Ərdoğan-Putin görüşünün sirrləri açılır: Dünyanın və Cənubi Qafqazın taleyi ilə bağlı önəmli anlaşma…
Türkiyə-Rusiya anlaşmaları bütün dünyanın, eləcə də, Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə müəyyən edə bilər; Regional geopolitik proseslərin isə birmənalı şəkildə Azərbaycan, Türkiyə və Rusiyanın ortaq siyasi iradəsinin nəzarəti altında inkişaf edəcəyi qətiyyən şübhə doğurmur...
Yenixeber.org: Cənubi Qafqazda geopolitik situasiya gərginləşməkdə davam edir. Son günlər həm bölgədə, həm də region ətrafında olduqca ciddi qarşıdurma mühiti yaranıb. Və belə anlaşılır ki, bu gərginlik hələ bir müddət öz mövcudluğunu qoruyub, saxlayacaq.
Mələsə ondadır ki, 44 günlük savaşın nəticələri Cənubi Qafqaz regionunda yeni geopolitik siyuasiya yaradıb. Regionda artıq əvvəlki status-kvo və geopolitik şərtlər öz əhəmiyyətini itirib. Əvəzində isə fərqli geopolitik şərtlər Cənubi Qafqazda yeni regional oyunçuların siyasi iradəsi güclənib.
Təbii ki, yeni regional situasiya bəzi beynəlxalq qüvvələrin və bölgəətrafı dövlətlərin maraqlarına qətiyyən cavab vermir. Ona görə də, bu regiona birbaşa aidiyyatı olmayan həmin kənar qüvvələr Cənubi Qafqazda hərbi-siyasi situasiyanı mümkün qədər gərginləşdirməyə və yeni qarşıdurma meyilləri yaratmağa çalışırlar. Və bu proses hazırda müəyyən mənada, “əsəb savaşı” mərhələsində inkişaf etməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya prezidentlərinin sentyabrın 29-da keçirilən Soçi görüşündən sonra bəzi region ətrafı dövlətlərin narahatlığı ciddi şəkildə artıb və onlar ifrat səviyyədə fəallaşıblar. Böyük ehtimalla Ərdoğan-Putin görüşünün nəticələri barədə müəyyən məlumatlara malik olan həmin kənar dövlətlər tamamilə oyundankənar vəziyyətə düşmək üzrə olduqlarına əmindirlər. Və bu səbəbdədn də, tez-tələsik priventiv addımlar atmaq cəhdi ilə geopolitik prosesləri əks istiqamətdə dəyişə biləcəklərinə ümid bəsləyirlər.
Əslində, Ərdoğan-Putin görüşünün nəticələri barədə məlumatların ictimailəşdirilməsində həm Türkiyə, həm də Rusiya maksimum səviyyədə xəsis davranmağa üstünlük verdi. Əldə olunmuş prinsipial anlaşmaların məxfi saxlanması məsələsinə xüsusi diqqət yetirildi. Yalnız hər iki ölkə prezidentinin görüşdən məmnun ayrıldıqlarını qətiyyən gizlətməmələri açıq-aşkar nəzərə çartdı. Və bu, Cənubi Qafqazda maraqları olan bəzi beynəlxalq qüvvələrin əsəblərini tarıma çəkdi.
Görüşdən dərhal sonra rus hərbi ekspert İqor Korotçenko Türkiyə-Rusiya münasibətlərində yeni mərhələnin başlandığına eyham vurdu. O, Türkiyə ilə münasibətlərin birmənalı şəkildə Rusiya prezidenti Vladimir Putin tərəfindən şəxsən tənzimləndiyini vurğuladı. Və bu münasibətlərin pozulmasına cəhd göstərənlərin bütün ümidlərinin növbəti dəfə boşa çıxdığını qabartdı.
Rusiya prezidenti V.Putinin yaxın ətrafına daxil olan və Kremlin əsas ideoloqlarından biri hesab edilən Aleksandr Duqin də Türkiyə lideri R.T.Ərdoğanın Soçi səfərinin nəticələrindən Kremlin məmnun olduğunu gizlətmədi. A.Duqin öz açıqlamalarında Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündən sonra bu iki ölkənin yeni bir yola qədəm qoyduğuna üstüörtülü eyhamlar vurdu. Bu barədə detallara toxunmağa həvəs göstərməyən A.Duqin əldə olunan prinsipial anlaşmaların bütün dünyanın gələcək taleyinə birbaşa təsir göstərəcəyini iddia etməklə kifayətləndi.
Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqaqz ətrafında gərginliyin süni şəkildə artırılmasına göstərilən cəhdlər qətiyyən təəccüb doğurmur. Hər halda, İranın Azərbaycan sərhədləri ətrafında hərbi təlimlərə başlaması və rəsmi Bakını müxtəlif bəhanələrlə təhdid etməsi də müəyyən mənada, Ərdoğan-Putin görüşünə paralellik təşkil edir. İndi rəsmi Tehran az qala Ermənistanın ən ciddi beynəlxalq himayədarı rolunu öz üzərinə götürməyə çalışır.
