Qazax şəhərində ictimai parklarda tikinti və ticarət fəaliyyəti artmaqda davam edir. Şəhərin nəfəsi sayılan yaşıl zonalar obyektlərlə zəbt olunur, ağaclar betonun içərisində “boğulur”.


Yenixeber.org: Qazaxda insanların istirahət etdiyi parklar, yaşıl zolaqlar və ictimai məkanlar sistemli şəkildə sıradan çıxarılır. Əvvəllər ailələrin, uşaqların və gənclərin dincəldiyi bu ərazilər indi müxtəlif obyektlərlə doludur. İctimai istirahət məkanları şəxsi maraqlara qurban verilir.

Şəkillərdən də aydın görünür ki, park ərazisində iri gövdəli ağaclar tikinti materialları və hörgü divarların arasında ilişib qalıb. Bu mənzərə həm şəhərsalma prinsiplərinə, həm də ekoloji normalara tam ziddir.

Artıq bu vəziyyət təkcə ekoloji deyil, ictimai məsələdir. Şəhərin təmiz havası, insanların dincəlmək hüququ, uşaqların oynaya biləcəyi açıq məkanlar məhdudlaşdırılır. Qazaxda parkların bir-bir yoxa çıxması, şəhərin gələcəyinə yönəlik ciddi təhlükə siqnalıdır.

Maraqlıdır, bu parka yaxın ərazidə yaşayan sakinlər istirahət üçün hara getməlidir? Uşaqlar üçün nəzərdə tutulan bu yaşıllıqlar niyə ticarət məqsədilə zəbt olunur? Bu biabırçı vəziyyət nə vaxta qədər davam edəcək?

Aidiyyəti qurumlara çağırış:

Qazax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəni İrs Agentliyi və digər məsul qurumlar bu məsələyə dərhal reaksiya verməli, parkların qorunması, yaşıllıqların bərpası və qanunsuz obyektlərin sökülməsi istiqamətində tədbirlər görməlidir.

Parklar sadəcə yaşıllıq deyil — onlar şəhərin nəfəsi, insanların haqqıdır. O haqq bu gün betonun, şəxsi maraqların və biganəliyin içində itib gedir.
Park ərazisində iri ağacların hörgü və beton sütunların içində qalması faktı, vəziyyətin acınacaqlı olduğunu bir daha göstərir.

Qeyd edək ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.

Xatırladaq ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Qazaxda bu tapşırığın əksinə hərəkət edilir. Çünki Qazaxda "yaşıl terror" ilk dəfə baş vermir.

Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.(32gun.az)

Ayaz Musaköylü