Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rusiyadan azərbaycanlıların böyük köçü -Rublun ucuzlaşması qonşu ölkədə çalışan soydaşlarımızı çətin vəziyyətə salıb

Yenixeber.org: Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi ağır sanksiyalardan dolayı rublun məzənnəsi kəskin dəyər itirir. Xatırladaq ki, Avropa İttifaqı, ABŞ Böyük Britaniyanın qəbul etdiyi, dünya iqtisadiyyatında digər önəmli ölkələrin də qoşulduğu sanksiyalara görə, Rusiya Mərkəzi Bankının 430 milyardlıq aktivləri dondurulub, əksər rus bankları  SWIFT sistemindən çıxarılıb.

Ekspertlər bildirirlər ki, Rusiya valyutası dollar, avro və başqa valyutalar qarşısında təxminən 40 faiz ucuzlaşıb və proses sürətlə davam edəcək. Fevralın 28-də isə ucuzlaşma 25 faizdən start götürüb. 

Fevralın 28-də Rusiya Mərkəzi Bankı rublun dəyər itirməsini önləmək üçün faiz dərəcəsini 9.5 faizdən 20 faizə qaldırıb. “Banki.ru”nun məlumatına görə, kommersiya bankları daha aşağı məzənnə təklif edirlər, bir dollar 120-140 rubla satılır.

Azərbaycan Mərkəzi Bankının bu gün yaydığı məlumata görə, Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0.0157 manat (1 manat/63.69 rubl) təşkil edib. Bununla da fevralın 25-i ilə müqayisədə rublun məzənnəsi 21.5 faiz düşüb.

Ekspertlər bildirirlər ki, Rusiyada başlayan maliyyə böhranı Azərbaycana ciddi təsir göstərəcək. Çünki ölkələr arasında iqtisadi əlaqələr kifayət qədər genişdir, qeyri-neft ixracında qonşu ölkə 3 milyard dollarlıq payla ilk yeri tutur. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ən böyük bazarı Rusiyadır. Sahibkarlar, fermerlər hər il tərəvəz, meyvə ixracından yaxşı gəlir götürürlər. Bu ölkədən isə qida məhsulları, yarımfabrikatlar, sənaye və tikinti malları idxal edirik. 

Bundan başqa, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır və çalışır. Onların göndərdikləri vəsaitlər Azərbaycanda sosial vəziyyətin stabilliyinə çox ciddi təsir göstərir, çünki statistik rəqəmlərə görə, pul baratlarının həcmi yüz milyonlarla dollarla ölçülür. Bu vəziyyət digər postsovet ölkələrinə də aiddir. Məsələn, Rusiya Mərkəzi Bankının 2020-ci il üzrə statistik məlumatına görə, pandemiyanın başladığı il fiziki şəxslərin Rusiyadan Azərbaycana göndərdiyi vəsait 298 milyon dollar olub. 

Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin 3 rübü üzrə açıqladığı statistikaya görə, xarici ölkələrdən Azərbaycana 772 milyon dollar pul göndərilib. Bu vəsaitin 53 faizi tək Rusiyanın payına düşür. Rusiyadan Azərbaycana hər ay rəsmi kanallarla ortalama 45 milyon dollardan çox pul göndərilir.

Rublun kəskin dəyər itirməsi şübhəsiz ki, bu ölkədə çalışıb qazandığı gəlirlə Azərbaycandakı ailələrini dolandıran soydaşlarımızın gəlirlərinə kəskin mənfi təsir edəcək. Bunu elə onların özləri də deyir.

Moskvada ticarətlə məşğul olan İsmayıl İsmayılzadə bildirib ki, Rusiya paytaxtında sakitlik müşahidə olunsa da ticarət və maliyyə sektorunda ciddi ajiotaj başlayıb: “Qiymətlər təqribən 50 faiz bahalaşıb, xaricdən mal gəlməsi dayanıb, hazırda əlimizdə, anbarlarda olan məhsulları satırıq. Dünəndən etibarən Türkiyədən də meyvə-tərəvəz gətirilməsində problemlər yaranıb. Əldə etdiyimiz məlumata görə, Rusiya hökuməti Ukraynaya dəstək verdiyinə görə, qardaş ölkədən idxala qadağa qoyub. Belə davam etsə, ticarət təmiz dayanacaq, ancaq yerli məhsulların ümidinə qalacağıq ki, bundan da pul qazanmaq, ailə saxlamaq mümkün deyil”.

Həmsöhbətimiz əlavə edir ki, artıq bəzi azərbaycanlılar əllərində olanı satıb, ölkəyə qayıtmağı düşünür: “Rus rublu “ölür”, bahalaşmadan ilk həftələr rəqəm etibarı ilə çox qazanmaq olar, amma dəyəri yoxdur, artıq qara bazarda dollar 190 rubla satılır, Azərbaycana göndərdiyimiz pul da qəpik-quruşa dəyişdirilir. Yəqin ki, sanksiyalara görə bankla ailələrimizə pul göndərə bilməyəcəyik”.     

Pyatiqorsk şəhərində yaşayan, istixana təsərrüfatı ilə məşğul olan Namiq Həsənov isə deyir ki, vəziyyət təsəvvür olunan ən pis ssenaridən daha ağırdır: “Hər şey bir-birinə qarışıb, camaat başını itirib. Qiymətlər kəskin bahalaşıb, xaricdən məhsul gətirənlərin əksəriyyəti satışı dayandırıb, çünki arxası gəlmir, satılan məhsulun pulunu dollara çevirəndə iş adamları ziyana düşür. Ən əsası, burada çalışıb ailələrinə pul göndərənlər dərindən məyus olublar. Çünki qazandıqları artmır, amma dəyərsizləşir. Hamının Azərbaycanda bir çətən külfəti var, burada bizim əlimizə baxırlar. Belə getsə, Rusiyadan azərbaycanlıların böyük köçü başlayacaq…”  

Ekspertlər bildirilər ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalması, işçi miqrantların bir qisminin geri qayıtması ölkədə sosial vəziyyətə pis təsir edəcək. Çünki bu vəsaitlər real sektoru ayaqda saxlayır, ərzaq, qida məhsulları, tikinti materialları və gündəlik tələbat mallarının alınıb-satılmasına xərclənir. Hökumət vəziyyəti nəzarətdə saxlamalı, məşğulluq, sosial ödənişlər sahəsindəki problemləri həll etməyə çalışmalıdır.(pressklub) 

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam