Prezident İlham Əliyev niyə “sülh yoxdur” dedi: Paşinyan hakimiyyəti panik durumdadır
Rəsmi Bakının səbri tükənir, ən qısa zamanda sülh sazişinin imzalanmasında israr edir; Gözlənilən hərbi təhlükə qarşısında aciz qalan Paşinyan hakimiyyəti yeganə və məcburi seçim variantı ilə üzləşib...
Yenixeber.org: Hazırda Ermənistanda əsas gündəm Azərbaycanla imzalanması gözlənilən sülh sazişi ilə bağlı mövzulardır. Bir müddət öncə bu düşmən ölkənin mətbuatında sülh sazişinin məhz bu ilin payız aylarında imzalanacağı iddia olunmuşdu. Və Ermənistan cəmiyyətində bunun tərəfdarları ilə yanaşı əleyhdarları da kifayət qədərdir.
Ermənistan cəmiyyətində haqlı olaraq, belə bir fikir dolaşır ki, bundan sonra ölkənin inkişaf perspektivləri barədə düşünmək vacibdir. Savaş uduzulub, revanş almaq şansları tükənib. Ona görə də, sərhəd qonşuları ilə dinc və normal münasibətlərin qurulması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari əlaqələrin yaradılması sayəsində Ermənistanın inkişafı, 30 illik blokadadan qaynaqlanın səfalətdən durumundan xilas barədə düşünməyin vaxtı çatıb.
Ancaq buna müqavimət göstərənlər hələ də Ermənistanda öz mövqelərini qoruyub, saxlaya bilirlər. Onların fikrincə, Ermənistanın əsas hərbi-siyasi hədəflərini təhlükə altına atmaq olmaz. Azərbaycanla anlaşma Ermənistana heç bir fayda verməyəcək. Ona görə də, Ermənistan ordusunu bərpa edərək, savaş nəticəsində ölkənin məruz qaldığı itkiləri ən qısa zamanda bərpa etmək lazımdır. Yəni, Ermənistan cəmiyyətində “erməni xəyalları”nı şəxsi rifah naminə “biznesə” çevirən bəzi siyasi dairələr hələ də revanş sərsəmləməsindən uzaqlaşa bilməyiblər.
Əslində, onları Ermənistan və erməni xalqının gələcək taleyi o qədər də düşündürmür. Revanşistləri narahat edən əsas məsələ onları son 30 il ərzində varlandırmış “siyasi biznes” resurslarının birdəfəlik öz əhəmiyyətini itirə biləcəyi ilə bağlıdır. Və bu narahatlıq revanşistləri istənilən avantürist təxribata sövq edə bilər.
Ancaq bu, artıq yalnız Ermənistan üçün böyük təhlükə vəd edir. Zaman və şərtlər ciddi şəkildə dəyişib. Ordusu darmadağın edilmiş Ermənistan siyasi-iqtisadi cəhətdən diz çökdürülmüş vəziyyətdədir. Yeni, müharibə üçün Ermənistanın hər hansı maddi və mənəvi resursu qalmayıb. Ermənistan xarici himayəni də tamamilə itirib. Artıq heç bir dövlət faydasız Ermənistanı müdafiə edərək, Azərbaycanla daha perspektivli münasibətləri riskə atmağa həvəsli deyil.
Təbii ki, rəsmi Bakı da bu reallığı tam dəqiqliyi ilə hesablayıb, lazımi manevrlər etməkdədir. Hətta rəsmi Bakı artıq sülh sazişinin imzalanması məqsədilə Ermənistana təzyiq prosesinə də başlayıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında Ermənistanın gələcək taleyinə yönəlik olduqca önəmli mesajlar mövcuddur.
Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanın inkişafı üçün yeganə yol olduğunu bildirib: “Öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək... Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur”.
Azərbaycan Prezidenti Ermənistana xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, rəsmi İrəvan da bunu qəbul etməlidir və sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Yəni, Prezident İlham Əliyev əslində, Paşinyan hakimiyyətinə Ermənistanın xilas yolunu açıq şəkildə göztərib.
Ancaq rəsmi İrəvan bu önəmli və xoşməramlı çağırışa necə reaksiya verəcəyi hələlik məlum deyil. Hər halda, Paşinyan hakimiyyəti hələlik Ermənistanda tam möhkəmlənə bilməyib. Ona görə də, rəsmi İrəvanın qeyri-konstruktiv davaranışlarına və açıqlamalarına hələ də təsadüf edilir. Və Paşinyan hakimiyyətinin siyasi iradə nünayiş etdirməyə hələ tam hazır olmadığı müşahidə olunur.
Bununla belə, Ermənistan bir qədər tələsməlidir. Çünki rəsmi Bakı Ermənistanın daxili siyasi problemlərinin həllini uzun müddət gözləmək niyyətində deyil. Və mövcud problemlərin sürətlə həll olunmasında, regionun inkişaf mərhələsinə qədəm qoymasında maraqldıır.
Maraqlıdır ki, Azərbaycanın bütün bu məsələlərlə bağlı mövqeyi aydın və konkretdir. Ermənistan istənilən halda, rəsmi Bakının sülh sazişinin hazırlanması barədə çağırışlarına cavab verməyə məcburdur. Və bu məsələnin ən yaxın vaxtlarda yoluna qoyulması qaçılmaz xarakter daşıyır.
Prezident İlham Əliyevin açıqlamasında da bu istiqamətdə müəyyən çağırış mesajları mövcuddur. Ermənistanda parlament seçkilərinin artıq sona çatdığını vurğulayan Azərbaycan Prezidenti rəsmi İrəvandan sülh sazişi ilə bağlı müsbət reaksiya gözlədiyini qabardır: "Çünki, əgər, bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi".
Göründüyü kimi, Azərbaycan Prezidentinin açıqlamasında Ermənistana yönəlik açıq xəbərdarlıq mesajı da yer alır. Dövlət başçısı Ermənistanı sülh və savaş arasında prinsipial seçim etməyə çağırır. Sülh sazişi imzalanana qədər sülh vəziyyətinin olmayacağını bəyanlayır. Yəni, Ermənistan sülh istəyirsə, sülh sazişini mütləq ən qısa zaman ərzində imzalamalıdır.
Maraqlıdır ki, Azərbaycan Prezidentinin bu açıqlamaları Ermənistan cəmiyyətində kifayət qədər ciddi ajotaj yaradıb. Əsas fikirlər ondan ibarətdir ki, rəsmi Bakı öz hədəfinə çatmayacağı təqdirdə, Ermənistan yeni savaş təhlükəsindən xilas ola bilməyəcək. Və bu təhlükədən yayınmağın yollarını tapmaq vacibdir.
Onu da qeyd edək ki, Ermənistanda hələlik sülh sazişinin imzalanması ilə bağlı yüksək səslə dilə gətirilən təkliflərə təsadüf olunmur. Ancaq mövcud situasiyanın Ermənistan üçün dövlətçiliyin itirilməsi ilə bağlı real təhlükəni aktual saxladığı etiraf olunur. ABŞ və Qərbə, eləcə də, Rusiyaya olan dəstək ümidlərinin doğrulmaması isə Ermənistan cəmiyyətində dərin məyusluq yaradır.
Bütün bunlar onu göstərir ki, Ermənistan seçim etmək məcburiyyətində qalıb. Savaş təhlükəsini dəf etməyə hazır deyil. Bunun üçün vacib olan heç bir resurs yoxdur. Yeni savaşın başlaması, hərbi əməliyyatların Ermənistan ərazisində aparılması deməkdir.
Bu, baş verəcəyi təqdirdəsə, Ermənistan növbəti biabırçı hərbi məğlubiyyəti üçün 44 gün gözləmək belə, lazım gəlməyə bilər. Çünki Ermənistanın artıq ordusu mövcud deyil. Yəni, savaş cəmisi bir neçə gün ərzində Azərbaycanın hərbi qələbəsi ilə yekunlaşa bilər. Və rəsmi İrəvan da bu reallığı anlamamış deyil.
Ona görə də, geriyə yalnız bir məcburi seçim variantı qalır. O da ən qısa zamanda Azərbaycanın şərt və tələblərini yerinə yetirməklə, sülh sazişini dərhal imzalamaqdır. Ermənistanı növbəti dağıdıcı savaşdan yalnız bu variant xilas edə bilər. Və hazırda gözlənilən təhlükə qarşısında panik duruma düşdüyü bildirilən Paşinyan hakimiyyətinin bu “geopolitik labirint”dən çıxış yolları axtardığı barədə məlumatlar mövcuddur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert