Yenixeber.org: II dünya müharibəsindən sonra sosialist düşərgəsinə düşən ölkələrdə kadr islahatları və ideoloji iş aparmaq Kremlin qarşısında duran ən təxirəsalınmaz və vacib məsələlərdən biri olub. Xüsusilə Polşada, Macarıstanda, Çexoslovakiyada siyasi ab-hava daha mürəkkəb olub. Elə bu mürəkkəbləyin nəticəsidir ki, kommunist rejimini tam bərqərar etmək üçün SSRİ Çexoslovakiyada və Macarıstanda məsələləri hərbi yolla həll etmək məcburiyyətində qalıb. Polşada isə vəziyyəti çətinliklə, amma dinc yolla sabitləşdirmək mümkün olub. Məhz Boleslav Berutun Kreml qarşısında son dərəcə itaətkarlığı nəticəsində bu ölkədə SSRİ hərbi əməliyyat keçirməyə ehtiyac duymayıb.
Qatı stalinçi kimi tanınan Boleslav Berut elə sovet liderinin sayəsində də Polşada ən yüksək vəzifələri, Polşa prezidenti, Xalq Radasının və Nazirlər Sovetinin sədri, Polşa Kommunist Partiyası Mərkəzi Komitəsinin və Polşa Birləşmiş Fəhlə Partiyasının baş katibi vəzifələrini tutub.
Boleslav Berut 1892-ci ildə Polşanın Lyubinskaya quberniyasında müəllim ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, bir müddət mətbəədə işləyib. 1912-ci ildən inqilabi hərəkata qoşulan Berut gənc yaşlarından Polşa Sosialist Partiyasının fəal üzvlərindən biri sayılıb. Bu partiya 1918-ci ildən Kommunist Partiyasına çevrilib və Berut partiyada yüksək vəzifələr tutub.
Fəal kommunist 1928-1930-cu illərdə Moskvada beynəlxalq Lenin məktəbində təhsil alıb.
Berut siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub. Sonuncu dəfə isə, 1933-cü ildə o, yeddi il azadlıqdan məhrum edilib.
II dünya müharibəsi başlananda Berut siyasi fəaliyyətini Belarusiyada davam etdirib. O, Polşaya yalnız 1943-cü ildə qayıda bilib. İşğal olunmuş ölkəsində Berut müqavimət hərəkatına qoşulub. 1944-cü ildə Xalq Radasının sədri seçilib.
Müharibədən sonra, 1946-cı ildə hakim Kommunist Partiyası yeni dövlət strurkturunun yaradılması üçün referendum keçirməyi qərarlaşdırıb. Kommunistlər bununla dünyaya Polşada bütün məsələlərin demokratik yolla həll olunduğunu göstərmək istəyiblər. Amma Berut başda olmaqla ölkə kommunistləri öz aralarında kiçik bir təhlil apardıqdan sonra başa düşüblər ki, seçkilər heç də kommunistlərin xeyrinə olmayacaq. Belə çətin məqamda Berut “böyük qardaş”a, Moskvaya müraciət edib.
Kremldə Berut haqqında fikirlər birmənalı olmayıb. Məsələn, onun siyasi fəaliyyəti Vyaçeslav Molotovu qane etməyib. Polşa müzakirələri zamanı o, öz fikirlərinin Stalinə də açıq söyləyib. Stalinin konkret cavabı isə Berut mövzusuna birdəfəlik son qoyub:
- Berut bizə gələcəkdə Polşada siyasi bombaların partlamaması üçün lazımdır.
Beləliklə, Polşada referendumun arzuolunan dərəcədə təşkili üçün polkovnik Palkinin rəhbərliyi ilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyindən böyük bir qrup Varşavaya ezam olunub. Sovet çekistləri öz işlərini dəqiqliklə görüblər. Seçki dairələrinədə “yüksək” peşəkarlıqla ağlasığmaz saxtakarlıqlar edilib. 1990-cı illərdən sonra aparılan araşdırmalardan məlum olub ki, referendumda kommunistlər maksimum 12-15 faiz səs toplayıblar. Amma seçkinin nticələrində bu rəqəm 80 faiz göstərilib.
Berut 5 fevral 1947-ci ildə Polşanın prezidenti seçilib. Sonradan o, həm hakim partiyaya, həm də Nazirlər Sovetinə də rəhbərlik edib.
Berut öz hakimiyyəti illərində Polşada elə bir diktatura rejimi yaradıb ki, bu rejimi hansısa bir ölkə ilə müqayisə etmək olmaz. “Böyük qardaş”a, Stalinə arxalanan Berut sərtlikdə, amansızlıqda heç də ondan geri qalmayıb.
Berutu narahat edən əsas məsələlərdən biri Polşada ordu quruculuğu işi olub. Müharibədən sonra Polşa silahlı qüvvələrindəki acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün o, yenə də Stalinə müraciət edib. Onun sovet liderindən bu dəfəki xahişi marşal Konstantin Rokossovski ilə bağlı olub. Məhz onun xahişi ilə Rokossovski Polşanın müdafiə naziri təyin edilib. Bu təyinat Stalin üçün də sərfəli olub. Belə ki, Polşada hərbi qüvvələrə tam nəzarət sovet liderinə ən yaxın adamın əlinə keçib.
Stalinin vəfatından sonra Berutun siyasi fəaliyyətində nəzərəçarpacaq dərəcədə mülayimləşmə müşahidə olunub. Digər tərəfdən, Polşa lideri Nikita Xruşovla tam anlaşa bilməyəcəyini də yaxşı anlayıb. Artıq belə bir məqamda Berut öz ölkəsinin daxilində nüfuz qazanmağa çalışıb, müxalifət qüvvələri, siyasi mühacirlərlə danışıqlara getməyi lazım bilib, ölkədə sosial islahatların keçirilməsini məqsədəuyğun sayıb. Amma onun bu cəhdləri yarımçıq qalıb.
Berut 1956-cı ilin mart ayında Moskvaya səfər edib. Polşa kommunistlərinin lideri partiyanın XX qiriltayına da dəvət alıb. Məhz həmin qurultayda Xruşovun Stalinin fəaliyyəti ilə bağlı tənqidi çıxışı gününün axşamı mehmanxanada Berutun meyiti aşkarlanıb. Rəsmi versiyada 63 yaşlı Polşa liderinin ölüm səbəbi kəskin ürəktutma, miokard infarkt göstərilib. Qeyri-rəsmi versiyaya görə isə SSRİ-də hakimiyyət dəyişikliyi, Stalini tarixdən silmək siyasəti Berutu o dərəcədə qorxuya salıb ki, o, intihar edib.
Bu hadisənin araşdırılması ilə bağlı Mərkəzi Komitənin katibi Dmitri Şepilovun rəhbərliyi ilə rəsmi komissiya yaradılsa da, komissiyanın işinin nəticələri haqqında ictimaiyyətə məlumat verilməyib.
İlham Cəmiloğlu