Maraqlıdır ki, məhz belə bir situasiyada rəsmi İrəvan da açıq-aşkar ikibaşlı oyunlar oynamağa cəhd göstərir. Bir tərəfdən, Türkiyə və Azərbaycan prezidentləri ilə birbaşa təmas imkanları axtarır. Digər tərəfdən isə Ermənistanın Azərbaycanı təhdid edən İranla yaxınlaşmağa başladığı barədə rəy yaratmağa can atır. Və böyük ehtimalla savaşda məğlub olan Ermənistan bununla həm Türkiyə, həm də Azərbaycan prezidentləri ilə birbaşa təmaslar ərəfəsində əlini gücləndirə biləcəyinə ümid bəsləyir.
Ancaq belə ikibaşlı oyunların Ermənistan üçün təhlükəli olduğu da inkaredilməz reallıqdır. Çünki buna qədər rəsmi İrəvan Ermənistanın strateji müttəfiqi olaraq, ABŞ və Rusiyanı ön planda tutmağa çalışırdı. ABŞ-ın İranla münasibətlərini nəzərə aldıqda, Paşinyan hakimiyyətinin rəsmi Tehrana yaxınlaşmaq cəhdlərinin Ağ Evdə necə qarşılana biləcəyini təsəvvür etmək o qədərdə çətin deyil.
Eyni zamanda, bu yaxınlaşmanın Kremldə də narazılıq doğura biləcəyi qətiyyən istisna deyil. Hər halda, Rusiyanın Cənubi Qafqaz regionuna kənar ölkələrin müdaxilə cəhlərinə qıcıqla yanaşdığı qətiyyən sirr deyil. Rusiya hazırda yalnız Türkiyənin regionda əsas oyunçulardan birinə çevrilməsinə tolerant yanaşır. Rəsmi İrəvanın İranı regional proseslərin iştirakçısına çevirmək cəhdləri isə Kremli məmnun edəcək geopolitik manevrlər sırasına daxil ola bilməz.
Onu da qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana son səfəri çərçivəsində verdiyi bəzi açıqlamalar məhz regionda geopolitik situasiyanın daha da qəlizləşdirilməsinə hesablandığı qətiyyən şübhə doğurmur. Belə ki, o, “Cənubi Qafqazda sabitlik formatı”nı kəşf edib və ABŞ, Rusiya, İran, Azərbaycan və Ermənistanın regional əməkdaşlığı gücləndirməli olduğunu vurğulayıb. Və rəsmi İrəvanın yenə də nə qədər avantürist mövqedə olduğu növbəti dəfə ortaya çıxmış olur.
Birincisi, Ermənistan məğlub ölkədir və rəsmi İrəvanın regionda hansısa əməkdaşılıq formatı təklif etmək hüququ ola bilməz. Türkiyəni regiondan kənarda tutmaq arzusu ona regionda geopolitik şərtləri dəyişmək şansı vermir. Və Ermənistan indi təklif verəcək deyil, qarşısına qoyulacaq şərtləri qəbul edəcək ölkə durumundadır.
İkincisi, ABŞ-ın İran və Rusiya ilə eyni əməkdaşlıq formatında təmsil olunmağa razılaşa biləcəyini yalnız avantürist erməni zehniyyatı uydura bilərdi. Ağ Ev İranı ABŞ-ın olduğu heç bir yerə yaxın buraxmaq istəmir. Rusiya isə ABŞ-ın Cənubi Qafqazda geopolitik oyunçu statusu qazanmasına heç bir halda razılaşmaz. Yəni, məqsəd ortaya bir mövzu atıb, onun ətrafında uzunmüddətli mübahisələr yaratmaqdan ibarətdir.
Ancaq rəsmi Bakı belə mübahisələrə imkan vermək niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlaması da bunu birmənalı şəkildə təsdiqləyir. Çünki Prezident İlham Əliyev Cənubi Qafqazda sabitliyin qarantı rolunu yalnız Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında əməkdaşlıq formatının oynaya biləcəyini vurğulayıb. Və bu, avantürizmə meyilli olanlara, eləcə də, regionda aranı qarışdırmağa can atanlara olduqca incə diplomatık mesajdır.
Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda gərginlik yaratmaq və geopolitik prosesləri nəzarətdən çıxartmaq istəyənlərin cəhdləri yenə boşa çıxacaq. Kremlin ideoloqu A.Duqinin də iddia etdiyi kimi, Türkiyə-Rusiya anlaşmaları bütün dünyanın, eləcə də, Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə müəyyən edə bilər. Regional geopolitik proseslər isə birmənalı şəkildə Azərbaycan, Türkiyə və Rusiyanın ortaq siyasi iradəsinin nəzarəti altında inkişaf edəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert