Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Çətin imza-PROBLEM

Rəqəmsallaşmada monopoliya; Prezident fərmanı 7 ildir niyə icra olunmur?

Yenixeber.org: “Ölkədə 2,3 milyon şəxsdə Asan imza var. Bir ayda abunə və ya xidmət haqqı 2,5 manat təşkil edir ki, bu da 5 750 000 manat edir və kimlərinsə cibinə axır. Yeni nəsil şəxsiyyət vəsiqələrinin cibi (çipi) ona görə boş qalıb”.

Bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov sosial şəbəkədəki hesabında yazıb. Hüquq müdafiəçisi yüz minlərlə insanı və bir neçə dövlət qurumunu əhatə edən ciddi problemə toxunur və ittihamlar irəli sürür. Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin çipinin de-aktiv olması hansısa monopolist şirkətin maraqlarına xidmət edir? Bu vəsiqələr Asan imza-nı tam əvəz edə bilərdimi?    

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Pressklub.az-a bildirib ki, ASAN Xidmət-ə dəxli olmayan Asan imza məhsulu Best Solution və CyberNet şirkətləri, keçmiş Vergilər Nazirliyi və mobil operatorların birgə iştirakı ilə hazırlanıb. Təsisçisi və direktoru xarici vətəndaşdır. 

Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, “Best Solution” adında 3 şirkət qeydə alınıb və onların qanuni təmsilçisi kimi Azərbaycan vətəndaşı göstərilir. Bestsolutions.az saytında isə sözügedən şirkət haqqında fərqli məlumat verilib.  Qeyd olunur ki, Best Solutions şirkətinin təsisçisi və baş direktoru xanım Jana Krimpeddir. 58 ölkədə müxtəlif layihələr icra edən şirkətin 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyi bildirilir.  Xanım Krimped beynəlxalq konfransdakı çıxışlarının birində deyib ki, rəhbərlik etdiyi şirkət ölkə iqtisadiyyatları üçün hüquqi elektron şəxsiyyət sistemlərinin yaradılmasında qabaqcıl rol oynayır. “Elektron qarşılıqlı əlaqə mobilləşdiyi kimi, bizim elektron şəxsiyyət həllərimiz də mobil xarakter daşıyır. Mobil ID və ya m-ID indi elektron şəxsiyyət vəsiqəsinin qızıl standartıdır, pasportu, qələmi və üz-üzə görüşü mobil telefonla əvəz edir”, – o qeyd edib. 

Azərbaycanın ən məşhur “ASAN” brendi altında xidmət təklif edən xarici şirkətin məhsulu – Asan imzanı almaq üçün əvvəlcə ölkədə fəaliyyət göstərən 3 mobil operatordan birinə müraciət edib, müvafiq sim-kart almaq lazımdır. Əldə olunan sim-kartda elektron imza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmək lazım gəlir. ASXM qeydiyyat ərizənizi təsdiqləyir və vətəndaşa aid məlumatı sistemə daxil edir.

Qeydiyyat operatorunun təqdim etdiyi müqavilə imzalandıqdan sonra sertifikatlar aktivləşdirilir və Asan imza (Mobil imza) xidmətindən istifadə başlayır.

Elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. 

Fiziki şəxslərin imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub və vətəndaş ondan yalnız şəxsi identifikasiyası üçün istifadə edə bilər. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Asan İmzanı əldə etmək üçün balansla birgə ilkin xərc 25 manatdır. Daha sonra aylıq 2.5 manat abunə haqqı ödəmək lazımdır, əks halda nömrə de-aktiv olur. Bundan başqa Asan imza 3 ildən bir dəyişdirilməlidir və bu zaman ödənilən rüsum 20 manat təşkil edir.

Kiçik şirkət sahibi olan Samir Əhmədov bildirir ki, Asan imzanın üstünlükləri var, bununla yanaşı, bütün xidmətlərdə ondan istifadə tələbi yersizdir: “Aylıq abunə haqqına da ehtiyac yoxdur, onu sms balansla əvəz etmək olar. Məsələn, ölkədə böyük şirkətlər də, fiziki şəxslər də 2.5 manat aylıq abunə haqqı ödəyirlər. Təsəvvür edin, onların Asan imza ilə gördüyü iş həcmi ilə adi vətəndaşın fəaliyyəti arasında  nə qədər fərq var.  Bundan başqa, sahibkar nəyə görə ƏDV ödənişlərini, DSMF hesabatlarını Asan imza ilə verməlidir, bunu onlayn qaydada öz hesabı üzərində edə bilər axı…”   

Osman Gündüz bildirir ki,  Asan imzanın özü rəqəmsal məhsuldur , amma əldə etmək üçün gərək mütləq oflayn əməliyyatda iştirak edəsən, mütləq xidmət ofislərində saatlarla növbə tutmaq lazım gəlir: “Asan imzanın əsas inzibati operatoru İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. Vətəndaş imza üçün mobil operatordan müvafiq sim-kartı əldə etdikdən sonra bu quruma yaxınlaşmalı və Asan imzanı aktiv edərək, 3 illik sertifikat almalıdır. Bu məqsədlə vətəndaş 25 manat ödəniş etməlidir. 3.5 manat operatorundur, 2.5 manat aylıq ödənişdir və qalan vəsait isə Vergilər Xidmətinə yönəldilir. Bu vəsaitin Dövlət Xidməti, BestSolution şirkəti və operatorlar arasında necə bölüşdürülməsi məlum deyil. ASAN xidmətə dəxli olmayan Asan imzanın ciddi problemləri qalmaqdadır, əldə edilməsi və ödənişi oflayndır və 2 quruma yaxınlaşmaq lazım gəlir. Aylıq ödənişi hədsiz yüksəkdir, mobil imza sahəsində rəqabətli mühit yoxdur, hamıdan, hətta ildə bir dəfə dağlara qoyunları otarmağa aparan çobandan da Asan imza tələb olunur və s”.

