Ərdoğan -“Cənubi Zəngəzur dəhlizi” deyəndə nəyi nəzərdə tuturdu?
İyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində təhlükəsizlik, hərbi təminat, o cümlədən Zəngəzur dəhlizi kimi bir sıra məsələlərə toxunulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadakı çıxışı zamanı Zəngəzur dəhlizindən söz açarkən “Cənubi Zəngəzur dəhlizi” ifadəsinə yer verib. Bu isə özlüyündə Naxçıvanı qərb rayonları ilə birləşdirəcək Şimal Zəngəzur dəhlizinin də olub-olmayacağı ilə bağlı suallar doğurub.
Yenixeber.org: Məsələni şərh edən politoloq Şahin Cəfərli qeyd edib ki, bəyannamədə hansı Zəngəzur dəhlizindən söhbət getdiyi 2020-ci il 10 noyabr bəyanatında öz əksini tapıb:
“Ondan əlavə başqa bir dəhlizin açılması barədə hələ ki heç bir məlumat yoxdur. Düzü, Şimali Zəngəzur dəhlizi deyə nəyin nəzərdə tutulduğunu bilmirəm, çünki Zəngəzur dəhlizi dedikdə Meğridən keçən həm şosse, həm dəmiryolundan söhbət gedir, ondan başqa ikinci bir yolun necə olacağını barədə fikrim yoxdur.
Şuşa Bəyannaməsində elə üçtərəfli bəyanata istinad olunub. Üçtərəfli bəyanatda isə Rusiya, Azərbaycan və Ermənistan Zəngəzurdan keçən yolun açılma məsələsini də qarşılıqlı öhdəlik götürüblər və bu da şübhəsiz ki, həyata keçiriləcək.
Ermənistan həmin öhdəliyini icra etməyə məcburdur. Bu baxımdan bəyanatda dəhlizin qeyd olunması, əslində, yenilik deyil. Yəqin ki, Ermənistandakı seçkilərdən sonra yeni hökumət formalaşdıqda bu məsələdə müəyyən irəliləyişlərin şahidi olacağıq”.
Ekspert Ermənistanın üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ifadəsinin işlədilməməsi ilə bağlı iddialarına da aydınlıq gətirib:
“Doğrudur, bəyanatda konkret dəhliz sözü yoxdur, lakin Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə Naxçıvanı birləşdirəcək yol və kommunikasiya xətlərinin açılması qeyd olunur. Yəni hər halda məhz dəhliz sözünün olub-olmaması çox da prinsipial əhəmiyyətə malik deyil”.