Yenixeber.org: “Ermənistan, Rusiya və Azərbaycan arasındakı üçtərəfli komissiya dəhliz məsələsini müzakirə etmir”.
Bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda jurnalistlərə açıqlamasında deyib. A.Overçuk qonşu ölkədə keçirilən Ermənistan-Rusiya biznes-dialoqunda iştirak edir. “Dəhliz məsələsi müzakirə olunmur. Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin bərpası müzakirə edilir”, – deyə o, söyləyib.
Overçukun bəyanatı müəyyən anlaşılmazlığa səbəb olub. Azərbaycanda bəzi sosial media istifadəçiləri bunu Rusiyanın Zəngəzurdan keçəcək kommunikasiyaların açılmasından imtina etdiyi şəklində başa düşüb. Belə deyil. Məsələ bundadır ki, Azərbaycan tərəfi “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etsə də, əslində imzalanmış razılaşmalarda belə bir ifadə yoxdur. Məsələn, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsində deyilir:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Moskvada qəbul edilmiş 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanat da məhz 10 noyabr sənədinin 9-cu maddəsinin icrasına yönəlib. Orada baş nazirlərin müavinlərindən ibarət işçi qrupun yaradılması razılaşdırılıb və prioritet məsələ kimi bölgədə avtomobil və dəmir yollarının açılması qeyd olunub.
Maraqlı detal budur ki, indiyədək Azərbaycan dəhliz məsələsini sürəkli gündəmə gətirib, prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında “Zəngəzur dəhlizi” vurğusuna rast gəlmək olar. Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan isə öz növbəsində hər hansı dəhlizdən söhbət getmədiyini, belə bir dəhlizin yaradılmasına razı olmayacaqlarını dəfələrlə bildirib. Amma indiyədək Rusiya bu “söz dueli”nə rəsmi münasibət bildirməmişdi. Hətta güman olunurdu ki, Zəngəzurdan keçəcək yolun dəhliz statusunda olması Rusiyanın da marağındadır və Bakı həm də bu səbəbdən Ermənistanı sıxışdırıb, basqı altına alır. Çünki koridor statusu o demək olacaq ki, həmin ərazidə Ermənistan hökumətinin nəzarət, müdaxilə imkanları olmayacaq, yəni dəhlizdə Ermənistanın qanunları işləməyəcək, orada gediş-gəliş rejimi yalnız Rusiya tərəfindən müəyyən olunaraq tənzimlənəcək, bu isə bölgədə bütün kommunikasiyaları bilavasitə öz nəzarətinə götürmək istəyən Moskva üçün sərfəlidir.
Amma Rusiya hazırkı mərhələdə dəqiqləşdirmə ehtiyacı hiss edərək bu mübahisəyə nöqtə qoymaq qərarına gəldi. Səbəb Türkiyə tərəfinin dəhliz polemikasına daxil olması və bu məsələyə müdaxiləsi ola bilər. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasının 76-cı sessiyasına və “Türk Evi”nin açılışına qatılmaq üçün Nyu-Yorka yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşmək istədiyini deyib. Paşinyan bu istəyini Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə Ankaraya çatdırıb. Ərdoğan cavabında deyib ki, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, müsbət addımlar atmalıdır. O, müsbət addımlar dedikdə əsasən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlaması Türkiyə prezidentinin açıqlamasından bir gün sonraya təsadüf edib, bu səbəbdən bunu ilk növbədə Ərdoğana cavab kimi qiymətləndirmək olar. Əlbəttə ki, Moskvanın emissarı həm də dəhlizdə israr edən Bakıya cavab vermiş olub. Ümumən Moskva Türkiyənin Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğuna aktiv müdaxiləsinə qarşıdır və prosesdə öz nəzarətini aşındıracaq, zəiflədəcək istənilən təşəbbüsə müqavimət göstərir. Ermənistan-Türkiyə yaxınlaşmasının Gürcüstanın vasitəçiliyi ilə baş verməsi də bu qəbildən olan təşəbbüslərdəndir, çünki Gürcüstan müstəqil oyunçu deyil, Qərblə sıx əlaqələrə malik olan tərəfdir. İyun ayında Gürcüstanın vasitəçilyi ilə Azərbaycan və Ermənistan arasında həyata keçirilən diversant və mina xəritələrinin mübadiləsi məhz ABŞ və Avropa Birliyinin müdaxiləsi ilə baş tutmuşdu.
Moskva Ermənistan-Türkiyə əlaqələrinin bərpasına prinsipsə, etiraz etmir, sadəcə olaraq, onun iştirakı olmadan cərəyan edəcək ikitərəfli İrəvan-Ankara, İrəvan-Bakı dialoqlarına qarşıdır. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda keçirdiyi brifinqlərin birində demişdi ki, “biz Ermənistan-Türkiyə əlaqələrinin bərpasına kömək etməyə hazırıq”. Bu sözlərin diplomatik dildən tərcüməsi budur ki, iki ölkə yaxınlaşmaq istəyirsə, bizə müraciət etsin, bu prosesin lideri və arbitri Moskvadan başqası deyil.
Şahin Cəfərli