ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər
Ağ Evdə və Yelisey sarayında Azərbaycan-Ermənistan münaqişəsi üzərindən Rusiya və Türkiyəni qarşıdurmaya sürükləməyin planlarını qurmağa çalışırlar; Ancaq əsas toqquşmanın Ermənistana nəzarət uğrunda Rusiya ilə ABŞ-Fransa cütlüyü arasında olma ehtimalı daha real görünür…
Yenixeber.org: Cənubi Qafqazda yeni mərhələ hökm sürür. Artıq bu yeni mərhələnin bütün region üçün həlledici xarakter daşıdığı qətiyyən şübhə doğurmur. Və yalnız region dövlətləri deyil, Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi mərkəzləri də bu reallıqla barışmaq məcburiyyətindədirlər.
Düzdür, hələlik ciddi şəkildə müqavimət göstərənlər də kifayət qədərdir. Xüsusilə də, ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazda hökm sürən yeni geopolitik şərtlərlə barışmaq istəmirlər. Dünyaya adətən, sülh və demokratiya vəd edən bu beynəlxalq siyasi iradə mərkəzləri nədənsə, Cənubi Qafqazda amin-amanlığın sabitliyin yaranma prosesindən ciddi şəkildə narahatdırlar. Hər imkanda bu regionda yeni gərginliyin, hətta savaşın belə, ortaya çıxmasına səbəb ola biləcək addımlar atmağa çalışırlar.
Cənubi Qafqazda maraqları təhlükə qarşısında olan ABŞ, Fransa və Avropa Birliyi hər şeyi geri qaytara biləcəklərinə hələ də ümid bəsləyirlər. Öz ümidlərini doğrultmaq üçün hətta Ermənistanın timsalında “geopolitik oyuncaq” da icad ediblər. Və region məhz rəsmi İrəvanın üzərindən qarışdırmağa çalışırlar.
Ancaq bu üçlüyün öz hədəflərinə çatması qətiyyən asan olmayacaq. Çünki artıq bir çox geopolitik faktorlar onların maraqlarına qarşı yönəlib. Azərbaycan regionun taleyini müstəqil şəkildə həll etmək hüququ qazanıb. Rusiya üçtərəfli anlaşmalarda qarantor rolunda çıxış edir. Bununla da, ATƏT-in Minsk Qrupunun digər iki həmsədrini – ABŞ və Fransanı oyundankənar vəziyyətə salıb.
Üstəlik, Cənubi Qafqazda regionda yeni geopolitik oyunçunun – Türkiyənin də mövqeləri ciddi şəkildə güclənib. İndi Türkiyənin regional siyasi iradəsi Minsk Qrupunun mövqeyini müqayisəedilməz səviyyədə üstələyir. ABŞ, Fransa və Avropa Birliyi nə qədər məmnun olmasalar da, Cənubi Qafqazda fəaliyyət məkanı qazanmaq üçün Azərbaycan, Rusiya və Türkiyənin mövqeyini mütləq nəzərə almaq məcbutiyyətindədirlər.
Bütün bunların qarşılığında ABŞ və Fransanın nüfuzu və təsir imkanları Cənubi Qafqazın geopolitik arenasında ciddi şəkildə zəifləyib, hətta yox səviyyəsinə yaxınlaşmaqdadır. Bunun günahı isə əslində, elə ABŞ və Fransanın üzərindədir. Çünki ABŞ və Fransanın onilliklər boyu Minsk Qrupunun həmsədrləri kimi yerinə yetirdikləri missiya artıq tamamilə iflasa uğrayıb. Hazırda şübhə doğurmur ki, bu iki dövlət münaqişənin həllini məqsədyönlü şəkildə uzatmaqda birbaşa maraqlı olub.
Ancaq həm Ağ Ev, həm də rəsmi Paris Cənubi Qafqaz üzərində öz maraqları çərçivəsində qurmağa çalışdıqları geopolitik oyunlardan imtina etmək niyyətində də deyillər. Fransa prezidenti Emmanuel Makron regional gərginliyin artırılmasında katolizator rolunda çıxış edir. O, həm regionda Fransanın müəmmalı maraqlarını təmin etməyə can atır, həm də ermənipərəst imicini gücləndirməklə, növbəti prezident seçkilərində Fransanın erməni seçicilərinin səslərini almağa çalışır.
Onu da qeyd etmək lazımdır ki, Fransanın Ermənistana dəstəyi Paşinyan hakimiyyəti üçün də böyük önəm daşıyır. Bununla Paşinyan hakimiyyəti bir tərəfdən, regionda Ermənistanın geopolitik müdafiəsinə nail ola biləcəyinə, digər tərəfdən isə, amansız rəqibləri ilə daxili siyasi mübarizədə öz hakimiyyətini qorumaq şansı qazanacağına ümid bəsləyir. Və nəticədə Ermənistanla Fransanın maraqları böyük ölçüdə üst-üstə düşmüş olur.
Təbii ki, Paşinyan hakimiyyətinin Yelisey sarayındakı himayədarları bu reallığı çox gözəl anlayırlar. Ona görə də, Paşinyan hakimiyyəti ilə bu tərəfdaşlığın şərtlərini məhz rəsmi Paris müəyyən edir. Hazırda Yelisey sarayının Paşinyan hakimiyyətindən əsas tələbi ondan ibarətdir ki, ABŞ və Fransa iştirak etmədən keçiriləcək danışıqlar prosesindən mütləq yayınmağa çalışsın. Yəni, rəsmi Paris Paşinyan hakimiyyətinə Azərbaycan və Rusiya ilə danışıqlardan imtina olunmasını təlqin edir.
Eyni zamanda, Yelisey sarayı rəsmi İrəvana Rusiyanın imicinin korlanmasına yönəlik addımların atılmasını da sifariş edir. Nəticədə bir tərəfdən, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhəd bölgəsində intensiv şəkildə hərbi təxribatlar törədir. Digər tərəfdənsə, bu hərbi təxribatların məhz Rusiyanın fəaliyyətsizliyi ucbatından baş verdiyini iddia edir. Bu planlı təbliğat kampaniyası ilə Ermənistan cəmiyyətində Rusiya əleyhinə ənval-ruhiyyənin gücləndirilmıəsinə cəhd göstərilir.
Böyük ehtimalla Rusiya əleyhinə bu təbliğat kampaniyasının nəticələri tezliklə Paşinyan hakimiyyətinin işinə yaraya bilər. Çünki Paşinyan hakimiyyətinin əsas hədəfi Ermənistanı Rusiyanın hegemonluğu altından çıxarıb, ABŞ və Qərbə yaxınlaşmaqdır. Yəni rəsmi İrəvan artıq Rusiyanın “regional oyuncağı” olmaqdan bezib. İndi əsas hədəf ABŞ və Qərbin “regional oyuncağı” oyuncağı olmağın nəticələrini sınaqdan çıxartmaqdır.
Təbii ki, Paşinyan hakimiyyətinin bu hədəfi Fransa ilə yanaşı, ABŞ-ın da maraqlarına cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ABŞ-ın əsas strateji hədəfləri sırasına daxildir. Bunun üçün Ağ Ev son illərdə Gürcüstan üzərindən ciddi və son nəticədə uğursuz olan cəhdlər göstərib. Eyni cəhdlərin Ermənistanın üzərindən təkrarlanmasının isə nə qədər uğurlu cəhd olacağı isə hələlik müəmmalıdır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi Rusiya və Türkiyənin maraqlarının ən kəskin toqquşduğu faktordur. Ağ Ev isə Kreml və rəsmi Ankaranı qarşıdurmaya sürükləmək üçün üzün müddətdir ki, müxtəlif bəhanələrlə israrlı cəhdlər göstərir. Sadəcə, Rusiya və Türkiyənin siyasi dairələrində Ağ Evin bu niyyətini dəqiq bildiklərindən hələlik bu “tələ”yə düşməkdən yayına bilirlər.
Bütün bunlar onu göstərir ki, Ermənistan hazırda ABŞ və Fransanın geopolitik maraqlarının girovuna çevrilib. Rəsmi İrəvan Ağ Evdən və Yelisey sarayından gələn bütün sifarişləri qeyd şərtsiz yerinə yetirir. Bunun əvəzində Ermənistanın nə qazanacağı isə hələlik müəmmalı xarakter daşıyır.
Halbuki onu da nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətinin ABŞ və Fransanın təlimatıları ilə törətdiyi hərbi təxribatlar əslində, olduqca təhlükəli alətdir. Bu alətin törədəcyi nəticələr, xüsusilə də itkilər sonrakı dövrlərə də sıçraya bilər. Və Ermənistanın belə itkilərə tab gətirmək imkanları hazırda demək olar ki, yoxdur.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanı yaxın gələcəkdə çıxa bilməyəcəyi bir “geopolitik labirint”in içərisinə salmağa başlayıb. Əgər, bütün bu baş verənlər son nəticədə ABŞ və Fransanın Rusiya ilə Ermənistan uğrunda toqquşması ilə nəticələrsə, bu ölkə “geopolitik labirint”in dağıntıları altında qala bilər. Və bu halda, Kremlin Ermənistan dövlətçiliyinin mövcudluğunda ümumiyyətlə, maraqlı olmaya biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert