“İstəmirlərsə, imzalamasınlar, blokadada canları çıxsın!“ -Politoloq
Yenixeber.org: Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli saytımıza müsahibəsi:
- Qabil bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir. Siz bu ehtimalı necə qiymətləndirirsiniz?
- Niyə də imzalanmasın?! Saziş ilk növbədə Ermənistana, ona qədər də Rusiyaya lazımdır. Burada təkcə sülh sazişini nəzərdə tutmuram. Məsələn, Meğri dəhlizinin tikintisi ilə bağlı da sazişi nəzərdə tuturam. Bizimkilər ağızlarından nə düşürsə, onu çeynəyə-çieynəyə təkrar edirlər. “Türk dünyası birləşir, Turan birləşir”,- deyirlər. Bir dayanın görək, 44 kilometrlik dəmiryolu ilə Turan birləşir? Bakı-Tbilisi-Qars dəmiryolu kimi daha gözəl alternativ var da! Qarsdan dəmiryolu çəkilməsinə az qalıb, 2-3 aya çəkib Naxçıvana birləşdirəcəklər. Ermənistanın, Rusiyanın xeyrinə olan bir layihəni şişirdib ediblər Azərbaycan və Türkiyənin qələbəsi. Mən demirəm bizim lehimizə deyil, sadəcə bu, birinci növbədə Ermənistana lazımdır ki, blokadadan çıxsın. İstəmirlərsə, imzalamasınlar, blokadada canları çıxsın.
- Ermənistanın seçkiyə hazırlaşdığı bir ərəfədə Nikol Paşinyanın sülh sazişinə imza atması nə dərəcədə realdır?
- Doğrudan da, çox spesifik bir vəziyyətdir. Bir tərəfdən Paşinyanın opponentləri onu sıxışdırır, torpağı satmaqda ittiham edir. Digər tərəfdən də Moskva sülh sazişinin imzalanması istiqamətində Ermənistana təzyiqlər göstərir. Moskvanın əsas fikri Azərbaycanla birlikdə Meğri dəhlizinin açılmasıdır. Seçkinin nəticələrini yüz faiz proqnozlaşdırmaq mümkün deyil, bu səbəblə ola bilsin ki, seçkiyə qədərki müddətdə sülh sazişinin müddəalarını razılaşdırıb, sərhədlərin demorkasiyasını başa çatdırıb həmin sənədi imzalamaq mümkün olsun. Bununla bağlı Paşinyanda siyasi iradə hiss olunur, hətta onu biruzə verir. Amma şər deməsən, xeyir gəlməz. Bəlkə heç Paşinyan seçkiləri qazanmadı və yerinə “idiot”un biri gəldi, o səbəblə Moskva da proseslərə nəzarət imkanını itirə bilər. Azərbaycan da məcbur olacaq ki, bu ölkədə şahə qalxan millətçilik dalğasının qarşısında Ermənistanla mübarizənin yeni tarixini başlatsın.
- Sülh müqaviləsinin imzalanması Paşinyan hakimiyyəti üçün hər hansısa təhlükə yarada bilərmi? Çünki artıq Ermənistanda aksiyalar başlayıb...
- Etiraz edənlər "Qarabağ klanı"nın bir ovuc nümayəndəsidir. Əhalinin 70 faizi sülh, əmin-amanlıq və iş istəyir. Onlar yaxşı başa düşür ki, müharibə bitib sülh sazişi imzalansa, Paşinyan onları istəkləri ilə təmin edə bilər. Sadəcə Robert Köçəryan, Serj Sarkisyan, Daşnaktsutyun partiyasının üzvləri bölgəni həmişə gərginlikdə saaxlamaq, qana çalxamaqda bir ustadır. Amma Paşinyan o qədər də axmaq adam deyil ki, hər şeyi hesablamasın. Bu məsələdə Rusiya da israr edirsə, deməli, Rusiyanın da dəstəyi olacaq. Sülh sazişi imzalanarsa və Meğri dəhlizinin tikintisi başlarsa, bu, Moskvanın strateji maraqlarına da cavab verəcək.
- Sazişdə əsas müddəalar nədən ibarət ola bilər?
- Sülh sazişinin əsas müddəaları arasında birinci dərəcəli məsələ sərhədlərin dəqiqləşdirilməsidir. Ermənilər bir neçə yerdən Azərbaycan ərazisinin içərisinə girib. Həmin ərazilərdən erməniləri çıxarmaq lazımdır. Qazaxın 7 kəndi, Qaragöl, o cümlədən Gorus rayonunda sərhəd məsələsi var, birinci bunları tənzimləmək lazım gələcək. Meğri dəhlizi ikinci, üçüncü dərəcəli məsələdir. İstənilən sülh məsələsində sərhədlərin dəqiqləşdirilməsi olmadan sülh sazişini imzalamağın heç bir mənası yoxdur.
- Yəni hesab edirsiniz ki, Qazaxın 7 kəndinin, Kərkinin Azərbaycana qaytarılması, Zəngəzur dəhlizinin açılması sazişdə mütləq öz əksini tapacaq...
- Mən qəti surətdə əminəm ki, bu, belə olacaq. Meğri dəhlizi açılmayacağı təqdirdə Laçın dəhlizi bağlanacaq, Laçına gediş-gəlişi Azərbaycan Ordusu tamamilə nəzarəti altına alacaq, vəziyyət gərginləşəcək, müharibə vəziyyəti yenidən yaranacaq. Həmçinin türk qardaşılarımızın köməyilə biz burada məsələlərin tamamilə yeni aspektdə həllinə çalışacağıq. Amma inanmıram ki, dağılmış Ermənistan ordusu belə riskli şəraitdə yenidən müharibə istəsin və yaxud da Rusiyanın başında min problem olduğu təqdirdə yenidən buraya gəlib hansısa addımları atmağa çalışsın. Rusiya görür ki, prosesin içərisinə Fransa da, ABŞ da girməyə başlayıb və bunlar buraya girməklə öz strateji maraqlarını reallaşdırmaq istəyir. Hazır hər şey Rusiyanın əlindədirsə, niyə öz strateji maraqlarını reallaşdırıb Ermənistanı təsiri altında saxlamasın? Hər şey hazırdır, boşqabın içərisindədir, sadəcə istifadə etmək lazımdır. Hesab etmirəm ki, burada təkcə Ermənistan rəhbərinin siyasi iradəsi rol oynayır, çünki Rusiya siyasi rəhbərliyinin də mövqeyi kifayət qədər həlledici əhəmiyyətə malikdir. (yenisabah)