Yenixeber.org: 1878-ci il iyulun 4-də İstanbulda imzalanan konvensiyaya əsasən Osmanlı dövləti Kipr üzərində suverenliyi de-yure özündə saxlamaqla, adanın idarəçiliyini Böyük Britaniyaya verdi. İngilislər bunun müqabilində, Rusiya ilə yeni müharibə baş verərsə, Türkiyəni müdafiə etməyi, üstəlik, hər il 92800 funt sterlinq ödəməyi boyun oldular (bu məbləğ türklərə ödənilmədi, ingilislərə olan borcdan silindi).

Birinci dünya müharibəsi başlayanda türklər və ingilislər düşmən düşərgələrdə yer aldılar və Böyük Britaniya 1914-cü il noyabrın 5-də Kipri ilhaq etdiyini bildirdi. Bir il sonra Yunanıstana təklif olundu ki, əgər Antanta tərəfindən müharibəyə qoşularsa, mükafat olaraq Kipri ala bilər. Amma Afina daxili problemlər üzündən bunu qəbul etmədi. Lozanna müqaviləsinə əsasən Türkiyə adaya iddialarından əl çəkdi. 1925-ci ildə Kipr kral koloniyası (Crown Colony) elan edildi.

1921-ci il siyahıyaalmasına görə, adada 310 175 nəfər yaşayırdı və bunun 244 887 nəfəri (78,8%) yunanlar idi (türklər: 61 339 və ya 19,7%). Təsadüfi deyildi ki, burada Yunanıstanla birləşmək (enozis) ideyası geniş yayılmaqda idi. 

Kipr yunanlarının Britaniya hakimiyyətinə qarşı ilk ciddi aksiyası 1931-ci ildə baş verən Oktyabr hadisələri oldu. Etirazçılar Nikosiyada Hökumət evini yandırdılar. Yerli qüvvələrin azlığını görən Britaniya administrasiyası Misirdən hərbi qüvvələr gətirməli oldu. Hadisələr nəticəsində 7 yunan öldürüldü, 10 nəfər sürgün edildi, 2 mindən çox adam isə cərimədən həbsə qədər cəzalara məruz qaldı. 

İngilislərin sonrakı 10 il ərzində sərt davranışları nəticəsində səngiyən enozis hərəkatı İkinci dünya müharibəsindən sonra yenidən vüsət aldı. 1950-ci ildə Kipr pravoslav kilsəsinin keçirdiyi və türklərin iştirak etmədiyi qeyri-rəsmi referendumda ada yunanlarının 95,7 faizi Yunanıstanla birləşməyə tərəfdar çıxdı.

Bu illərdə Kipr yunanlarının siyasi lideri kimi gənc (1913-cü il doğumlu) keşiş Mixail Muksos önə çıxır. O, 1950-ci ildə Kiprin arxiyepiskopu təyin edildi. III Makarios adını qəbul edən keşiş inauqurasiya nitqində adanı  “ana vətən Yunanıstan”la birləşdirməyənə qədər dinclik bilməyəcəyinə söz verdi.

1954-cü ilin ortalarında Yunanıstan BMT-yə müraciət edərək, Kipr üçün “self-determination” (təyini-müqəddərat) hüququnun tanınmasını istədi. BMT Baş Assambleyası isə dekabrda “Kipr məsələsi üzrə qətnamə qəbul etmənin məqsədəuyğun olmaması” barədə qərar qəbul etdi. 

1955-ci ildə Yunanıstan ordusunun polkovniki, İkinci dünya müharibəsinin təcrübəli veteranı Georgios Qrivas EOKA təşkilatını (Ethniki Organosis Kyprion Agoniston – Kipr Döyüşçülərinin Milli Təşkilatı) yaratdı. Təşkilatın məqsədi britaniyalılara qarşı terror və diversiya aktları təşkil etməklə, onları adadan getməyə məcbur etmək idi. İlk partlayışlar 1955-ci il aprelin 1-də törədildi. Bir neçə aksiyadan sonra ingilis qubernator noyabrın 26-da fövqəladə vəziyyət elan etdi. 1956-cı ilin martında isə III Makarios Seyşel adalarına sürgün olundu. 

Yunanların enozis hərəkatı və EOKA terroru genişləndikcə britaniyalılar adadakı türklərə daha çox söykənməyə başlayırlar. Yunanların EOKA-ya xəbərçilik etməsinə görə polis xidmətinə daha çox türk cəlb edilir, terrorla mübarizənin əsas ağırlığı da onların üzərinə düşür. Bu da iki icma arasında münasibətləri kəskinləşdirir, EOKA-nı türklərə qarşı da terrora sövq edir.

Türkiyə Kiprdə baş verənlərə əvvəlcə o qədər də önəm vermirdi. 1950-ci illərin əvvəllərində Türkiyə və Yunanıstan, məşhur jurnalist Mehmet Əli Birandın təbirincə, bal ayı yaşayırdılar. 1952-ci ilin aprelində baş nazir Adnan Menderes, noyabrında isə prezident Cəlal Bayar Yunanıstana səfər etdilər. Cavab olaraq, yunan kralı Pavel 1952-ci ilin iyununda, baş nazir Aleksandros Papaqos isə 1953-cü ilin iyununda Türkiyəyə gəldilər.

Ankara 1950-ci illərin ortalarından Kipr məsələsinə daha çox diqqət ayırmağa başladı. İlkin yanaşma ondan ibarət idi ki, əgər Britaniya adadan gedərsə, “Anadolunun təbii davamı olan Kipr Türkiyəyə qaytarılmalıdır”. Amma əhalisinin 80 faizi yunan olan adanın Türkiyəyə veriləcəyi ağlabatan deyildi. 1957-ci ilin noyabrında Fatih Rüştü Zorlu yeni xarici işlər naziri olandan sonra Kipr məsələsi Ankaranın gündəminə daha çox oturdu. 

Kipr türklərinin təşkilatlanmasına doktor Fazil Küçük rəhbərlik edirdi. O, 1955-ci ildə Kıbrıs Türktür Partiyasını təsis etdi, iki il sonra “taksim” (bölünmə) şüarını irəli sürdü. Bu prinsipə görə, adada yaşayan türklər ayrıca etnos kimi təyini-müqəddərat hüququna malikdirlər və adada iki – yunan və türk dövləti yaradılmalı idi. Taksimin zəif cəhəti onda idi ki, türklər Kiprin hansısa yerində kompakt şəkildə yaşamırdılar, dörd bir tərəfə yayılmışdılar. Haradasa böyük çoxluq, haradasa nisbi çoxluq, başqa yerlərdə də nisbi və ya ciddi azlıq təşkil edirdilər. 

Fazil Küçükün yaxın silahdaşı olan Rauf Denktaş sonralar verdiyi müsahibəsində taksim ideyasını mənfi qiymətləndirirdi. O, deyirdi ki,  yunanlar Süleyman peyğəmbərin uşağın anasının hansı qadın olması barədə hökmünü xatırlayaraq, Kiprin yunanların olması, buna görə də onun bölünməsinə razı olmamalarını, türklərin isə razı olduqlarını təbliğ edirdilər. 

1957-ci illərin sonlarında Rauf Denktaş, Burhan Nalbantoğlu və başqaları EOKA ilə mübarizə aparmaq üçün TMT (Türk Müqavimət Təşkilatı) yaratmaq barədə qərar qəbul etdilər. Ankarada Fatih Rüştü Zorlu ilə görüşən Denktaş Türkiyə hökumətinin razılığını və silahla yardım barədə vədini ala bildi. Üstəlik, Ankara istefada olan polkovnik Rza Vuruşkanı TMT-yə rəhbər göndərdi. 

***

Böyük Britaniya yunanların müstəqillik və enozis tələblərini neytrallaşdırmaq üçün Kipr məsələsinin müzakirəsinə Türkiyəni cəlb edir. 1955-ci ilin 29 avqust – 7 sentyabr tarixlərində Londonda Kipr məsələsinin müzakirəsi üçün Böyük Britaniya, Türkiyə və Yunanıstanın iştirakı ilə konfrans keçirildi, amma bir nəticə əldə olunmadı. Yunanlar, ümumiyyətlə, hesab edirdilər ki, Kipr Yunanıstan və Britaniyanın problemidir. 

1956-cı ildə Süveyş kanalının Misir tərəfindən milliləşdirilməsi və bunun qarşısını almaq üçün uğursuz cəhddən sonra Böyük Britaniya üçün Kiprin strateji əhəmiyyəti xeyli azaldı. Süveyş böhranından sonra istefa verən Entoni İdenin yerinə baş nazirliyə keçən Harold Makmillan problemin həlli üçün bir sıra təkliflər verdi. 1957-ci ilin martında III Makarios Seyşel adalarından buraxıldı, amma Kiprə gəlməsinə icazə verilmədi. 

1958-ci ilin dekabrında BMT Baş Assambleyası Yunanıstanın növbəti müraciəti əsasında Kipr məsələsini müzakirə etdi, amma ABŞ və Böyük Britaniyanın Türkiyənin mövqeyini dəstəkləməsi səbəbindən sadəcə Kipr məsələsinin “BMT Nizamnaməsinə uyğun olaraq dinc, demokratik və ədalətli həllinə yönəlik cəhdlərin davam edəcəyinə” əminliyini bildirən qətnamə qəbul etdi.

Bundan sonra təşkilatın dəhlizində yunan xarici işlər naziri Evanqelos Averofla rastlaşan  Zorlu həmkarına jest edərək çox yaxşı mübarizə aparmaları münasibətilə təbrik etdi. Bunu əvvəlcə kinayə kimi qarşılayan Averof bir qədər sonra səhv etdiyini anladı. Sabahısı, şənbə günü BMT-nin boş binasında görüşən iki nazir Kipr məsələsini təkbətək müzakirə etdilər və mövqelərin yaxınlaşması yönündə ilk addım məhz o zaman atıldı. Razılaşmanın əsasında “nə enozis, nə taksim: müstəqillik” dururdu. 

1959-cu il fevralın 11-də Sürixdə Böyük Britaniya, Türkiyə və Yunanıstan, eləcə də Kiprin yunan və türk icmalarının nümayəndələrinin iştirakı ilə Kiprin müstəqilliyi, dövlət quruluşu, iki icma arasında hakimiyyət bölgüsü barədə razılıq əldə olundu. 

Sürix razılaşmalarının əsas müddəaları bunlar idi: müstəqil Kipr respublikasının prezidentini yunanlar, vitse-prezidentini türklər seçəcəkdi. Hər ikisinin veto hüququ vardı. 10 nəfərlik hökumətdə 7 naziri prezident, 3 naziri vitse-prezident təyin edəcəkdi. 50 nəfərlik parlamentdə 35 yer yunanlara, 15 yer türklərə məxsus olacaqdı. Adanın 2,7 faizi (Akrotiri və Dekeliya) hərbi baza olaraq Böyük Britaniyada qalırdı. London, Ankara və Afina bu razılaşmaların təminatçısı idilər. Kiprdə 950 nəfərlik yunan və 650 nəfərlik türk hərbi kontingenti yerləşəcəkdi. 

Sürixdən səkkiz gün sonra, fevralın 19-da tərəflər razılaşmanı imzalamaq üçün Londonda toplaşdılar. Gözlənilmədən III Makarios razılaşmaları qəbul etmədiyini, yeni təkliflərinin olduğunu söylədi. Makmillan buna “buraya müzakirələrə deyil, imzalama törəninə yığışmışıq” deyə reaksiya verdi. Yunanıstan baş naziri Konstantin Karamanlis arxiyepiskopa təzyiq edərək bildirdi ki, əgər sənədi imzalamazsa, Yunanıstan Kipr müzakirələrindən çəkiləcək. Çarəsiz qalan III Makarios digərləri kimi sənədi imzalamalı oldu. 

1960-cı il avqustun 16-da Kipr müstəqillik əldə etdi. Makarios prezident, Fazil Küçük də vitse-prezident oldu. Növbəti ayda Kipr BMT-yə qəbul edildi. Amma sonrakı hadisələr göstərdi ki, müstəqillik əldə olunması heç də bütün problemi həll etməyib… 

Yadigar Sadıqlı