O. Gündüz daha sonra bildirir ki, yeni nəsil şəxsiyyət vəsiqəsindəki e-imzanın aktiv edilməməsi də uzun müddətdir həllini gözləyən problemlərdən biridir. “Bu vəsiqələrdəki e-imzanın indiyədək də heç bir əhəmiyyəti yoxdur, heç bir yerdə istifadə etmək mümkün deyil.  Çünki aktivləşdirilməyib. 2014-cü ildə bununla bağlı Prezident fərman verib, lakin indiyədək bu fərman icra edilməyib”, – ekspert əlavə edib. 

Osman Gündüz deyib ki, e-imza bazarında Asan imza-nın hökmranlığında maraqlı olanların müqaviməti daha çox diqqət çəkir:

“Asan imza-nın ASAN Xidmətə heç bir aidiyyatı yoxdur. Sadəcə, bir xarici vətəndaş tərəfindən, görünür ki, “təhlükəsizliyi” təmin etmək üçün bu ad mənimsənilib. Cavabdeh qurum olan keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi e-imzanı aktivləşdirmək üçün hər şeyin hazır olduğunu dəfələrlə bəyan etsə də həmin qeyd olunan maraqlı tərəflər 7 ildir ki, buna imkan verməyiblər. Əvvəlki nazirlər, Əli Abbasov və Ramin Quluzadə dəfələrlə rəsmi açıqlamalar versələr də bu problemi həll edə bilmədilər. Görünür, müqavimət göstərən tərəfin iradəsini qırmağa gücləri çatmadı. Biz də yazmaqdan yorulduq və bir müddət sonra bu məsələ unuduldu”

İndi bu sahədə vəziyyət necədir? Ekspert qeyd edir ki, problem olduğu kimi qalır və nə zaman həll olunacağı məlum deyil: 

“2022-ci il dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün 48.3 milyon manat nəzərdə tutulub. Mobil imza sahəsində Asan imza-nın inhisarçılığı ölkədə rəqəmsallaşmaya ciddi zərbə vurur. Rəqəmsal prosesləri ləngidir. Vətəndaşlarımız rəqəmsal üstünlük qazana bilmirlər. Nə qədər faydalı olsa da, Asan imza-nın inhisarçılığı, əsassız qiymət artımları rəqəmsal transformasiyaya ciddi ziyan vurur, bu dövlət layihəsindən hər ay kimlərsə təxminən 1 milyon manat qazanc götürür. Hazırkı mobil imza inhisarçılığı şəraitində nazirliyin operator olduğu elektron imzaya əlçatanlığın artırılması, yeni bir mobil imzanın istifadəyə verilməsi istiqamətində addımların atılması da məntiqli olardı”

Osman Gündüz daha sonra təkliflərini açıqlayıb: 

“Asan imzanın əldə edilməsi online formaya keçirilsin. İmzanın əldə edilməsi üçün vahid informasiya sistemi hazırlansın və ödənişin də online formada edilməsi imkanı yaradılsın;

Asan imza müddətsiz olaraq verilsin. İstifadəçiyə imkan yaradılsın ki yalnız özünün arzuladığı müddət üçün, online ödəniş edərək, aktivləşdirə bilsin;

Asan imza dövlət layihəsi olduğundan, dövlətin dəstəyindən yetərincə istifadə olunduğundan, sistemin hazırlanıb başa çatmasından sonra onun saxlanması xərclərinin hədsiz az olmasını nəzərə alaraq, aylıq istifadə xərcinin bir neçə dəfə endirilməsi, təxminən 0.5 manat müəyyən edilməsi məqsədəuyğun olardı;

ASAN Xidmət qurumu, dövlət başçısının siyasi iradəsi əsasında formalaşan, onun adı ilə bağlı olan ASAN berindinin Asan imza üzərindən götürülməsi ilə bağlı addımlar atsın;

E-gov sahəsində səlahiyyətli qurum olan ASAN və ya nazirlik elektron imza sahəsində rəqabətli mühit formalaşdırmaq üçün daha bir mobil imzanın reallaşdırılmasını təmin etsin;

Prezidentin 7 il öncə verdiyi Fərmana uyğun olaraq, yeni şəxsiyyət vəsiqələrindəki e-imzaların, nəhayət, aktivləşdirilməsi təmin edilsin. Nazirlik indiyədək də bunu reallaşdıra bilməyib, maraqlı tərəflər bunun reallaşmasına illərdir ki imkan verməyiblər”.

Elçin Eldaroğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam