Dövlət Turizm Agentliyi yaratmaqda məqsəd mədəniyyət və turizm
sahəsində dövlət idarəçiliyini təkmilləşdirməkdir. Agentlik turizm
sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasına, fiziki və
hüquqi şəxslər arasında, dövlət orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları arasında koordinasiyaya cavabdehdir.
Yenixeber.org: Bu təşkilatın turizm sahəsinə dair bir sıra başqa öhdəliyi də var.
Görəsən Turizm Agentliyi həqiqətən öhdəlikləri yerinə yetirə bilirmi?
Ataların bir misalı var: “balıq başdan iylənər.” Bu ilin mart ayının 4-də dövlət
başçısı agentliyin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi
nöqsanlara görə şiddətli töhmət elan etdi. Elə həmin gün Dövlət Turizm
Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən şübhəli şəxs kimi tutulub və məhkəmə tərəfindən
barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edim ki, Hesablama Palatasının bu qurumda apardığı və 2021-2024-cü
illəri əhatə edən audit yoxlamasında Faiq Nağıyevin rəhbərlik etdiyi
agentlikdə 18,5 milyon manatlıq maliyyə pozuntusuna yol verildiyi üzə çıxıb.
Mediada yayılmış məlumata əsasən Fuad Nağıyev Dövlət Turizm Agentliyində
aparılan xidməti yazışmaların sızdırılmasına görə şiddətli töhmət alıb.
Bildirilir ki, bu agentlik Azərbaycana qarşı düşmən mövqedə olan
“Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla
əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Dövlət Turizm Agentliyi
sədrinin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara,
ayrı-ayrı şəxslərə ötürüblər. Hətta dövlət orqanları arasında daxili
yazışmaları da xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər
“Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun
Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi
bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Rəna Səfərəliyeva
hamının yaxşı tanıdığı, uzun müddət Xarici Dillər İnstitutunun
(indiki Dillər Universiteti) rektoru olmuş Zemfira Verdiyevanın qızıdır.
Sonda Fuad Nağıyev haqqında bir faktı da bildirim. O, vaxtilə
mədəniyyət və turizm naziri işləmiş, “boz kardinal” Ramiz Mehdiyevin
qruplaşmasının əsas üzvlərindən biri olan Əbülfəs Qarayevin köməkçisi olub.
Sima Babayeva - "DİA-AZ"