Blinken israillilərin narahatlığını azaltmayıb –NÜVƏ DÖVLƏTİ OLMAQ ÜÇÜN TEHRANA NEÇƏ İL LAZIMDIR?
Ben Kaspit
“Al-Monitor”, 12.02.2021
Yenixeber.org: ABŞ dövlət katibi Entoni Blinken İranın nüvə bombası üçün kifayət qədər parçalanan material əldə etməsinə həftələr qala biləcəyini söylədikdən bir neçə gün sonra İsrailin illik kəşfiyyat qiymətləndirməsi tamamilə fərqli bir proqnoz təqdim edib. Hərbi Kəşfiyyat İdarəsinin tərtib etdiyi hesabata görə, Tehranın nüvə sıçrayışı qabiliyyəti ən azı 2 ildir. Kəşfiyyat şefi general-mayor Tamir Hayman fevralın 9-da jurnalistlərə verdiyi açıqlamada uranın 90%-lik səviyyəyə qədər zənginləşdirilməsinə qərar verdiyi andan, İranın atom bombasına çatması üçün 2 il lazım olduğunu söyləyib.
Onun qiymətləndirməsi Blinkenin son həftələrdə daha çox gizli aparılan ABŞ-İsrail kəşfiyyat-diplomatiya dueli çərçivəsində bəyanatına birbaşa cavabdır. Blinkenin şərhləri İsrailin narahatlığını azaltmayıb. Əksinə, prezident Co Baydenin İran və ABŞ-ın Tramp rəhbərliyi dövründə geri çəkildiyi nüvə razılaşmasına sürətli bir şəkildə qayıtması ilə bağlı mümkün bir qərar üçün əvvəlcədən bir alibi təmin etmə cəhdi kimi qəbul olunub.
“Blinkenin dedikləri doğru idi, ancaq qismən, – bunu “al-Monitor”-a İsrailin yüksək səviyyəli bir hərbi mənbəyi, adının açıqlanmaması şərti ilə deyib. – Bu, yalnız parçalanan materialla əlaqəli idi, lakin nüvə qabiliyyəti üçün lazım olan bir çox elementlə əlaqəli deyil”.
Mənbə tam zənginləşdirildikdən sonra da uranın hələ nüvə başlığı halına gətirilməməsinə işarə edib, çünki bunun üçün hədəfə çatacaq texnoloji qabiliyyət tələb olunur. İran hələ belə potensiala çatmayıb. Onun nüvə proqramına son illərdə ciddi bir zərbə vurulub: 2020-ci ildə nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi irəliləməni ləngidib və bəlkə də dayandırıb.
Hərbi mənbə bildirib: “İsrailin bu mövzuda nikbinliyi var, vəziyyətin “İran atom bombasının astanasındadır” kimi izah edilməsi səhvdir”.
İsrailin fikri sadədir: 2015-ci ildə imzalanan nüvə sazişinə geri dönməyə ehtiyac yoxdur. O, İranın 2025-ci ildən sonra nüvə dövlətinə çevrilməsini təmin edən bu müqaviləni pis hesab edir. Daha əvvəl də xəbər verildiyi kimi, İsrail, Bayden rəhbərliyinə İrana qarşı sanksiyaları ləğv etməkdən çəkinmək, bunun əvəzinə, İranın ballistik raket imkanlarını məhdudlaşdıracaq yeni, təkmil, 25 illik bir müqavilə bağlamaq üçün təzyiqlər göstərir.
İsrailin yüksək səviyyəli bir müdafiə mənbəyi, adının açıqlanmaması şərti ilə “al-Monitor”-a bildirib: “Amerikalılara bu mövqeyi dəstəkləyən bütün məlumatları təqdim edəcəyik. Onlar İranla əlaqəli məlumatların çoxunun İsrail kəşfiyyatından qaynaqlandığını yaxşı bilirlər”.
Mənbənin sözlərinə görə, İsraillə yeni administrasiya arasında peşəkar səviyyədə təmaslar artıq başlayıb. “Hələ heç bir rəsmi komanda yoxdur, amma amerikalılar bir qərara gəlməzdən əvvəl bizə dərin və hərtərəfli bir dialoq vəd ediblər və bunun belə olacağına inandıq”.
Bu vaxt İsrail-İran cəbhəsində gərginlik davam edir. Fevralın 11-də İsrail təyyarələrinin İraq-Suriya sərhədindəki İran hədəflərini bombaladığı bildirilib. İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi yanvarın 26-da İraq-Suriya sərhədindəki inkişaflara eyham vurub. Milli Strateji Araşdırmalar İnstitutunda çıxış edən Koçavi İran qüvvələrinin sərhədin İraq tərəfində cəmləşdiyini, bölgənin qərb istiqamətində Suriyaya, oradan da Livanın “Hizbullah” təşkilatına silah nəqli üçün cəbhəxana açdığını bildirib.
Buhəftəki həmlə xarici mediada məsuliyyəti öz üzərinə götürməyən İsrailə aid edilib. İran Suriyadakı davamlı hücumlara qarşı demək olar ki, çarəsizdir. “İsrail həssas raket layihəsini dağıtmağa davam etməkdə qərarlıdır”. Bunu “al-Monitor”-a yüksək səviyyəli təhlükəsizlik rəsmisi, adının açıqlanmaması şərti ilə bildirib.
Mənbə son 2 ildə Suriyadakı İsrail hərbi təyyarələrinə 800-ə yaxın raket atıldığını, qlobal müqayisədə bunun misli görünməmiş bir rəqəm olduğunu sözlərinə əlavə edib. “Suriya prezidenti Bəşər Əsəd hər həmləyə görə ağır bir əvəz ödəyir”.
Fevralın 10-da, İraq-Suriya sərhədindəki zərbədən bir gün əvvəl, IDF İsrailin şimal cəbhəsi boyunca manevr keçirib. Koçavi “Hizbullah”a qarşı şimal cəbhəsini müdafiə etmək tapşırığı verilmiş 91-ci diviziyasının hazırlığını yoxlamaq üçün hazırlanmış “Şimşək” kodlu təlimin müşahidəçiləri arasında olub. Ordu təlimdə Livan sərhədindəki son əməliyyat hadisələrdən alınan dərsləri sərgiləyib.
Bu təlim həm də IDF-in “Hizbullah” baş katibi Həsən Nəsrullahın hələ ötən avqustda Dəməşq yaxınlığındakı hava hücumunda komandirlərdən birini öldürməsinə görə intiqamını almaq niyyətində olduğu barədə açıqlamasına cavabı əks etdirir. “Nəsrullah indi müharibə edə bilməz. Başı Livandakı daxili problemlərə qarışıb. Həsən Nəsrullah xalqı qarşında ləyaqətini qorumaq üçün heç olmazsa 1 İsrail əsgərini vurmaq istərdi”.
İsrail ordusu aylar ərzində şimal sərhəd boyunca gərgin və yüksək səviyyəli hazırlığını qoruyaraq, müharibədən yayınıb. “Nəsrullah son 2 ildə İsraillə sürtünmə içində 10 döyüşçünü itirib. 4 mülki livanlı istisna olmaqla, qalanları milis idi, lakin onların hamısı “Hizbullah”la əlaqəli idi. Nəsrullah bu rəqəmi bilir, ancaq bölgəni yandırmaq istəmir. İndi onun müharibəyə ehtiyacı yoxdur”.
Ordunun təlimində müxtəlif ssenarilər, mümkün cavablar nəzərdən keçirilib. Qarşılıqlı düşmənçiliyə baxmayaraq, IDF və “Hizbullah” bu illər ərzində bir-birlərini yaxşı tanıyıb və minimum sürtünmə ilə mürəkkəb bir tənlik hüdudlarında qalmağı öyrəniblər. “Həsən Nəsrullah artıq İran şahmat lövhəsindəki piyada deyil. Onun öz maraqları və düşüncələri var, yəni hərəkətlərinin oxunması asandır”.
Tərcümə: Strateq.az