Faşist rəisi sovet xalqına sevdirən aktyor – Andropov da Bronevoya “Müller” deyirmiş
“Mən Müllerə ərə gedərəm, amma Hitlerlə ailə qurmağım mümkünsüz bir məsələdir. Sən bunu nəzərə almalısan”.
Yenixeber.org: “Baharın 17 anı” çoxseriyalı televiziya filminə aktyor seçimi aparılanda Leonid Bronevoyun ikinci dəfə ailə quracağı qadın aktyorun qarşısında bu cür şərt qoyub. Bu, bir zarafat olsa da, Viktoriya Valentinovanın şərti yerinə yetirilib. Belə ki, filmin rejissoru Tatyana Lioznova əvvəlcə Leonid Bronevoya Hitler rolunu təklif edib, amma sınaq çəkilişlərində aktyor bu obraza uyğun gəlməyib. Sonra ona nasist Almaniyasının siyasi polis idarəsinin rəisi Müllerin obrazını yaratmağı həvalə ediblər. Bu rol Leonid Bronevoya böyük uğur gətirib. Elə bir uğur ki, tamaşaçılar onun əsl soyadını unudublar, hamı Leonid Bronevoyu Müller deyə çağırıb. Hətta DTK sədri Yuri Andropov da.
“Baharın 17 anı” Yuri Andropovun ən sevimli filmlərindən biri olub. Filmin yaradıcı heyətinin mükafatlandırılması üçün o, geniş bir siyahı hazırlayıb. Həmin siyahıda hamının ad və soyadı olduğu kimi göstərilib, Leonid Bronevoyun adını isə Andropov Müller kimi qeyd edib.
Leonid Bronevoy 1928-ci ildə Kiyev şəhərində yəhudi ailəsində anadan olub. Atası 1937-ci illərin repressiya dalğasına düşərək sürgünə göndərilib. Sovet-alman müharibəsi başlananda ailə Qazaxıstana təxliyə edilib. Leonid Bronevoy orta məktəbi Çimkənddə bititrib. Sonra Özbəkistan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra aktyor 1962-ci ilə qədər Maqnitoqorskda, Orenburqda, Qroznıda, İrkutskda, Voronejdə dram teatrlarında işləyib. Bu illər ərzində gənc aktyorun teatr fəaliyyətində maraqlı hadisələr də az olmayıb.
Qroznıda dram teatrında işləyəndə Leonid Bronevoy “Kreml zəngləri” tamaşasında Stalinin rolunu oynayıb. Stalinin libasında səhnəyə çıxanda bütün zal ayağa qalxıb, sürəkli alqışlar bir-neçə dəqiqə davam edib. Aktyor bu alqışlardan özünü itirib və tamaşanın sonuna qədər rolunu çox çətinliklə icra edib. Bronevoy növbəti dəfə eyni tamaşada fərqli bir mənzərə ilə üzləşib. Səhnəyə çıxanda zalda ölü sükut hökm sürüb, heç kim onu - “Stalin”i alqışlamayıb. Aktyor tamaşanı çaşqınlıq icində sona çatdırıb. Səhnənin arxasına keçəndə bir-neçə nəfər xüsusi xidmət orqanlarının əməkdaşlarının teatr direktoru ilə sərt danışıqlarının şahidi olub. Bu həmən ərəfə olub ki, Xruşov ölkədə Stalinlə bağlı sərt qərarlar tətbiq edib. Həmin gündən sonra tamaşanın nümayişinə qadağa qoyulub.
“Stalin”dən fərqli olaraq “Lenin” Bronevoyun həyatında əlamətdar hadisə ilə yadda qalıb. 1957-ci ildə aktyor İrkutsk teatrında “Çörək haqqında poema” tamaşasında Lenin rolunu oynayıb. Yaratdığı uğurlu obraza görə aktyora üçotaqlı mənzil veriblər.
“Silahlı və çox təhlükəli” filmində Bronevoy yataq səhnəsini oynayanda çətinliklərlə üzləşib. Onun tərəf-müqabili Lyudmila Sençina olub. Bronevoy həyat yoldaşının bu səhnəyə necə reaksiya verəcəyindən narahat olub və böyük həyəcan keçirib. Səhnə çəkilərkən aktyor tez-tez kadrları yarımçıq qoyub, rejissora suallar verib: “Sevişmə necə alınır?; “Mən yataqda düzgün hərəkət edirəm?”; “Ehtiraslı görünürəm?”. Təngə gələn rejissor ona sərt cavab verib: “Yox, sən kişi kimi hərəkət etmirsən”. Bu iraddan sonra Bronevoy yatağa elə “hücum” çəkib ki, Lyudmila Sençinanın paltarları cırılıb. Film kütləvi nümayişə buraxılanda tamaşaçılar Bronevoyu deyil, Sençinanı qınamağa başlayıblar: “Hondurasda uşaqlar və analar aclıq çəkdiyi bir vaxtda Sençina kişiləri yoldan çıxarır...”
Yuxarida deyildiyi kimi, “Baharın 17 anı” telefilmi Leonid Bronevoyu milyonların sevimlisinə çevirib. Bu filmdən sonra o, dəfələrlə öz pərəstişkarlarına “mən Leonid Bronevoyam” desə də, hamı ona “Müller” deyə müraciət edib.
Bu filmdən sonra Bronevoy küçələrdə sərbəst gəzə bilməyib, pərəstişkarları onu rahat buraxmayıb.
Odessada ezamiyyətdə olarkən aktyor şəhər gəzintisinə çıxmaq istəyib. Tanınmamaq üçün o, paltosunun yaxalığını qaldırıb, iri qara eynək taxıb. Ayaqqabı mağazasının qarşısından keçəndə Bronevoy böyük bir növbə ilə üzləşib. Xarici ayaqqabı satılan mağazada növbə küçə boyu uzanıb, müştərilər arasında mübahisələr yaranıb. Bronevoy ayaq saxlayıb bu səhnəni müşahidə edib. İki qadının mübahisəsi ona daha “maraqlı” gəlib. Mübahisə o dərəcəyə çatıb ki, qadınlardan biri əlindəki qutunu “rəqib”inin başına atmaq istəyəndə qutu Bronevoyun başına dəyib və eynəyi yerə düşüb. Qadın üzrxahlıq etmək üçün ona yaxınlaşıb: “Bağışlayın, Müller, hədəf siz deyildiniz...”
Bronevoy pərəştişkarlarından çoxsaylı məktublar alıb. Onların arasında bir məktub aktyor üçün daha “önəmli” olub. Belə ki, sovet pionerlərinin aktyora yazdıqları məktub belə başlayıb: “Əziz Müller baba...”
Moskvada ümumittifaq komsomolunun “dünyaya sülh” mövzusunda keçirilən yığıncağı zamanı komsomolçular dünyada faşist təşkilatlarının çoxalması məsələsinə toxunublar. Fəal komsomolçulardan biri faşist təşkilatlarının artmasının günahını Bronevoyda görüb: “Günah Bronevoydadır. Faşistləri belə yaraşıqlı və cəlbedici etmək lazım deyildi...”
SSRİ xalq artisti, dövlət mükafatı laeruatı, çoxsaylı orden və medallarla təltif olunan Leonid Bronevoy teatr və kinoda yaratdığı ən kiçik obrazlarda belə böyük səhnə portreti yaratmağa nail olub, sevilən, seçilən aktyorlardan sayılıb.
Məşhur aktyor 2017-ci ildə, 89 yaşına 8 gün qalmış vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu