tətbiq etdi. Bu günün seçilməsinin nə dərəcədə təsadüfi olduğuna münasibət bildirmək istəməsək də, ictimaiyyətin ölkədə demokratiya və sabitliyin qorunmasını qeyd etdiyi vaxtda belə bir məhdudlaşdırıcı addım heç də xoş hadisə deyildi.
Yenixeber.org: Türkiyə cəmiyyəti demokratik inkişaf yolunu Mustafa Kamal Atatürkün dövründə seçib. Demokratik rejimin bərqərar olması yolunda minlərlə adi vətəndaş, dövlət xadimi və məmuru qurban gedib. Elə İstanbul Böyükşəhər Bələdiyyəsinə təkrar seçkilər Türkiyə Cümhuriyyətinin demokratik inkişaf yoluna sadiq qaldığını təsdiqlədi. M.K.Atatürk 1931-ci il aprelin 20-də seçki ilə bağlı xalqa müraciətində ölkəsinin xarici və daxili siyasətini belə açıqlamışdı: “Yurdda sülh, cahanda sülh üçün çalışırıq”. Bu prinsip Türkiyə Konstitusiyasının xarici siyasətinin təməl düsturu olaraq qalır. Ötən 88 il ərzində heç bir ölkənin ərazisinə təcavüz etməyən, başqa torpaqlarda gözü olmayan Cümhurriyyət son 30 ildə Osmanlı dövlətinin düşmənlərinin dəstəklədikləri terrorçu qruplaşmaların silahlı, qanlı aksiyalarına tuş gəlir.
İyulun 15-də Avropa İttifaqının tətbiq etdiyi sanksiyada da Türkiyə sətiraltı olaraq başqa dövlətin torpağında, Aralıq dənizinin şərqində Kipr adasının şelfində geoloji kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edilir. İttifaqa üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə tətbiq edilən sanksiya əsasında qurum Türkiyə ilə yüksək səviyyəli təmasları və hava daşınması razılaşmasını dayandıracaq, Cümhurriyyətin onlardan 2020-ci ilədək alacağı gözlənilən 145,8 milyon avro kəsiləcək. Qeyd edək ki, İttifaq Türkiyəyə 2014-2020-ci illər üçün 4,4 milyard avroluq maliyyə ayırıb. Bu maliyyə yardımının demokratiya, hüququn aliliyi, təməl hüquqlar, iqlim, enerji, rəqabət mühiti, innovasiya, təhsil, sosial siyasət və başqa sahələrə xərclənməsi nəzərdə tutulub. Hətta qurum Avropa Sərmayə Bankından Ankaraya veriləcək kredit dəstəyini gözdən keçirilməsini də istəyib. Qərarda vurğulanıb ki, qazma işləri davam etdiriləcəyi təqdirdə əlavə sanksiyalar da tətbiq ediləcək. İttifaq hesab edir ki, Türkiyənin apardığı kəşfiyyat işləri Kiprin yunan hissəsinin, Kipr Respublikasının “suverenliyinin pozulmasıdır”.
Türkiyənin Xarici İşlər Nazirliyi isə bildirib ki, şuranın qərarının Aralıq dənizinin şərqindəki fəaliyyətlərinə heç bir təsiri olmayacaq: “Kipr adasında kiprli türklər yunanlarla eyni hüquqa malikdir. Ancaq qərarda kiprli türklərin bu haqqından bəhs edilməyib. Avropa İttifaqı bu qərarda türkləri gözrməzdən gəlib. Bu isə Aİ-nin Kipr məsələsində tərəfsiz olmadığını göstərir”. Sənəddə vurğulanıb ki, Kipr məsələsi həll edilmədən Türkiyənin fəaliyyətini Kipr Respublikası ilə məhdudlaşdırmaq üçün danışıqlara başlamaq da müzakirə mövzusu ola bilməz: “Kipr Respublikası 1963-cü ildən kiprli türkləri təmsil etmədiyi üçün bizim və kiprli türklərin gözündə bir dövlət deyil”. Açıqlamada Kiprin yunan hissəsinin danışıqlar aparacağı qarşı tərəfin Türkiyə deyil, Şimali Kipr Türk Respublikası olduğu vurğulanıb: “Avropa İttifaqı bu reallığı qəbul etmədən, Kipr türklərini azlıq deyil, adanın ortaq sahibi olaraq görmədən Kipr məsələsini anlaması və konstruktiv töhfə verməsi mümkünsüzdür”. Nazirlik 2004-cü il aprelin 26-da adanın birləşdirilməsilə bağlı keçirilən referenduma da toxunaraq o vaxt Avropa İttifaqının kiprli türklərə verdiyi vədə əməl etmədiyini vurğulayıb. Qeyd edək ki, BMT-nin o vaxtkı baş katibi Kofi Annanın adı verilən “Annan planı”na əsasən referendum keçirildi. Bu, ümumxalq səsverməsinin nəticəsinə uyğun olaraq adada federal dövlət yaradılacaqdı. Birləşmiş Kipr Respublikasında nazirlərin ən azı üçdə biri türklərdən ibarət olacaq, prezident və baş nazir postları on aydan bir türklər və yunanlar arasında rotasiya ediləcəkdi. Ancaq kiprli türklərin 64,91 faizi birləşmənin lehinə, yunanların isə 75,38 faizi əleyhinə səs verdi. Avropa İttifaqı birləşmə baş tutmayacağı halda Kipr türklərinin müstəqilliyini tanıyacağına boyun olsa da, sonradan verdiyi vədə əməl etmədi. Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin qazıntı işlərinin davam etdirəcəyini, ərazidə üç gəmilərinin olduğunu və ora dördüncünü də göndərəcəklərini bildirib.
Bəs bu gərginlik niyə yaranıb? Bölgədə nə qədər təbii qaz ehtiyatı var? Aralıq dənizinin şərqində təbii qaz yataqları 2010-cu ildə kəşf edilib. ABŞ-ın “Noble” və “Exxon Mobil” şirkətləri ilə yanaşı, İtaliyanın “ENİ” və Fransanın “Total” şirkətləri ilə Kiprin yunan hökuməti arasında imzalanan müqavilə əsasında bölgədə fəaliyyətlərini davam etdirirlər. “Exxon Mobil”in 2018-ci ildə adanın cənubunda yerləşən 10 saylı parseldə (Kipr türklərinə aid hissədə ayrılaraq sərhədlənmiş ərazi) təbii qaz axtarışına başlaması ilə gərginlik artıb. Bunun ardınca Türkiyə bölgəyə “Fatih” qazma gəmisi və döyüş gəmilərini göndərdi. Bundan sonra Türkiyə Aralıq dənizinin Kiprin türklərə aid hissəsində geoloji kəşfiyyat işləri aparmağa başlayıb. Bir müddət sonra “Yavuz” adlı qazma gəmisi bölgəyə göndərilib. Bundan sonra ABŞ və Avropa İttifaqı Türkiyəyə təzyiqlər göstərməyə başlayıb. Onu da qeyd edək ki, Aralıq dənizinin şərq hissəsi Suriya məsələsi gündəliyə gəldikdən sonra daha da vacib bölgəyə çevrilib. ABŞ, Rusiya, Birtaniya, İsrail və Fransanın orada hərbi dəniz bazası mövcuddur. Türkiyə bölgədəki mövcudluğunu sərhədləmək üçün “Vətən 2019” hərbi təlimi keçirib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin 2010-cu ildə yaydığı hesabata əsasən, Kipr adası ətrafında, o cümlədən Aralıq dənizinin şərqində 8 milyard barel neft, 3,5 trilyon kubmetr təbii qaz ehtiyatı var.
Rusiya Suriyada hərbi əməliyyatlara qoşulduqdan, Türkiyə bu ölkədən “S-400” zenit-raket kompleksi almaq istədiyini bildirdikdən sonra Qərb blokunun Cümhuriyyətə təzyiqləri artıb. Buna səbəb Türkiyə hakimiyyətidirmi? Bir çoxları suala müsbət cavab verə bilər. Ancaq Osmanlı dövləti dağılandan sonra Türkiyəyə edilən hücumlar düşmənin və ona qarşı olan maraqların dəyişmədiyini bir daha təsdiqlədi. ABŞ və Avropa İttifaqı Türkiyəni bölgədə müttəfiq olaraq gördüyünü bildirir. Ancaq davranış bunun əksi olan iddianı irəli sürməyə əsas verir. Deməli, demokratik olmaqla iş bitmir. ABŞ Türkiyəni özünə müttəfiq sayır. Ancaq bu ölkənin hava məkanının müdafiəsi üçün “Patriot”ların verilməsi və ya satılmasını əngəlləyir. Belə olan halda dövlətin təhlükəsizliyini düşünənlər hansı addımı ata bilər? Fikrimizcə, bu məsələdə lazımi addım atılıb. Bunu ABŞ prezidenti Donald Tramp da etiraf edib. Ağ Ev “F-35” qırıcılarının verilməsini yasaqlamaqla Türkiyə Hərbi Hava Qüvvələrinin güclənməsinə mane olur, bu məqsədlə Ankaranın köçürdüyü 1,5 milyard dollardan bəhs belə etmir. Bir blokda təmsil olunanlar həm də yardımlaşmalıdır. Zəifləməsi, ərazisinin NATO blokuna daxil olmayan ölkə tərəfindən işğala məruz qalması, yaxud ərazi bütövlüyünün təhdid edilməsi Türkiyənin müttəfiqlərini qane edərmi? Yaxud həmin müttəfiqlər onun karbohidrogen daşıyıcılarına görə başqalarından asılı vəziyyətə düşməsini istəyərmi? Aralıq dənizinin şərqində qazıntı işləri aparan müttəfiq dövlətlər region ölkəsi olaraq Türkiyənin mövqeyini niyə nəzərə almayıb və ya almırlar? Belə çıxır ki, ABŞ və Avropa İttifaqı strateji tərəfdaşı, müttəfiqi saydığı Türkiyə Cümhuriyyətini güclü görmək istəmir. Onlar yerləşdiyi bölgədə neft və təbii qazı özləri hasil edib Türkiyəyə satmaq istəyirlər. Halbuki onun da bu istiqamətdə fəaliyyət göstərməsinə hər cür səlahiyyəti var. Ona görə də müttəfiqləri Türkiyənin ərazisinin terrorçuların hücumuna məruz qalmasına göz yumur. Hətta Türkiyəyə qarşı olan terrorçulara sığınacaq belə verir, onları hərbi təlimatçılarla təmin edirlər.
Nəhayət, Kiprin yunan hissəsindəki hökumət Şimali Kipr Türk Respublikasının birgə fəaliyyətə dair təklifini rədd edib. Ada türklərə və yunanlara məxsusdursa, o zaman hər iki tərəf onun yeraltı sərvətlərindən istifadə edə bilər. Bu halda təbii sual doğur: yunan tərəfi nə istəyir? 15 il əvvəl referendumda birləşməyə qarşı olanlar bu davranışları ilə Kiprin ancaq yunanlara məxsus olduğu iddiası ilə çıxış edirlər. Onlara bu məsələdə ABŞ və Avropa İttifaqı yardım edir. Əslində, yunanları “ərköyün” edən də onlardır. Cənubi Qafqazda ermənilərin oynadığı rolu, Türkiyəyə münasibətdə yunanlara oynadırlar. Ona görə də son hadisə Cümhuriyyətə qarşı düşmənçilik fəaliyyətinin gizlədilməsinə cəhddir. Müttəfiqlər bu davranışları ilə Türkiyəni karbohidrogen yataqları uğrunda gedən mübarizədə oyundankənar vəziyyətdə qoymaq istəyirlər.